Yazıçı və peşakar pilot – Antuan de Sent Ekzüperi

135

Antuan de Sent Ekzüperi – fransız yazıçı, peşəkar pilot, filosof və humanist insan. Onun əsl adı – Antuan Mari Jan-Batist Roje de Sent-Ekzüperidir. Yazıçı 29 iyun 1900-cü ildə Leon şəhərində dünyaya gəlmişdir.  Yazıçı tez-tez uçuşla yazıçılığın insana eyni hissləri yaşatdığını vurğulayırdı. Nəsr janrına üstünlük verən Antuan reallıqla fantaziyanı uğurla uzlaşdırırdı.

     Qraf ailəsi

Qraf Jan de Sent-Ekzüperinin ailəsində doğulan gələcək yazıçı ailənin üçüncü övladı idi. Balaca Antuanın 4 yaşı olanda atası dünyasını dəyişir və bundan sonra uşaqların tərbiyyəsi ilə anaları məşğul olur.

1908-ci ildən 1914-cü ilədək Antuan və onun qardaşı yəhudi kolleci olan Le-Manda təhsil alıblar, daha sonra isə qardaşlar təhsillərini artırmaq üçün katolik pansiona üz tuturlar. 1917-ci ildə Antuan paris incə sənətlər məktəbində memarlıq üzrə əlavə təhsil əldə edir.

     Pilot fəaliyyəti

1921-ci ildə Sent-Ekzüperi hərbi xidmətə yollanır və qırıcı aviasiya üzrə ikinci alaya düşür.  Əvvəlcə gənc oğlan təmir emalatxanasında usta kimi çalışır və 1923-cü ildə pilot kurslarını müvəffəqiyyətlə başa vuraraq mülki pilot dərəcəsini əldə edir. Bundan çox vaxt keçməmiş Antuan Mərakeşə yollanaraq hərbi pilot kvalifikasiyası qazanır.

1922-ci ilin sonunda Antuan ilk təyyarə qəzasını keçirir və bu hadisədən sonra gənc  Antuan Parisdə qalmağı qəraraalır və orada ədib fəaliyyətini davam etdirir. Yazıçı kimi Antuan maddi cəhətdən çətinlik çəkirdi və bu səbəbdən vaxtaşırı kitab mağazasında satıcı kimi də işləyirdi.

1926 –cı ildə Antuan yenidən aviasiyaya qayıdır və qəbul olunduğu hava yolları şirkətində bir ildən sonra rəhbər kimi təyin olunur. Elə həmin illərdə onun debüt əsəri sayılan “Pilot” hekayəsi nəşr olunur və bundan sonra Antuan müxtəlif nəşriyyatlarla müqavilə bağlayaraq mütəmadi olaraq hekayələr yazır.

        “Balaca şahzadə”

Yazıçıya məşhurluq qazandıran əsər – “Balaca şahzadə” (əsərdən sitatlar oxumaq üçün bura tıklaya bilərsiniz) əsəridir. Bu gün əsəri uşaqlar və böyüklər eyni həvəslə oxuyurlar. Alleqorik hekayə. İlk dəfə 6 aprel 1943-cü ildə Nyu-Yokda çap olunub.

Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdur, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırır.

Ekzüperi Almaniya Fransanı işğal etdikdən sonra Nyu-Yorka köçür və 1943 ildə “Reynal&Hiçkok” nəşriyyatı tərəfindən ingilis dilində çap olunan “Balaca Şahzadə” kitabı işıq üzü görür, tərcümənin müəllifi – Katerina Vuds. Ardınca fransız dilində də çap olunur. Fransada ilk dəfə 1946 ildə “Edisyon Qaymar” nəşriyyatı tərəfindən çap olunur. “Balaca Şahzadə” 180 dil və dialektlərə tərcümə olunub. İtaliyada friul, Malidə bamana, İspaniyada araon, Kürasaoda kreol və Fransada qaskon dillərinə, təkcə Hindistanda hindi, teluqu, marathi, pəncabi, tamil, malayalam, benqal və konkani, Çində 30-dan və Koreyada 60-dan çox dillərdə nəşrlər var.

Azərbaycan dilinə ilk dəfə 1987-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən Astrid Lindqren və Ceyms Fenimor Kuperin əsərləri ilə birgə çap olunmuşdu, tərcüməçi – Cəfər Bağır. 2001-ci ildə “Əbilov, Zeynalov və oğulları” nəşriyyatı tərəfindən Əziz Gözəlov və Yaqut Qurbanovanın tərcüməsi, 2008-ci ildə isə Fransanın Azərbaycandakı səfirliyinin köməyi ilə yenidən çap olundu.

        Yazıçının müəmmalı ölümü

Ekzüperi ölümün addımbaaddım özünü izlədiyini və seçdiyi riskli yolun günlərin birində onu əbədiyyətə apara biləcəyini yaxşı anlayırdı. İş orasındadır ki, Ekzüperinin qolunun yarısı yaxşı işləmirdi və o, bu səbəbdən təyyarəsini olduqca çətinliklə idarə edirdi. Son uçuşundan bir ay əvvəl qəzaya uğramış və yalnız möcüzə sayəsində ölümdən xilas ola bilmişdi, amma heç kim, hətta onun özü belə, ölümün qəfil və müəmmalı şəkildə gələcəyini gözləmirdi. Bununla belə, o sanki öncədən nə isə hiss etmişdi. Son uçuşdan əvvəl dostu Pyer Dallozu üçün belə bir qeyd qoymuşdu: “Əgər idarə etdiyim təyyarəmi vursalar, onda buna (ölümümə) görə təəssüf etməyəcəyəm”


1944-cü ilin 31 iyulunda Ekzüperi Korsika adasındakı Borqo hərbi hava limanından idarə etdiyi təyyarə ilə havaya qalxdı. Ona düşmən əraziləri üzərində kəşfiyyat aparmaq tapşırılmışdı. Necə deyərlər, tapşırıq olduqca riskli idi. Hərbi təyyarəçilərin dili ilə desək düşmənlə hava döyüşləri ilə müqayisədə kəşfiyyat uçuşlarında sağ qalmaq ehtimalı olduqca az hesab edilirdi, çünki hər an kəşfiyyat təyyarəsini yerdən vurulmaq təhlükəsi gözləyirdi. Bu uçuş onu əbədiyyətə aparan və müəmmalı ölümü ətrafında çoxlu sayda mif və rəvayətlərin yaranmasına səbəb olacaq sonuncu uçuş oldu. Ekzüperi bu uçuşdan bir daha geri qayıtmadı. Onun təyyarəsinin vurulması, qəzaya uğraması və ya özünün düşmən əlinə keçməsi barədə isə uzun illər hər hansı bir məlumat əldə etmək mümkün olmadı.

        Bitməz axtarışlar…

Ekzüperinin hansı şəraitdə həlak olması ilə bağlı axtarışlar uzun müddət bir nəticə vermədi. Buna baxmayaraq, müharibədən sonrakı illərdə Fransa hökuməti Ekzüperinin müəmmalı şəkildə həlak olması ilə bağlı məsələni araşdırdı. Bu məqsədlə faşist Almaniyasının və onun müttəfiqi İtaliyanın hərbi hava arxivləri yoxlanıldı, lakin ən gizli arxivlərdən belə, Ekzüperinin təyyarəsinin vurulması və ya onun əsir alınması barədə hər hansı bir məlumat tapmaq mümkün olmadı. Artıq Ekzüperi ilə bağlı əsl həqiqətin üzə çıxarılmasının mümkün olmayacağını görən Fransa hökuməti sonda axtarışları dayandırmağa məcbur oldu.

Ekzüperinin müəmmalı şəkildə ölməsindən 54 il sonra, 1998-ci ildə gözlənilməz bir hadisə baş verdi. Sentyabr ayının 26-sı idi. Yağış yağır və tez-tez şimşək çaxırdı. Buna baxmayaraq, “Horizonta” adlı balıqçı gəmisinin sahibi Jan Klod Byanko Marsel və Kassis buxtaları arasında balıq ovunu davam etdirirdi. Sonuncu toru çəkərək balıqları göyərtəyə tökən və artıq getməyə hazırlaşan Byankonun gözlənilmədən diqqətini parıldayan bir əşya cəlb etdi. Əvvəlcə, buna fikir vermək istəmədi və parıldayan əşyanı təsadüfən tora düşən bir metal parçası hesab etdi, ancaq bir qədər gedəndən sonra özü də bilmədən geri qayıdaraq parıldayan əşyanı əlinə götürdü. Bu, pas atan köhnə gümüş qolbaq idi. Ehtiyatla qolbağın üzərindəki pası təmizlədi. Qolbağın üzərində əvvəlcə “Antuan”, sonra isə “ Sent-Ekzüperi” sözlərini oxuyanda heyrətdən qışqırdı: “Bu ola bilməz.” Amma qolbağın üzərindəki sözlər açıq-aydın oxunurdu: “Antoine de Sant-Exupery (Consuelo), c/o Reynal and Hitchcock Inc., 4th Avc, N. V City, USA”. Bu tapıntı dərhal beynəlxalq aləmdə böyük əks-sədaya səbəb oldu. Qolbağın saxta olub-olmadığı uzun müddət mütəxəssislər tərəfindən diqqətlə öyrənildi. Sonda onun saxta olmadığı, qolbağın həqiqətən də, Sent-Ekzüperiyə aid olması təsdiq edildi. Qeyd edək ki, qolbaqda adı yazılan Konsuelo Sent-Ekzüperinin həyat yoldaşı, Reynal və Xiçkok isə ədibə böyük şöhrət gətirən “Kiçik şahzadə” əsərini çap edən naşirlər idilər. Ünvan isə adıçəkilən kitabın nəşr edildiyi mətbəənin ünvanı idi.

2008-ci ilin mart ayında isə 1944-cü ildə Korsika yaxınlığında nəzarət uçuşlarını həyata keçirən alman təyyarəçi, 88 yaşlı Horst Rippert bəyan etdi ki, Ekzüperinin təyyarəsini o vurub, ancaq pilotun məşhur yazıçı olduğunu bilməyib.


Lakin buna da inanmaq üçün əldə sübut yoxdur. Necə deyərlər, Ekzüperinin hansı şəraitdə yoxa çıxması bu gün də müəmma olaraq qalmaqdadır.


Ədibin sağlığında ikən yazdığı əsərləri isə bu gün də dünyada ən çox oxunan əsərlər sırasındadır. Buna səbəb onun əsərlərində insana və onu əhatə edən ətraf mühitə olan sonsuz sevgi və məhəbbətin təbliğ edilməsidir. Təsadüfi deyil ki, məşhur yazıçı və təyyarəçi əsərlərinin birində yazır: “Dünyanı ancaq ləyaqət xilas edə bilər, dünyanın ləyaqəti və xilas yolu isə ancaq rəhmli, mərhəmətli olmaqda, yaradılmışların hamısına məhəbbətdə və insanların daxili dünyalarına hörmət edilməsindədir”.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: