Ertələmək – təxirə salmaq xəstəliyi

Etməli olduğumuz bir işi başqa vaxta saxlamaq… bir gün, bəlkə də bir il sonraya.

Təəssüflər olsun ki, həyatın hər bir sahəsində ertələmə davranışını tez-tez edirik və bu bizdə artıq bir vərdiş halını almağa başlayır. Bu gün təxirə saldığımız işlər bir çox zaman ciddi problem yaratmasa da, daha sonra qarşımıza böyük problem olaraq çıxa bilər. Bəs dövrümüzün ən çox yayılmış ertələmə (procrastination) xəstəliyinin səbəbləri nədir?

  1. Mükəmməlliyyətçi olmaq

Mükəmməlliyyətçi insanlar etmək istədikləri işin xətasız olmağını istədikləri üçün ən yaxşısını etmək üçün hər zaman sonraya saxlayaraq doğru zamanın gəlməsini gözləyirlər. İşə başlamaq üçün ilham gəlməsini, özünü yaxşı hiss etməyi gözləyirlər.

2. Daha maraqlı məşğuliyyətlər

Tutalım ki, etməli olduğunuz bir iş var, lakin siz “bu gün bu sıxıntılı işi görmək istəmirəm” deyə düşünüb həmin işdən yayınırsınız. O işi etmək yerinə daha maraqlı, əyləncəli və sizə zövq verən fəaliyyətlərə yönəlirsiniz.

Məsələn, bir universitet tələbəsi dərs oxumaq yerinə dostları ilə  mesajlaşmaq, kompüter oyunları oynamağı üstün tutaraq etməli olduğu işi sonraya saxlayır.

3. Qorxu və qayğı

Etməli olduğunuz iş ilə bağlı içinizdə qorxu və qayğı varsa, həmin işi etməkdən çəkinə bilərsiniz. “Bəlkə uğursuz olacam?” düşüncəsi insanın işini ertələməsinə səbəb ola bilər. Çünki uğursuzluğu yaşamaq, onu ertələməkdən daha çətindir. Görməli olduğunuz işin gedişinə fokuslanmaq əvəzinə onun nəticəsinə fokuslanırsınızsa, bu sizdə qorxu hissi yaradacaq.

4. Çox vaxt tələb etməsi

Tutalım ki, artıq çəkilərinizdən azad olmaq istəyirsiniz, lakin diyetə başlamaq və idman edərək istədiyiniz görünüşə sahib olmaq üçün ən azı bir ilə ehtiyac var. Xəyal etdiyiniz görünüşə isə bir il gözləmək yerinə daha tez sahib olmağı istəmək də onu ərtələməyinizə səbəb olur.

Bəs bu davranışdan qurtulmaq üçün nə etmək lazımdır?

  • İlk olaraq ertələdiyiniz nə varsa, onları bilin. Boş bir kağız götürün ortadan xətt çəkin. İlk sütuna ertələdiyiniz şeyləri, ikinci sütuna isə niyə ertələdiyinizin səbəbini yazın.
  • Daha sonra ertələdiyiniz şeyləri vaciblik sırasına görə düzərək təzədən yazın. Artıq əlinizdə bir siyahı var. İndi isə onları necə görəcəyinizi planlayın. Bir gün və vaxt təyin edin. İşi hissələrə bölərək və aralarında fasilələr verəcək şəkildə planlayın. İşləri etdikcə yazdığınız və planladığınız siyahıda üzərindən xətt çəkin. Bu metod əslində gözünüzdə böyütdüyünüz işlərin o qədər də çətin olmadığını başa düşməyinizə kömək edəcək.
  • Ertələmə vərdişinin öhdəsindən gəlmək üçün “başlamaq” kifayətdir. İlham gəlməsini və ya kefinizin bu iş üçün uyğun olmağını gözləyirsinizsə, bilin ki, elə bir vaxt gəlməyəcək. Araşdırmalar göstərmişdir ki, işin ilk addımını atmaq insanı xoşbəxt edir və digər addımları atmaq üçün isə motivasiyalı olmağımıza səbəb olur. Siyahınızdakı işləri addım-addım etməyə başlayın, bu vərdişin öhdəsindən gəldiyinizi özünüz görəcəksiniz.
  • Son olaraq, özünüzü gördüyünüz işlərə görə mükafatlandıraraq motivasiyanızı yüksək tuta bilərsiniz.
Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry