Uşaqları telefondan uzaq tutaq

    398

    Biz balaca olanda atam qardaşımla mənə “Avçarka” (Alman çoban iti) gətirmişdi. Lap balacalıqdan onu biz böyüdürdük. Adını Lessi qoymuşduq. Bir gün atam qonşu Rəfael dayıdan bir kitab alıb gətirdi. Kitab avçarkaların təlimiylə bağlıydı. Şəkilli filan kitab idi. İti necə yetişdirmək lazımdır ondan bəhs edirdi.

    Səhər-səhər bu hadisə mənasız yerə yadıma düşmədi. Bu nümunəni də boşuna çəkmədim. Dünən sosial şəbəkədə uşaq tərbiyəsiylə bağlı quruplardan birində valideynlərin yazdıqlarından sonra uzun müddət düşündüm. Bir neçə valideyn uşağı yeri gələndə vurmaqdan, kobudluq etməkdən danışır və özünə haqq qazandırırdı.

    Nə etmək olar? Necə anlatmaq olar?

    400-500 manata telefon ya da hansısa elektron əşya alanda mütləq onun istifadə qaydalarına baxır və yaxud da internetdə yutubdan videolar izləyib işlətməyi öyrənir, funksiyalarıyla tanış oluruq. Ən pis ehtimalda isə qurdalayaraq xarablaya-düzəldə öyrənirik.

    Amma, ancaq və lakin bizə əmanət olan uşaqlara, öz doğma övladlarımıza qarşı necə davranmalı, onları necə yetişdirməli olduğumuzla bağlı heç nə oxumaq istəmirik və ya ehtiyac görmürük. Yəni bir uşağın, körpənin taleyi, gələcəyi, onun təməli bir elektron əşya, bir heyvan qədər dəyərli deyilmi?

    Əziz valideynlər niyə uşaqlarımızı, övladlarımızı məhv edirik?! Niyə onlara xəyanət edirik?! Bu uşaq mobil telefon ya da kompüter deyil ki, qurdalayaraq, üzərində məşq edərək öyrənəsən, işləməyəndə də “söndür-yandır düzələcək” deyəsən. Bilmədən, istəmədən etdiyimiz və bizə çox kiçik görünən bir hərəkət, bəzən bir baxış o uşaqda böyük travmaya səbəb ola bilər. Bir insanın, bizə verilən əmanətin taleyilə oynayırıq!

    Hər hansı paltar və ya əşya almaq istəyəndə də saatlarla bəzən günlərlə araşdırırıq. Ən yaxşısının hansı olduğunu tapmağa çalışırıq. Meyvə-tərəvəz alarkən də seçirik, xüsusi həssaslıq göstəririk. Bəs uşaq dünyaya gətirməzdən öncə araşdırırıqmı? Onunla bağlı kitab oxuyuruqmu? Uşaqla ünsiyyət qaydalarıyla tanış oluruqmu?

    Biz bəzən də küçədə böyüyən, təlimsiz qalan avçarkalarla da rastlaşırdıq. Adi itdən heç bir fərqi olmurdu, xarici görünüşü, üz ifadəsi də mənasızlaşırdı sanki …

    Əgər valideyn uşaq tərbiyəsiylə bağlı kitab oxumursa və bildiyini zənn edirsə vallah, billah yanılır. Çox sevdiyi, hər gün şəkillərini çəkib paylaşdığı, onun üçün canımı verərəm dediyi körpəsinə xəyanət edir. Xəyanət sadəcə vətənə, dosta, həyat yoldaşına qarşı olmur ki …

    (Məlumat üçün deyim ki, sırf itləri öyrənən kinologiya adlı elm var. Uşağı öyrənən elm, kitab olmaya bilərmi?)

    Sərxan Rüstəmov