Yaz aylarının möhtəşəm dadı! İmtina edilməz magnolia desertinin reseptini paylaşırıq.

Lazım olan ərzaqlar:

1 litr süd, 1 su stəkanı şəkər tozu, 2 yemək qaşığı nişasta, 2 yemək qaşığı un, 2 ədəd yumurta sarısı, 1 paket vanil, 1 paket süd kremi, 1 qab uşaq peçenyesi, 10-15 ədəd çiyələk.

İndi isə keçək hazırlanması qaydasına. Qazana şəkər, nişasta, un, vanil və yumurta əlavə edirik. Daha sonra 1 litr südü töküb, davamlı şəkildə qarışdırırıq. Yavaş-yavaş pudinq formasına gələn qarışığı qazın üzərindən götürüb, soyumağa qoyuruq. Üstünə krem əlavə edib tez-tez çırpırıq.

Uşaq peçenyelərini blenderdən keçiririk, çiyələklə birlikdə kasalara düzürük. Əvvəl hazırlanan pudinqi üzərinə tökürük. 3-4 saat soyuducuda saxlayırıq.

İstəyə uyğun olaraq, qarışdırıcıdan peçenye ilə birlikdə fındıq da keçirə bilərsiniz, o da gözəl dad qatır. Hazırlanması zəhmətsiz, ləzzəti isə bir o qədər gözəldir.

Nuş olsun!