Salam, bu mənim yazdığım ilk nağıldır və çox həyəcanla onu sizə təqdim edirəm. Ümid edirəm ki, xoşunuza gələcək. Fikirlərinizi mənimlə bölüşsəniz çox şad olaram 🙂

Yeni ilə sayılı günlər qalmışdı. Qırmızı burun da sevinclə bayrama hazırlaşırdı. Daha sonra atası onu yanına çağırdı.

Atası:

– Qırmızı burun, belə qərara gəldim ki, bu il bizim ailəmizdən Santaya kömək etməyə sən gedəcəksən! Hədiyyələri Santa ilə bərabər sənin də paylamağını istəyirəm.

Hər il maral ailələrinin bir üzvü Santa ilə vacib səyahətə çıxırdı. Əslində bütün maralların ən böyük arzusu bu idi. Ancaq Qırmızı burun bərk qorxdu, titrək səslə:

-Bəlkə bu dəfə də böyük qardaşım getsin?

Nə qədər çalışsa da atasını fikrindən daşındıra bilmədi. Onun bir seçimi qalmışdı: Hədiyyələri Santa ilə paylamaq! Bəs görəsən, nələr gələcəkdi onun başına?

Qırmızı burun özü də yaman dəcəl idi. Ona görə də heç bilmirdi necə etsin- oynasın, dəcəllik etsin, yoxsa Santaya kömək eləsin?

Artıq bayram gününə lap az qalmışdı. Santa hədiyyələri hazırlayıb. yol tədarükünü görürdü. Qırmızı burun isə hər tərəfi işıqlarla bəzəməli idi, ancaq o, düşündü ki, işıqlar buynuzlarında daha yaxşı görsənəcək!

Getmək vaxtı idi! Hamı yerində idi. Bəs Qırmızı burun hanı?

Qırmızı burun hər şeylə maraqlanan maral idi. Elə bu dəfə də hər şeyi diqqətlə izləyirdi. Ona görə də hədiyyə torbasının içinə girmişdi. Bu il hazırlanan hədiyyələrə baxırdı. Düşünürdü ki, Santanın kiçik köməkçiləri ilə birlikdə işləmək onun daha çox xoşuna gələr. Birdən onu səslədiklərini eşitdi və bir təhər gəlib çıxdı. Onlar yola çıxdılar.

Ancaq Qırmızı burun sakit dayanmırdı, yol boyu çoxlu suallar verirdi.

-Nəyə görə Yeni il ildə bir dəfə gəlir?

-Nəyə görə Santa bu qədər qocadır?

– Nəyə görə hamının burnu qara onun burnu isə qırmızı idi?

Həəə uşaqlar, sizə də maraqlıdır niyə onun burnu qırmızıdır? Bunu sizə daha sonra danışacam. Nağıllarımı oxumağa davam edin! 

Hamını təngə gətirmişdi balaca maral. Birdən göydə ulduz işıltı ilə bərq vurdu. Qırmızı burun heyrətlər içində ulduza baxanda yolundan çıxır və kəllə mayallaq aşağı düşməyə başlayır. Az düşür, çox düşür gəlib bir evin damından girir içəri. Bəs nə baş verir?

Bu ev Qönçə adlı bir dəcəl qızın evi olur. O sehrə inanır, ancaq dostları ona gülürdü. Onlar artıq 9 yaşındadırlar. Hamı elə düşünür ki, sehr və Santa yoxdur. Çox yanılırlar! Axı Qönçə bilir ki, ürəyimizdə olan sevgi özü bir sehrdir! Amma o həm də çox dəcəldir! Qönçə hamı yatandan sonra sakitcə içəri gəlib, Santanın peçenyalarını yeyirdi.

-Om, om, om yaman dadlıdır!

Birdən gözü marala sataşdı. Bir birini görcək, çox təəccübləndilər. İkisi də möhkəm qışqırdılar. Sonra Qönçə Qırmızı buruna toxundu. Onun gözləri təəccübdən nəlbəki boyda olmuşdu. Daha sonra özünü ələ alıb, soruşdu:

-Sən Santanın maralısan?

Qırmızı burun təəccübləndi. Axı o düşünürdü onları heç kim tanımır? Ancaq Qönçə hər şeyi bilirdi. Qırmızı burun başına gələnləri ona danışdı. Onlar da birlikdə plan qurmağa başladılar. Əgər maral vaxtında yerinə dönməsəydi, Santa Claus hədiyyələri paylaya bilməyəcəkdi. Qönçə macəraya hazır idi. İkisi birlikdə evdən qaçdılar və hər şey ondan sonra başladı! Qırmızı burun anladı ki, onlar uçmasalar gecikəcəkdilər. Ancaq o tək uçmamışdı və çox qorxurdu. Qönçə ona kök verdi və maralı möhkəm qucaqladı:

– Sən tanıdığım ən cəsur maralsan!- dedi.

Qırmızı burun ilk dəfə idi ki, belə gözəl hisslər yaşayırdı. O qucaqlamağın sehrini hiss etdi. Gözlərini yumdu və ayaqlarını tərpətməyə başladı! Budur! O uçur! Qönçəni də özü ilə götürüb, Santanı axtarmağa başladılar. Qönçə çox xoşbəxt idi. O sehrin olduğunu hər kəsə sübüt edəcəkdi. Həm də əla dost qazanmışdı.

Birdən maralın burnu yanıb sönməyə başladı. Bu zaman onlar anladılar ki, Santanın başqa maralları yaxındadır. İşarələri izləyərək bir gölün yanına gəldilər. Qönçə Santanı gördü. Cibində olan kiçik peçenya qırıntılarını çıxardı və Santanı səslədi:

-Əziz Santa, sən acsan? Santa onlara yaxınlaşdı və qırıntıları ondan aldı, dadına baxdı və gülümsədi:

-Çox dadlıdır! Təşəkkür edirəm, Qönçə! Əminəm, sən də hədiyyəni bəyənəcəksən!

Qönçə çox sevindi! Axı, o bütün il boyu bu günü gözləyirdi! Onun istədiyi hədiyyə isə Santanın xizəyi idi. İndi o qarda daha çox əylənəcəkdi.

Daha sonra Qırmızı burun və Qönçə sağollaşdılar. Onlar artıq çox yaxşı dostlar olmuşdular! Santa Qönçəyə dedi:

-Mənim balam, əgər Qırmızı burunla dost qalmaq istəyirsənsə bu sirri heç kimə deməyəcəksən.

Qönçə də bununla razılaşdı. Qırmızı burun ona kiçik bir qar kürəsi verdi:

-Mənimlə danışmaq istəyəndə bu kürəyə bax!

Qönçə isə dostuna hədiyyə olaraq, çoxlu kök və yeni il şirniyyatları verdi!

Santa ilə səyahətə çıxdılar və Qönçə artıq evə dönməli idi.  Bu həmişəlik onun yaddaşında qalacaqdı! Qorxaq maral isə artıq daha gözəl bir sehri kəşf etmişdi. Onun adı sevgi idi!

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Qorxaq maralın nağılı" A few seconds ago