“Yeni bir vərdiş qazanmaq üçün 21 gün təkrarlamaq” düşüncəsi haradan gəlir? 1950-ci illərdə estetik cərrah Maxwell Maltz, xəstələrində yeni bir şey kəşf edir. Burunlarına estetik əməliyyat etdiyi xəstələrin yeni üzlərinə alışması üçün 21 gün lazım olduğunu müşahidə edir. Bunu gördükdən sonra “yeni bir vərdiş qazanmaq nə qədər vaxt alır?” sualını verir və bu sualdan və müşahidəsindən yola çıxaraq “Xoşbəxtlik bir vərdişdir” adlı kitabını oxuyucularına təqdim edir. Bəs həqiqətən də yeni bir vərdiş qazanmaq üçün 21 gün kifayətdirmi?
“21 gün” əfsanəsinin niyə yayıldığını anlamaq çətin deyil. Yeni bir vərdiş qazanmaq üçün 3 həftə həm tətbiq etmək üçün az və asan görünür, həm də inanılacaq qədər çox. Kim yeni bir vərdiş üçün 3 həftəyə şübhə edər ki?
Phillippa Lally, “University College London“da sağlamlıq psixologiyası üzrə çalışır. Lally-nin sırf bu mövzuda tətbiq etdiyi bir araşdırma, insanların vərdiş qazanmaq üçün nə qədər müddətə ehtiyac olduğunu sübuta yetirmişdir.
Araşdırma 12 həftə boyunca 96 nəfər ilə aparılmışdır. Hər kəs 12 həftə müddətində özünə fərqli bir vərdiş seçir. Bəziləri “səhər yeməyində 1 stəkan su içmək” kimi asan, bəziləri isə “axşam yeməyindən 15 dəqiqə əvvəl qaçmaq” kimi çətin vərdişlər seçmişdir. Daha sonra isə seçilən vərdişlərin nə qədər müddətə qazanıldığı yoxlanılmışdır. Nəticələr göstərmişdir ki, vərdiş qazanmaq üçün insanların 2 aydan daha uzun bir vaxta ehtiyacları var. Ümumi olaraq götürsək 66 gün, amma vərdiş qazanmaq vərdişin növündən və insanın xarakterindən asılı olaraq 20 və 254 arasında dəyişiklik göstərə bilər.