1. Ac acı dalayar, tox toxu yalayar.

    2. Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.

    3. Acın imanı olmaz, toxun amanı.

    4. Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.

    5. Adam adamdı olmasa da pulu, eşşək eşşəkdi olmasa da çulu.

    6. Adam var adamların naxışıdı, adam var eşşək ondan yaxşıdı.

    7. Ağ köpək, qara köpək, ikisi də köpəkdir.

    8. Ağalıq verimlədi, igidlik vurumla!

    9. Ağac nazikliyindən sınsa, adam yoğunluğundan sınar.

  10. Ağacı kəsərlər öz səmtinə yıxılar.

  11. Ağıllı arvad ara, ağılsız arvad vara qaçar.

  12. Ağıllı arvad kamala, ağılsız arvad camala güvənər.

  13. Ağıllı kasıba “dəli” deyərlər, ağılsız dövlətliyə “bəli” deyərlər.

  14. Ağlama ölü üçün, ağla dəli üçün.

  15. Ağlayanın bir dərdi var, gülənin beş.

  16. Axsaq eşşəyin kor nabəndi olar.

  17. Axşamdan sonra gələn qonağın yeyəcəyi soğandır.

  18. Ala it çaqqalın dayısıdır.

  19. Alçaq ata hamı minər.

  20. Aləmə it hürər, bizə Mazandaran çaqqalı.

  21. Allah buynuzsun qoçun qisasın buynuzlu qoçda qoymaz.

  22. Allah ilanın əməlin bilib, ayağın qarnında yaradıb.

  23. Allaha da özünü pilov yeyən tanıt.

  24. Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər.

  25. Anasına bax qızını al, qırağına bax bezini al.

  26. Anasızın gördüyü iş danlaqsız qalmaz.

  27. Arxalı köpək qurd basar.

  28. Arxanı kürkə öyrətmə.

  29. Arıq it öz kəndinin şiridir.

  30. Arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz.

  31. Arsız kişidən, ərsiz arvad yaxşıdır.

  32. Arsızın üzünə tüpürüblər “yağış yağır” demiş.

  33. Arvad malı alçaq qapı kimidir: girəndə də başına dəyəcək, çıxanda da.

  34. Aslan qocalanda başına çaqqal-çuqqal yığışar.

  35. Aşpazxanada yeyir, duluzxanada hürür.