Birləşmiş Ştatların yeni sanksiya dalğası ilə üzləşən Venesuelada xam neftin ixracatı az qala iflic olub.

Hökumətinin yeganə real gəlir mənbəyi olan nefti ABŞ-a sata bilməməsi qeyri-demokratik idarəçilikdə ittiham olunan prezident Nikolas Maduronu tələm-tələsik yeni alıcılar axtarışına məcbur edib.

Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlər neftdən gələn maliyyə vəsaitinin ABŞ və onun demokratik müttəfiqlərinin legitim prezident olaraq tanıdıqları Xuan Quaydoya yönləndirməyə xidmət edir.

İstənilən halda səfalət və aclıqla üzləşən, insan haqlarının kobud şəkildə pozulduğu, vətəndaş qarşıdurmasının pik həddə çatdığı Venesuelada əhalinin rifah halının yaxşılaşması yaxın perspektivdə həyata keçə biləcək reallıq təsiri bağışlamır.

Dünyanın neftlə zəngin ölkəsinin bugünkü acınacaqlı durumu iqtisadiyyatları büsbütün qara qızıldan asılı olan və eyni dərəcədə problemlər içində üzən başqa millətlər üçün örnək ola bilər.

“Onilliklər boyu bərbad idarəçilik bir vaxtlar Latın Amerikasının ən varlı ölkələrindən birini iqtisadi və siyasi baxımdan viran qoyub,” Rokio Kara Labrador “Council on Foreign Relations” məcmuəsində yazır.

Müəllif Venesueladakı mövcud durumun səbəblərini ölkə iqtisadiyyatının resurslarının yalnız bir sahəyə istiqamətləndirilməsində görür.

Onun fikrincə, illər boyu nisbətən az gəlirli kənd təsərrüfatı və istehsalat sahələrinin arxa plana keçməsi neftdən asılılığı ifrat həddə çatdırıb.

“Ekstremal hallarda petrodövlət hətta yerli neft hasilatından vaz keçərək xarici hasilatçılara yüksək vergilər tətbiq etməklə qazanc əldə edir.”

Petro-dövlətin əsas gəlir mənbəyi yerli əhalinin hasil etdiyi məhsul və ondan qaynaqlanan vergilər yox, xarici şirkətlərdən axan pul olur.

Labrador “sərvət lənət”-inin idarəçiliyə göstərdiyi naqis təsirlərdən ən başlıcasını məhz hökumətlə vətəndaşlara arasında bağların zəifləməsində görür.

Petro-dövlətin liderləri ölkənin sərvətindən adətən sui-istifadə edərək bu vəsaitlə müxalifəti boğur, yaxud da satın alırlar.

1922-ci ildə Venesuelada zəngin neft yataqları kəşf olunandan sonra başqa iqtisadi sektorların sıxışdırılması prosesi başlandı.

1940-cı illərin sonunda xarici neft şirkətlərindən neftdən alınan qazancın yarısını əldə etməklə Venesuelada hökumətin gəliri qəfildən altı dəfə artdı.

Çoxları bunu sevindirici xəbər kimi yoza bilər. Ancaq dövlətin əlində xalqın içərisindən və ona cavabdeh olmayan qurumlardan gələn resurslar sayəsində bu qədər pulun cəmləşməsi həll etdiyindən daha çox problemlərə yol açırdı.

1958-ci ildə hərbi diktaturalar erasına son qoyan Venesuelada ilk demokratik hökumət bərqərar oldu.

“Həmin il Venesuelanın üç əsas siyasi partiyası “Punti Fijo Paktı” imzaladılar ki, bu, dövlət işlərinə təminat verməklə yanaşı gəlirlərin toplanan səslərə müvafiq partiyalar arasında bölüşdürlıməsini təsbit edirdi,” Labrador yazır. “Hərçənd ki, pakt gələcək diktaturaya qarşı sipər çəkmək məqsədi güdürdü, onun xidmət göstərdiyi funksiya neft gəlirlərinin dövlətin əlində cəmləşməsinə rəvac verdi.”

Tezliklə OPEK-ə üzv olan Venesuelada yüksələn neft qiymətləri özü ilə firavanlıq gətirdi. Ancaq həmin bu iqtisadi firavanlıq rüşvət və korrupsiyanın başqa dağıdıcı təzahürləri ilə müşayiət olunurdu.

1976-cı ildə Prezident Karlos Andres Perezin neft sənayesini “milliləşdirmə”-si (söhbət sadəcə şirkətin dövlət nəzarətinə keçməsindən gedir) və dövlətə məxsus Petroleos de Venezuela S.A. (PDVSA) şirkəti təsis etməsi daha böyük problemərin bünövrəsini qoydu.

Belə ki, 10 il sonra bazarda neft qiymətlərinin kəskin ucuzlaşması iqtisadiyyatın kəskin tənəzzülünə və inflayasiyaya yol açmış oldu.

Elə 1992-ci ildə hərbi zabit və sosialist demaqoq Uqo Çavezin hakimiyyəti gəlişini də məhz neft bumunun ardınca gələn böhran şərtləndirdi.

“Çavez əməkçi sinif arasında öz populyarlığından istifadə edərək prezidentlik səlahiyyətlərini genişləndirdi və ölkəni avtoritarizmə doğru sürüklədi,” Labrador yazır. “O, prezidentlik dönəminə qoyulan məhdudiyyəti ləğv etdi, Ali Məhəkəməyə nəzarəti ələ aldı, mətbuatı təqib etdi, yüzlərlə özəl biznesləri, xarici vəsaitləri dövlət nəzarətinə keçirdi. Həmin ölçülər Çavez öləndən bir neçə il sonra Maduroya diktatura yaratmaq imkanı verdi.”

Müəllifin fikrincə, petro-diktatura probleminin həlli göründüyü qədər də sadə deyil. Norveç kimi neftlə zəngin uğurlu ölkələrdə müşahidə olunan cərəyan göstərir ki, o ölkələrdə ki, demokratik təsisatlar neft kəşf olunmazdan öncə təşəkkül tapıb, orada sərvətdən əldə olunan qazanca ictimai nəzarət daha effektiv olur.

Əgər demokratik infrastruktur yaranmadan ölkədə neft, yaxud başqa qiymətli resurs kəşf olunursa, sərvət lənətindən yayınmaq çətin olur. Ancaq bütün hallarda hökumət – əgər maraq və iradə varsa – prioritet olaraq iqtisadi diversifikasiyaya, uzun dönəmli investisiyalara, özəl sektorun inkişafına önəm verirsə, bu, durumu xeyli yaxşılaşdıra bilər, deyə Kolumbiya Universitetinin professoru Ceffri Saks müşahidə edir. Onun fikrincə, maarifləndirmə və şəffaflıq həyati əhəmiyyət kəsb edir.

Venesuela xalqının üzləşdiyi məşəqqətlər göstərir ki, əvvəllər güman edildiyi kimi neft sərvəti heç də həmişə xalqın rifahına xidmət edir. Əksinə, demokratik idarəçilik təcrübəsi olmayan xalqları bu sərvət çox vaxt diktaturaya və onun özü ilə gətirdiyi səfalətə və ədalətsizliyə məhkum edir.