Amerikalı yazıçı Con Qrin sizə “Eyni ulduzun altında”, “Kağız şəhərlər” əsərlərindən tanışdır, yəqin ki. Ancaq bu məqalə onun ilk romanı – “Alaskanın axtarışında” haqqındadır. Daha çox yeniyetmə və gənclərə xitab edən bu əsərdə, əslində, hər kəsin oxumalı olduğu fikirlər də yer alır. Odur ki, əsərdən seçdiyimiz həmin sətirləri sizinlə paylaşmaq qərarına gəldim.

Mən baptistlər kimi xaç suyuna çəkiləndə yenidən doğulan birisi deyiləm, amma başqa bir adam olmaq və keçmişi unutmaq yaxşı olardı.

Yenə fikirləşdi ki, ardınca gedəcəyəm. Amma bu dəfə, doğrudan da, ardınca getdim.

Sənə uşaq kimi yanaşan bir qız üçün əldən-ayaqdan getmək olmaz. Sənin öz anan var.

Yaxşı ki, atamın mənə öyrətdiyi yeganə hir şey var – qalstuk bağlamaq. Amma o da çox qəribədir ki, atamı heç vaxt qalstukda görmədim.

Çıxıb getmək elə də asan deyil.

Gələcəyə doğru gedirsən, amma ona heç vaxt çatmırsan. Gələcək haqqında düşünürsən ki, indidən, bu saatdan qaçasan.

Sən məni heç vaxt başa düşmürsən. Məsələ də bax bundadır.

Əslində, mən ona biganə deyiləm. Amma aramız elə də yaxşı deyildi. Amma deyirdim, düzələr. Axı ona deyirdim ki, səni sevirəm.

Yola getmədiyin adamdan ötrü darıxmaq, dərd çəkmək yaxşı deyil, amma yenə… Bilmirəm, amma hər an deyinmək, dalaşmaq istədiyin bir adamın olması çox yaxşı idi.

Niyə yaxşı adamlar belə pis yaşayır?

Bir gün səhər yuxudan durursan, başa düşürsən ki, tanrı səni bağışlayıb, bütün günü gözlərini qıya-qıya gəzirsən, çünki yadından çıxıb ki, günəş işığı necə olur. O isə yenə hərarətlidir, atan sənin üzünü öpdüyü zaman duyduğun mehr kimi istidir. Heç demə, dünya əvvəlkindən də işıqlı və safdır.

– Sənin üçün nə edə bilərəm?

– Gününü burada, mənimlə keçirəcəksən.

– Sən nə üçün evinizə getmirsən?

– Mən ruhlardan qorxuram, Gonbul. Onlar isə evimizdə çoxdur…

Ağlımdan keçdi ki, nə ola, Alaska Yanq beləcə mənə həmişə kitab oxuya, onda romanları çox sevərdim.

Hər şey cəhənnəmə olsun, cəhənnəmə olsun! Mən səni sevirəm, hə, sevirəm. Başqa heç nəyin əhəmiyyəti yoxdur.

– Şşş… – o dedi. – Qoy bir az yatım.

Bax belə. Gah saatda yüz kilometr şığıyıb harasa gedir, gah da bir anda yuxusu gəlir, yatır, bilmirsən nədir… Elə istəyirdim ki, mən də elə buradaca uzanım, onu qucaqlayıb yanındaca yatım.

Əgər adamları yağışla müqayisə etsək, mən xırda, çiskinli yağışam, o isə tufanla yağan leysan.

Dedi ki, mənə inanmır. Mən özüm də özümə inanmıram.

Çalışıram ki, qorxmayım, amma hər şeyi korlayıram.

Sən bilmirsən ki, kimi sevirsən? Sən o qızı sevirsən ki, səni güldürür, əyləndirir, səninlə filmə baxır, çaxır içir səninlə. Sən dəlisov, dərdli birini sevmirsən…

Kiminsə səndən ötrü belə narahat olduğunu hiss etmək xoşdur.

Buddistlər anatta nəzəriyyəsinə inanırlar. Onların inancına görə, insanın bədəni əbədi deyil, enerji “laxtalanır”, sıxılır, bir bədəndən başqa bədənə keçir, hər dəfə yenidən yaranır, ta ki, işığa çevrilir.

Düşünürdüm ki, adamlara hansısa bir müəyyənlik lazımdır, arxayınlıq lazımdır. Çünki biz istəmirik ki, ölümdən sonrakı həyat açılmaz bir müəmma, bir heçlik, boşluq olsun, biz o fikirlə barışmaq istəmirik ki, bizim doğmalarımız daha yoxdur, təsəvvür edə bilmirik ki, biz özümüz də nə vaxtsa olmayacağıq. Ona görə də belə nəticəyə gəldim ki, adamlar ölümdən sonrakı həyata inanırlar ki, çünki inanmaya bilmirlər, çünki onsuz həyat dözülməz olardı.

– Həyatında ən yaxşı gün…

– Hmm… Fikirləşmək olar bir az?

– Əgər fikirləşirsənsə, demək, o gün heç də yaxşı olmayıb.

Vaxt keçdikcə biz başa düşürük ki, valideynlərimiz nə özlərini, nə də bizi xilas edə bilər, vaxtın axınına düşən ondan qurtula bilməz, bir sözlə, biz hamımız gedirik, gedəriyik…

Çox vaxt insanların ölümü yaşadıqları həyata oxşayır.

Sonra davam edərik, hə?

Fikirləşək, görək, insanlar niyə hərdən öz-özündən qaçmaq istəyirlər.

İstəyirdi nə isə eləsin, yaxşı olsun, amma daha da pis olurdu.

Nifrət edirdim, ona görə ki, həmin gecə o çıxıb getdi. Özümə də nifrət edirdim, təkcə ona görə yox ki, mən onu buraxdım, həm də ona görə ki, əgər məni istəsəydi, heç yerə getməzdi, getmək istəməzdi. Yanımda uzanar, hər şeyi mənə danışar və ağlayardı. Mən isə onu dinləyər, göz yaşlarını öpərdim.

Belə olmaz, adamı dəyişəsən və aradan çıxasan, olmaz belə…

Mən də istəyirdim ki, cavablar tapılsın, amma bütün suallara yox.

Dostların bir-birini bağışlaması lazımdır, yoxsa bu labirintdən çıxmaq, qurtulmaq mümkün olmayacaq.

Əgər bir balaca hərəkətimizin doğurduğu nəticəni görə bilsəydik… Kaş biləydik! Nə edəsən ki, biz yalnız sonrakı ağlımızla güclüyük…

Enerji heç nədən yarana bilməz, o heç yerə də yox ola bilməz.