Yazının nə vaxt və kim tərəfindən kəşf edildiyi bəlli deyil. Ancaq elmi araşdırmalar yalnız Şumerlərə dayanır.

Başqa sivilizasiyanı təsəvvür etmək də mümkün deyil: tarixdə yalnız ən qədim mədəniyyət kimi Şumer mədəniyyəti bizə gəlib çatıbsa, yazını Şumerlərdən o tərəfə keçirmək üçün heç bir elmi dəlil yoxdur.

Yazı, hərflərin səsləri bildirməsinə qədər piktoqrafik, ideoqrafik və sillaboqrafik mərhələdən keçib.

Piktoqrafik («piktus» – şəkil, «qrafo» – yazıram) yazıda fikir şəkillər vasitəsilə ifadə edildiyindən, ona «təsviri/şəkli yazı» da deyirlər. İlkin ehtimal bundan ibarətdir ki, bu yazılar eradan əvvəl 15-50-ci yüzillikdə yaranıb. İlk nümunələrinə də Şumer gil kitabələrində rast gəlinir. Şumerlər – məsələn, ulduz yazmaq üçün ulduz, balıq yazmaq üçün balıq, getməyi bildirmək üçün yeriyən adam və s. şəkillər çəkirdilər.

Yeri gəlmişkən, piktoqrafik yazı nümunələrinə müasir dövrümüzdə də rast gəlmək mümkündür: yol hərəkəti nişanları «piktoqrafik yazı» sayıla bilər , çünki bu «beynəlxalq yazıdır», heç bir dilə məxsus deyil.

Ancaq bu şəkli yazı böyük çətinlik yaradırdı: əvvəla, ona görə ki, şəkilli yazıda işarələr 3-4 min ədəd idi, ikincisi isə hansısa fikri ifadə etmək bəzən qeyri-mümkün olurdu. Həm də bir söz üçün bütöv bir şəkil yaratmaq o qədər də asan məsələ deyildi.

Beləliklə, ideoqrafik («ideo» – fikir, anlayış) yazı yaranmağa başladı. Artıq fikirlər ideoqramlar vasitəsilə ifadə olunurdu, məsələn: ulduz yazmaq üçün daha ulduz şəklini çəkməyə ehtiyac görmürdülər, ulduzu bildirən işarələrdən istifadə etməyə başlamışdılar.

İdeoqrafik yazının da tör-töküntüləri dövrümüzdə istifadə olunur: yazı qaydalarındakı – tire, nöqtə, vergül, drob və s. bu yazının qalıqlarıdır.

Səslərə doğru növbəti addım isə sillaboqrafik yazılardır – hecaların şərti işarələr vasitəsilə bildirilməsi. Sillaboqrafik yazıya görə dildə nə qədər heca vardısa, o qədər də işarədən istifadə olunmalıydı.

Bu yazıya e.ə. 4-3-cü minilliklərdə Şumerlərə aid kitabələrdə rast gəlmək mümkündür. Oxşarlığına görə bu yazıları həm də «mixi yazılar» adlandırırlar.