Joker

    144

    Joker dünyanı niyə təsir altında buraxdı?

    Ona görə ki, bu obraz kütlə içindəki aqressiya alovunu söndürür. Ona görə ki, kütlə əksərən bu cür bədbəxtliklərlə rastlaşır və Jokerdən fərqli olaraq haqsızlıqlara göz yumur. Həm gözü, həm ağzı, həm qulağı, həm də düşüncələri yumdurulur kütlənin. Bu obraz o səbəbdən sevilir ki, joker daha maskalandığını gizlətmir, əksinə, onu hər kəsə nümayiş etdirir, bəşəriyyətə hayqırır: Mən xəstəyəm, mən bədbəxtəm, mən pisəm – bütün bu ifadələrin ardınca yer altından bir səs gəlir: “Mən xəstə adamam, mən…” Və bunun adı -səmimiyyətdir.

    Jokerin milyonları – hipnoz edəcək qədər nəhəng – təsir altında buraxma səbəbi onun fərqindəliyidir. O görür ki, lağ hədəfidir, bilir ki, qarşısındakı riyakar şəxslər onu sevmir, öz mənafeyi üçün sadəcə suistifadə edilir… Məlumdur ki, efir simasına çevrilsə, acgöz eqoların yeminə çevriləcək. Ona başqa alternativ təqdim edilmir və joker belə alternativi özü yaratmağa məcbur qalır: Qatilə –  həm fiziki, həm ideoloji caniyə çevrilir. Onun pilləkənlərdən sərxoş halda enişi həyatının çöküşünü sərgiləyir, Joker içkisiz sərxoşdur, çünki həyat insanın şüurluluq halını əlindən alır.

    Beləcə sufiləşmiş düşüncələri fonunda rəqs edir, fəqət rəqsin başlanğıc və son nöqtəsi yoxdur, ritm yoxdur, duyum yoxdur – joker bədbəxtdir. Kütlənin yanğısı jokerin öz bədbəxtliyini cəmiyyətin baxışlarında güzgü tək əks etdirməsidir. O aparıcı timsalında bəşəriyyəti təhqir edir, onun pisliyi bizim pisliyimizdir, onun həbsi bizim həbsimizdir.

    Sonda Jokerin azadlıqda gəzməsi, qanından təbəssüm yaratması bizim, ritmsiz düşüncə təsiri altında vurnuxanların göz yaşına çevrilmiş – azad – həyatını əks etdirir. Bizi kim ağlayır, kimə ağlayır? Joker Dostoyevskinin bədbəxt insanının efir halıdır. Bu film göstərir ki, biz maska üzərindən taxdığımız maskaların içində itib batmamışıq. Öz evimizdə, güzgü önündə dayanarkən, elə, eyni adamlarıq, həmin miskin tənhalığın qanlı gülüşünə aidik, həyatımızın sahibi olmaq əvəzinə bu ritmsiz həyatın oyununa havalanırıq. Filmin zirvə nöqtəsi məncə məhz həmin enişdir. Bura qədər hər şey aydındır, məlumdur, filmin bizi hansı nöqteyi nəzərdən əks etdirdiyi barizdir, fəqət Joker bizə hansı mesajı çatdırır, bizə nə vəd edir? Nəyi açıqlayır? – Heçliyi. Ölümü. Yoxluğu.

    Filmin bizə verə biləcək dərmanı, dəvası yoxdur. İnsanların əksəriyyəti jokerin boşluqdan qaynaqlanan gülüşündən elə, bu səbəbə görə təsirlənir. Çünki səsi küçələri bürüyən polis maşınları fonunda anarxist cəmiyyətin mərkəzində dayanmış joker obrazının gülüşü filmin ən uğursuz insanı təsviretmə cəhdidir, onun xilası deyil, ona uğur yolu göstəmir, ona zühur edəcək bəşəri ideyaları bəxş etmir, ümid vermir. Joker müasir dünya insanının anarxist istəklərindən dolayı bədbəxt olub öz şəxsiyyətindən qaçmasını əks etdirir, fəqət qaçış yolu göstəmir. Filmin bəşəriyyətə çatdırmaq istədiyi mesaj qrimlənmiş təhqirdir – Sən buna məhkumsan. Və “bu” deyərkən bizə seçim şansı verir – necə təhqir edilmək istəyirsən? Özün seç!

    Buna görə də mən şəxsən belə seçimə – tüpürürəm. Siz özünüzü jokerləşməyə təhrik edə, hətta onu simvolik qəhrəmana çevirə də bilərsiniz. Ancaq bu qədər rəzil bir varlıq mənim kumirim ola bilməz. Filmi izləməyənlər statusu oxumasın. Sonda yazıram ki, artıq gec olsun. Mətni sondan oxuyanlara salam.

     

    Mirçingiz Ağazadə