Tolerantlıq — dini dözümlülük. Yəni digər inanc və əqidələrə dözümlü yanaşma. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüquqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir.

Dözümlülük ideyası heç də yeni deyildir, belə ki, bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olmuşdur. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı olmuşdur. 1648– ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30-illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yetişmədiyini sübut etdi.

Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskusiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstərmişdir ki, “Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamağıdır”, buna əlavə olaraq o qeyd edir ki, “Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir”.

Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: “Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir”.

Məşhur siyasi xadim Mahatma Qandinin qeyd etdiyi kimi, “Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür”. Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir.