Ağa Musa Nağıyev

1751

Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar yaşadıqları dövr ərzində xalq, millət üçün çox böyük işlər görüblər. Uzun illər adının çəkilməsi yasaq olan, amma hər zaman tarixin və qədirbilən insanların yaddaşlarında yaşayan Musa Nağıyev kimi. 

Ağa Musa Hacı Nağı oğlu Nağıyev 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində olduqca kasıb bir ailədə anadan olub. İbtidai təhsilini kənd mollaxanasında alan Musa uşaq yaşlarından əzab-əziyyətlə, sıxıntılarla üzləşir. 10-11 yaşından işləməyə başlayır.

Əlinin qabarı, ayaqlarının döyənəkləri hesabına qazandığı pulu qəpik-qəpik toplayaraq kiçik bir torpaq sahəsi alır. Amma o zaman ağlına da gəlmirdi ki, bu bir parça torpaqda qazdırdığı quyudan su əvəzinə neft fontan vurajaq və bir müddət sonra onu Bakının ən iri neft maqnatlarından birinə çevirəcək.

Tale doğrudan da onun üzünə bəxt qapılarını açırdı. Bibiheybət mədənlərində bir-birinin ardınca fontan vuran neft quyuları onu milyonçu edir. Çox keçmir ki, Qaraşəhərdə Neft emalı zavodu tikdirir.

Ağa Musa varlanandan sonra çox işlər gördü. Elə təkcə tikdirdryi 98 binanı yada salmaq kifayətdir ki, bu insanın millət üçün nə qədər xeyixah işlər gördüyünün fərqində olaq. Məşhur «İsmailiyyə» binasını və Bakının yaraşığı olan digər binaları kim görməyib? Musa Nağıyev  Bakının ilk mülk sahiblərindın biri idi. Onun başqa milyonçulardan fərqi də məhz köhnə Bakının memarlıq simasına ən çox töhfə verməsidir.

Maraqlıdır ki, onun tikdirdiyi dörd xəstəxana binasının inşası zamanı antibakterial materiallardan, gümüş tozundan, xüsusi kafellərdən istifadə olunub. Həmin xəstəxanalara yolu düşənlər diqqət etsələr görərlər ki, tavanın hündürlüyü indiki binalardan fərqli olaraq 5 metrə yaxındır. Həmçinin enli və hündür pəncərələr havanın təmizlənməsi üçün nəzərdə tutulub və bir növ indiki kondisioneri əvəz edir.

Musa Nağıyev xeyriyyəçiliklə də məşğul olurdu. O, Realnı məktəbin hamiliyini öhdəsinə götürmüşdü. Hər il hazırlıq sinfinə 25 müsəlman uşağını əlavə qəbul etdirməyə nail olmuşdu. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faizə çatmışdı. Bununla belə, el arasında onun xəsisliyi haqqında müxtəlif şaiyələr də dolaşırdı.

…Deyirlər ki, bir dəfə Ağa Musa mədənə gələndə görür ki, kontorun yanında divar hörən bənnalar və fəhlələr nahar fasiləsinə çıxıblar, işə yaramayan taxtalardan ocaq qalayb söhbət edirlər. İş icraçısı papiros bükür, sonra kibritlə alışdırıb yandırır. Kənardan bu mənzərəni seyr edən Musa Nağıyev ona deyir: «Bala, sən sabahdan işə çıxma. Get kontora haqq-hesabını al». İş israçısı «Nəyə görə, Ağa Musa?» — deyə soruşduqda, Musa əsəbi halda belə cavab verir: «Qabağında o boyda ocaq ola-ola, papirosu kibritlə yandırırsan? Əgər sən öz malının qədrini bilmirsənsə, mənim malımın qədrini necə bilərsən?».

…Bir dəfə isə İsmailiyyədə xeyriyyə tədbiri zamanı Musa Nağıyev məcməyiyə üç manat atır. Bunu görən H.Z.Tağıyevin həyat yoldaşı Sona xanım deyir: «Ağa Musa, oğlun məcməyiyə bir yüzlük atır, sən cəmi üç manat?». Ağa Musa cavab verir: «O mənim oğlumdur, milyonçu Musa Nağıyevin, mən isə samansatan Nağının oğluyam».

…Rus-yapon müharibəsi vaxtı imiş. Bakı şəhər prokuroru Voronov cəbhəyə maddi yardım üçün varlılardan pul vəsaiti yığmaq istəyir. İlk olaraq Hacı Zeynalabdinə müraciət edir. Hacı 50 000 (əlli min) rubl yardım edir. Sonra Ağa Musa Nağıyevin kontoruna gedirlər. Ağa Musa cəmi 50 rubl yardım edir. Voronov deyir: «Hacı Zeynalabdin 50 000 rubl yardım etdi, siz isə 50 rubl?». Ağa Musa belə cavab verir: «Hacı dövlətlidir, mən isə ondan kasıbam». Voronov ondan pul qopara bilməyəcəyini görüb ordan çıxır, oğlu Ağa İsmayılın kontoruna gəlir. İsmayıl onlara istədikləri məbləği, yəni 50 min rubl verir. Voronov Ağa Musaya deyir: «Siz cəmi 50 rubla qol çəkdiniz, oğlunuz isə 50 min rubla».

Ağa Musanın cavabı belə olur: «Valideynlərim məni saman yüklənmiş ulaqla şəhərə göndərərdilər və əgər mən satdığım samanın pulundan 5 qəpik xərcləsəydim, onlar məni cəzalandırardılar. Ağa İsmayıl isə başqa şəraitdə böyüyüb, buna görə də 50 min onun üçün pul deyil».
Heç şübhəsiz ki, İllərlə hər çətinliyə sinə gərib var-dövlət toplayan Musa Nağıyev pulunu hara xərclədiyini də çox gözəl bilirdi.

Çar II Nikolay onu «Neftin kralı» adlandırırdı.
Ömrünün son illərində bir çox ağrı-acılar yaşayan Musa Nağıyev 1919-cu ilin mart aynda 67 yaşında vəfat edir. 

Musa Nağıyevin illərlə qazandığı milyonları hələ də xarici banklarda «yatıb qalır». Bəs öz milyonlarını ölkədən kənardakı banklara köçürməsinin səbəbi nə idi? Doğrudanmı məşhur milyonçu, el arasında deyildiyi kimi, «simic» idi? Bütün bunları milyonçunun kasıb nəvəsi — doğulduğu andan həyatı sürgünlərdə, sıxıntılarda keçmiş, amma bütün bunlara rəğmən babasının tapdanmış hüquqlarını müdafiə etmək üçün bir ömür sərf etmiş Musa Nağıyev adına «Milli dəyərlərin qorunması» İctimai Birliyinin sədri Dilarə xanımdan aldığımız müsahibədən biləcəksiniz.

Dilarə xanım, deyilənə görə, Musa Nağıyev əvvəlcə çox kasıb olub. Hətta kiçik yaşlarından hamballıq edirmiş. Bu doğrudur?

— Bəli, bu həqiqətdir. Mən həmişə bunu qürurla, gizlətmədən demişəm. Atası Hacı Nağı samansatan idi. Ailədə 4 qardaş olublar: Ağa Musa, Ağayusif, Ağaəli və Zərblı. Böyükləri Ağa Musa olur. Onun 11 yaşı olanda görür ki, ailədə maddi vəziyyət heç də yaxşı deyil. Qərara alır ki, limana işləməyə getsin. Amma getməyə pulu, hətta ayagına geyməyə çəkməsi yox idi. Biləcəridən Bakıya –limana qədər ayaqyarın, piyada gəlir. Limanda yük daşımağa başlayır. 1 put (16 kq) çəkisi olan palana hardasa 16 kq yük də götürsə, yəni bel sütunu hələ tam bərkiməyən 11 yaşlı uşaq üçün çox ağır idi. Amma ailəni dolandırmaq lazım idi. Əlinə düşən qəpik-quruşu evə gətirir, çörəyə, qəndə verirdi. 2-3 il limana gedib-gələndən sonra artıq ayaqqabı da axtarmır, çünki ayağının döyənəkləri onun çəkmələrini əvəz edirdi. Belə qərara gəlir ki, hər dəfə «çətin gün» üçün bir az pul saxlasın. O vaxt 3 qəpik də pul idi. Hər gününə 3 qəpik arxaya atır. 18 yaşına çatanda topladığı pulla torpaq sahəsi alır. Burada su quyusu qazdırır, ancaq quyudan su əvəzinə neft çıxır. Görünür, bu da Allahın bir qismətiydi ki, o qədər əziyyətlərdən sonra bu sərvətə sahib olur. O gündən neft, mazut satmağa başlayır. Getdikcə varlanaraq, Bakının 11 neftxudasından birincisi olur.

İstərdim ki, babanızın ailəsi haqqında məlumat verəsiniz. Həyat yoldaşı kim olub Musa Nağıyevin?
— Nağıyevin həyat yoldaşı biləcərili Kərbəlayı Cəfərin qızı Ümməsəlmə xanım idi. Çox kübar və tanınmış ailə olublar. Ağa Musa evlənəndə hardasa 30-31 yaşı varmış.

Bildiyimə görə, sizin bir nənəniz qeyri-müsəlman olub?
-Hə, ana nənəm qeyri-müsəlman idi. Anası fransız xanımı, atası da polyak olub. Nənəmi ticarət zamanı Polşadan qaçırıblar. Yaşı az oldugu üçün 1-2 il onun böyüməyini gözləyiblər. Sonra isə onu Məşhədə göndəriblər. Müsəlmanlığı qəbul edəndən sonra onlara toy ediblər.

Nağıyevin neçə övladı olub?
-İki övladı olub. Oğlu İsmayıl və qızı Ümbülbanu. Babam onları çox tərbiyəli böyüdüb, oxudub. Qızı Ümbülbanunu yetkinlik yaşına çatanda Bakı milyonçularından Şəmsi Əsədullayevin oğlu Mirzəyə ərə verirlər. Amma həyatı çox qısa və faciəli olur. İlk övladı dünyaya gələndə özü bu dünyadan gedir. Bir qızı olur, onun da adını Ümbülbanu qoyurlar.

Yəqin ki, bu, sonradan Fransada Banin təxəllüsü ilə məşhur olan yazıçı Ümbülbanudur…
-Bəli, elədir. Ümbülbanu sonradan Fransaya getdi. Amma gedənə qədər Bakıda çox əziyyətlər çəkdi. Dediyim kimi, Ümbülbanu doğulanda anası rəhmətə getdi, atası Mirzə Əsədullayev ikinci dəfə evləndi. Ögey ananın ona münasibəti heç də yaxşı deyildi. Və çox erkən yaşında Ümbülbanunu özündən 20 yaş böyük, sevmədiyi birinə ərə verirlər. Ona görə də həmişə ərinin əlindən qaçmağa çalışırdı. İnqilab ərəfəsində atası Mirzə təqib edir, həbs etmək istəyirdilər. Buna görə Mirzəni gizli yollarla Türkiyəyə göndərirlər. Ümbülbanu da atasının Türkiyəyə getməsini bəhanə edərək ərindən qurtulur.

Deyirlər, çox gözəl qadın olub…
-Hə, gözəl olub. Elə gözəlliyinə görə də Fransada onu model işinə dəvət edirlər. Sonralar yazıçı olub. Babamın digər övladı İsmayılın da həyatı faciəli olub. İsmayıl o vaxtlar «çuxotka» (vərəm) deyilən xəstəlikdən əziyyət çəkirdi. İndi necə ki, xərçəng xəstəliyinin dərmanı yoxdur, o vaxt da bunun da çarəsi yox idi.

Yəqin ki, o, bir ata kimi ümidini də kəsmirdi… Oğlunu oğlunu müalicəyə aparırdımı?
-Hə, aparırdı. Onun var-dövləti çox idi. İsmayılı müxtəlif ölkələrə aparmışdı, amma xeyri olmamışdı. Buna görə də babam həmişə fikir çəkirmiş. Hətta bir dəfə Fransada müalicə zamanı İsmayıl ona baxan qadına divanda əyləşən kişinin atası olduğunu söyləyəndə həmin qadın «milyonçu Musa Nağıyev yumağa oxşayan bu kişidir?» — deyə soruşubmuş. Bəzən deyirlər ki, guya Musa Nağıyev oğlu ilə maraqlanmayıb, ona baxmayıb. Əslində isə atam Fərəc Nağıyevin dediyinə görə, kişi oğlunun dərdini çəkməkdən doğrudan da «yumağa» dönübmüş. Onun ata vicdanı oğlunun xəstəliyindən əlbəttə ki, əziyyət çəkirdi. 1902-ci ildə İsmayıl çox gənc ikən — cəmi 27 yaşında rəhmətə gedir. Musa Nağıyevin sanki beli qırılır. İsmayılı hec cür unuda bilmirdi. Bunu görən Musanın qardaşı Ağaəli ona deyir ki, Musa, 4 oğlum var, hansını istəyirsən götür övladlığa. Ancaq Ağa Musa razılaşmır. Qardaşı arvadı hamilə imiş, deyir ki, onda yeni doğulacaq körpəni götürərəm ki, özüm istədiyim kimi tərbiyə edim. Nənəm də mənim atama hamilə imiş. O zaman qardaşları Musaya deyirlər ki, birdən qız oldu? Musa isə «mənim üçün fərqi yoxdur, bəxtimə nə çıxsa, odur» — deyir. Atam doğulur, babam onun adını Fərəc qoyur. Fərəc adının mənası da kədərdən sonra gələn sevinc deməkdir. Yəni oğlu İsmayılın ölümünü unutmaq, ovutmaq məqsədi daşıyır. AmmaFərəc ona nə qədər həyat eşqi, yaşamaq ümidi versə də, İsmayılın nişansız-toysuz, vaxtsız gedişini unutdura da bilməzdi.

Musa Nağıyevin varidatı nə qədər olub?
-Atamın xatirələrində onun pulunun miqdarını tapmışam: 413 milyondur. 

Hər halda 413 milyon böyük məbləğdir. Amma qəribədir ki, bəzən onu xəsislikdə qınayırlar. Məsələn, deyirlər ki, bir belə var-dövləti olan bir adam Hacı Zeynalabdin qədər əliaçıq, səxavətli olmayıb. Bu nə dərəcədə doğrudur?

-Bilirsiniz, Hacı həm də Dumanın başçısı, «qlasnı»sı idi. Düzdür, Musa da Dumanın üzvü olub. Amma Hacı yaşca böyük, ağsaqqal idi, məsləhətlər verərdi. Ona görə də bir çox işlərdə birinci idi. Tarixdən də bəllidir ki, Tağıyevin 36 milyon varidatı olub. Necə olur ki, Şollar suyuna 33 milyon xərc çəkilib və bunun guya hamısını Tağıyev çəkib? Musa Nağıyev gördüyü işləri söyləməyi sevməzdi. Şollar suyunun çəkilməsinin 75 faizini, yəni 24 milyonunu Musa Nağıyev vermişdi. Bütün bu danışdıqlarımı atamın xatirələrindən götürmüşəm. Atam bu barədə çox az danışardı. Çünki düz 22 il biz soyadımıza görə sürgün həyatı yaşamışıq. Mən özüm də sürgündə anadan olmuşam. Qətiyyətlə deyirəm ki, Musa Nağıyevin xəsisiliyi haqda deyilənlər ağ yalandır. Bir fakt da deyim: Şəmsi Əsədullayev müflis olanda onu yenidən milyonçu edən Musa Nağıyev oldu. O vaxt müflisləşməyə dözməyən Şəmsi gülləni başına vurmaq istəyəndə Musa onu xilas edir. Həm yaxın dostu, həm də qohumunun yenidən dirçəlməsi üçün çoxlu pul verir. Onlar palçıqdan bir çıxıblar, bir yoğrulublar.

Tağıyevlə şəxsi münasibətləri necə olub?
-Çox yaxşı. Atamın söylədiyinə görə, bir-birlərinə həmişə hörmətlə yanaşıblar. Dediyim kimi, Hacı o zaman çox sayılıb-seçilən adam olub, hörməti böyük idi. Amma babam da özünə görə hörmətli bir adam olub. Bəzən deyirlər ki, guya Tağıyev Musaya deyib ki, İsmailiyyə binasını tikdir, oğlunun xatirəsini yaşat və hətta ona pul da verib. Bu, doğru deyil. Bu, babamın öz vicdanından irəli gələn bir əməl olub. Binanı Dadaşovlar tikmişdi. Doğrudur, babam bu barədə Tağıyevə məsləhət eləyib, amma pul xərcləməyi də bacarıb. Ailəsinə çox yaxşı baxırdı. Məşuqəsi Yelizaveta Qriqoryevna 700 qramlıq ləl-cəvahirat taxarmış. Xəsis olsaydı, məşuqəsinə bu qədər qızıl verərdi?

Dilarə xanım, yeri gəlmişkən, bildiyimə görə, Musa Nağıyev gözəl qadınlara da vaxt ayırırmış…
-Onun ancaq bir məşuqəsi olub, o da gürcü yəhudisi.

Müsəlman arvadını buna görə boşamışdı?
-Yox, arvadını boşamayıb. Onun yalnız bir kəbinli arvadı olub, o da Ümməsəlmə. 1919-cu ildə Musa Nağıyev rəhmətə gedəndə onun var-dövlətinin 80 faizi kəbinli arvadına çatdı.

Amma Ümməsəlmə xanım ilə münasibətləri soyuqmuş… Ümməsəlmə bilirdi ki, Musanın məşuqəsi var?
-Elə ona görə də aralarında soyuqluq vardı da… Amma boşanma söhbəti olmayıb. Ailə quranda atamız bizə dedi ki, evdən duvaqla yola salıram, getdiyiniz evdən isə yalnız kəfənlə çıxarsınız. Yəni bizdə boşanma söhbəti ola bilməzdi. Bu, indi dəbə çevrilib. 

Deyilənə görə, oğlu İsmayılın adına tikdirdiyi binada xeyli qızıldan istifadə olunubmuş…
— Doğrudur. İsmailliyə binasının özülündə və hətta binanın üstündə yazılmış adında da qızıldan istifadə olunmuşdu.

Nə qədər qızıl işlənmişdi?
— Atamın dediyinə görə, orada 2 kiloqrama qədər qızıl işlənib. Amma sonradan 1918-ci ildə ermənilər Bakıda qırğın törədəndə indiki Nizami muzeyindən, ovaxtkı «Metropol» deyilən otelin üstündən İsmailiyyəni gülləbaran ediblər.

Bunu nə məqsədlə ediblər?
-Burda bir neçə məqsəd vardı: birincisi, İsmailiyyə binası «qot» üslubunda tikilmişdi. Musa Nağıyev onun özülünü İtaliyadan gətirtmişdi. O vaxt İsmayıl İtaliyada müalicə olunanda Musa o binaları orda görüb və deyibmiş ki, mən də belə bir bina tikdirəcəyəm. Həmin bunaya çox xərc çəkmişdi. İkincisi, ermənilər belə saray tipli bir binanın olmasına razı olmur və binada olan qızılı ələ keçirmək istəyirdilər. Məqsədlərinə də çatdılar, orda olan 2 kq qızılı götürdülər. Amma onların əsas məqsədi başqa idi. Binanın zirzəmisində bizim görkəmli ziyalıların, klassiklərin arxivi vardı. Ermənilər həmin arxivi ələ keçirmək istəyirdilər. Ona görə də binanı yandırdılar. Bəzi materialları məhv etdilər. Musa Nağıyev o zaman atama demişdi ki, binaya dəyən hər top atəşi sanki mənim ürəyimə, İsmayılın qəbrinə dəyir. O vaxtdan xəstələndi. Bundan sonra heç bir il yaşamadı.

Babanız atanıza ermənilərin törətdiyi qırğın haqqında başqa nə danışmışdı? Bu haqda məlumatınız var?
-Qaraşəhərdə bir bina var, ora Musa Nağıyev evi deyirlər. Kvadrat formasında tikilmişdi. Babam o vaxt İrandan qovulan insanları həmin o binada məskunlaşdırmışdı. Hələ 18-ci ildən xeyli əvvəl, 1905-ci ildə də ermənilər müsəlmanları qıran zaman iranlılar Qaraşəhərdə ətdən hasar qurmuşdular, ermənilərə oraya keçməyə imkan verməmişdilər. Çünki Musa Nağıyevin mədənləri -2 neft emalı zavodu orada yerləşirdi. Ermənilər Qaraşəhərə daxil olub mədənləri yandırsaydılar, bu, ümumi Bakının yanması olardı. Çox böyük faciə ola bilərdi. Ermənilər sonradan -18-ci ildə də çox vəhşiliklər törətmişdilər. Nə qədər azərbaycanlını qətlə yetirmişdilər. Türk qoşunları gəlməsəydi, daha pis ola bilərdi. Bir faktı da deyim ki, türklərin Bakıya gəlməsinin xərcinin hamısını Musa Nağıyev çəkmişdi. M.Ə.Rəsulzadənin Naxçıvana, oradan da Türkiyəyə getməsinə də yenə Musa Nağıyev kömək etmişdi. Bundan ötrü xüsusi parovoz da gətirtmişdi.

Deyilənə görə, Musa Nağıyevlə Stalin arasında konflikt olub. Doğrudur?
-Stalin o vaxt Bakıda qoçuluq edəndə pul almaq üçün iki dəfə Musa Nağıyevi oğurlatdırmışdı. Amma babam bilmirdi ki, onu oğurlatdıran Stalindir. Əvvəlcə 100 min istəmişdilər, babam isə yalnız 10 min verə biləcəyini demişdi. Quldurlar «onda səni öldürərik» deyəndə Nağıyev cavab verir ki, «məni öldürsəniz, heç onu da ala bilməyəcəksiıniz». İkinci dəfə onu 1910-cu ildə oğurlayırlar. İndiki 28 May metro stansiyası tərəfdən yeraltı keçidlə onu harasa aparanda Stalinin kölgəsini görür və onu tanıyır. Dərhal deyir ki, onunla görüşmək istəyirəm. Stalinə xəbər verirlər ki, səni tanıyıb. Stalin məcbur olub üzə çıxır. Musa Nağıyev ona deyir: «Məni bura niyə salırsınız? Sənə pul lazımdır, kişi kimi de ki, pul ver, mən də verim. Mən buranın adamıyam ki, gətirib bura saldırırsan?». Ondan sonra Stalin babama qarşı əməlindən əl çəkir. M.Nağıyev inqilaba məcburən çox kömək edib. N.Nərimanov və bəziləri ilə münasibəti yaxşı idi. «Nina» mətbəəsinin yaradılmasına da xeyli pul xərcləmişdi.

Bəs Ümməsəlmə nə vaxt vəfat etdi?
-İsmayılın ölümündən sonra onun vəziyyəti heç də yaxşı olmadı. Əvvəla oğlunun ölümü ilə barışa bilmirdi. Bir tərəfdən də İsmayıl İsveçrədə vəfat edəndə onu bura qutuda gətirdilər. Musa oğluna kostyum geydirmişdi. Arvadına tabutu açıb baxmağa icazə vermədi. Ümməsəlmə bununla barışa bilmirdi. Həm oğlunu görmək, həm də onu müsəlman adəti ilə kəfənlədib basdırmaq istəyirdi. Amma Musa Nağıyev ona deyə bilmirdi ki, qutuda yalnız bir dəri, bir sümük — quruca bir vücud qalıb. Həm də istəmirdi ki, həyat yoldaşı ağrı çəksin. Deyə də bilmirdi ki, sən orada gördüyünü heç vaxt unuda bilməzsən. Musa Nağıyev bir tərəfdən də arvadını itirməkdən qorxurdu. Yalnız dörd ildən sonra onu tabutdan çıxartdırır, kəfənə bükdürür və Kərbəlada dəfn etdirir. Onu da deyim ki, Ağa Musa öz hesabına daha 35 kasıb ailəni orada dəfn elətdirmişdi. Ümməsəlmə İsmayılın ölümündən sonra cismən ondan ayrılır və Tolstoy döngəsində yerləşən 16 saylı binada yaşamağa başlayır. Ağa Musa həmin binanı ona bağışlayır. Binanın ətrafına rəngli fanarlar da qoydurmuşdu. İndi necə ki hamı gəzməyə bulvara gedir, o vaxtlar da hamı orada gəzər, rəngli fanarlara tamaşa edərmiş. Sonralar orada kosmonavtika dahisi Kərim Kərimov yaşayırdı. Onun atası Ümməsəlmənin bacısı oğlu idi. İki bacının oğlu orada yaşayır və Ümməsəlməyə baxırdılar. Beş il bundan əvvəl o binaya getmişdim, o nəsil indi də orada yaşayır. Ümməsəlmə hardasa 60-cı illərdə vəfat etdi. Yelizaveta Qriqoriyevna isə 69-cu ildə vəfat etmişdi.

Bu iki xanım bir-biri ilə görüşmüşdü?
-O haqda dəqiq bir şey bilmirəm. Amma tanıyırdılar bir-birini.
Ümməsəlmə Musadan 6 yaş böyük olub. Yelizaveta isə Musadan 25 yaş kiçik idi.

Babanıza görə atanız Fərəc Nağıyevə təzyiqlər oldu?
-Hə, çox oldu. Atam1929-cu ildə evlənəndən sonra vətəni tərk etməyə məcbur oldu. İllərlə Qazaxıstanda, Türkmənistanda, Dağıstanda və başqa yerlərdə sürgün həyatı yaşadıq. Ailədə beşu şaq — 3 qardaş, 2 bacı idik. Hərəmiz bir yerdə anadan olmuşuq. Atamın Bakıya qayıtmasının bir səbəbi də o olub ki, atam incəsənətə meyilli idi. Aktyor, rəssam, həm də recissor idi. Sürgündə çətin vəziyyətdə olmasına baxmayaraq həmişə ürəyi incəsənətlə döyünüb. Dərbənddə Azərbaycan dram teatrının yaranmasının təməl daşını atam qoymuşdu. Mən orada anadan olmuşam. 45-ci ilə qədər orda qalmışıq. 45-ci ildən sonra Azərbaycanın ucqar rayonlarına Salyana, Neftçalaya, sonra da Bakıya köçmüşük.

Bəs necə qayıtdınız Azərbaycana? Necə bəraət ala bildiniz?
-Azərbaycana gəlişimiz belə oldu. Həmin ərəfədə xalamın əri DTK-də mayor idi. Xalam özü isə oranın poliklinikasının rəisi işləyirdi. Onlarının səyi nəticəsində Bakıya gəldik və babamın atam üçün tikdirdiyi binada bizim üçün 29 kvadrat metr sahə ayrıldı. Amma Ümməsəlməyə heç bir təzyiq olmayıb. Bəlkə də Kərimovlarla birlikdə yaşamaqla özü də bilmədən bu təqiblərdən sığortalanmış oldu.

Bəs Mircəfər Bağırovun dövründə sizin ailəyə münasibət necə olub?
-Pis olmayıb. Bir əhvalat danışım. İsmailliyə binasında çox bahalı iki saat varmış. Bir gün onları oğurlayırlar. Oğurlayanların kimliyi M.C. Bağırova məlum imiş. Bir dəfə həmin binada iclas zamanı Bağırov bir məsul şəxsi ayağa qaldırır. Ondan soruşur ki, niyə o saatları buradan oğurlamısan, axı bu binanı Musa Nağıyev oğlu İsmayılın şərəfinə tikdirib. Belələiklə M.C. Bağırov saatları geri qaytartdırır. Əlbəttə, Bağırovun babama rəğbəti vardı. Amma ona kapitalist damğası vurulduğu üçün Mir Cəfər Bağırov Musa Nağıyevin adını çəkib nəyisə deyə bilmirdi.

Deyirlər, Ağamusa Nağıyev 98 bina tikdirib. Elədir?
-Hə, elədir. Əslində, Ağa Musa qarşısına məqsəd qoymuşdu ki, 100 bina tikdirsin, 100 il yaşasın. Ancaq vəfat edəndə heç 70 yaşı yox idi. Həmişə deyərmiş ki, 98 bina tikdirdim, əgər 100 olsa, yəqin ki, 100 il yaşayaram. Bu gün mən Musa Nağıyevin nəvəsi olaraq onun hüquqlarini müdafiə etmək missiyasını üzərimə götürmüşəm. Namusuma and içmişəm ki, onun varidatı tapılıb Azərbaycana gəlsə, iki binanı da mən tikdirəcəm. Musa Nağıyevin adı qoy həmişə tarixdə qalsın. Tikdirdiyi binalardan öz dövründə də, elə sonralar da gəlir evləri, məktəb, mehmanxana, xəstəxanalar kimi istifadə olunub. Bu gün onlardan 25-i inzibati xarakter daşıyır. Azərİttifaqın binası, Gül pasacı, diasporanın, keçmiş Ali məhkəmə, (indiki Ağır cinayətlərə dair məhkəmənin), keçmiş Tibb universitetinin, İncəsənət universitetinin, İsmailiyyə, İqtisad universitetinin binası, «ARDNŞ», «LUKoyl»,Texnologiyalar nazirliyinin binaları, 28 May küçəsindəki qoşa imarət, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Zabitlər evi, “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və s. bu kimi şəhərin gözəgəlimli binaları Ağa Musa Nağıyevin pulu ilə tikilmişdir. Hələ o vaxt poçt və teleqraf üçün nəzərdə tutduğu bina məhz bu gün də Rabitə və İnformasiya nazirliyinə xidmət edir.

Babanızın tikdirdiyi binaların hamısını tapmısınız?
-98 binadan 49-nu tapmışam. Onlardan 25-i indi inzibati idarələrdir. İşarələri var qırağında; saman şələləri, ortada palan, üstündə isə MN hərfləri yazılıb.

Dilarə xanım, Musa Nağıyevin ömrünü qürbətdə başa vuran nəvəsi Ümbulbanu — yazıçı Banin sonradan orada ailə qurdu?
-Yox. Fransaya gedəndən sonra ailə qurmadı. Ona görə də övladı da yox idi. Dediyim kimi, model işləyirdi. Ümbülbanu Fransada katolik dinini qəbul etmişdi. Öləndə varidatını da ora vəsiyyət etdi.

Babanızın varidatı haqqında nə deyə bilərsiniz?
-Dediyim kimi, var-dövlətinin səksən faizi arvadına çatıb. Musa Nağıyevin vəsiyyətnaməsi olmamışdı. Çünki varlandıqca atası Hacı Nağı ona demişdi ki, «Bina tikdir. Nə qədər bina tikdirsən, ömrün də bir o qədər uzanar». Deyərmiş ki, daş həmişə qalacaq. Ancaq bu gün onun adı yazılan daş lövhələr də yoxa çıxıb…

Musa Nağıyev nəyə görə milyonlarını xarici banklara qoymuşdu?
-Bilirsiniz, onun pulu çox idi. Hələ sağlığında Sankt-Peterburqda «manetnıy dvor» adlı kataloq buraxdırır. Orada var-dövləti 690 milyon qiymətləndirilibmiş. Bu varidatı qoymaq üçün o vaxt Bakı quberniyasına müraciət edir. Amma quberniya bu pulu qəbul edə bilməzdi. Sonra Sankt-Peterburqa da müraciət edir. Onlar da qəbul etmədikdə məcbur olub xarici banklara yatırır.

Hansı xarici banklardadır?
-Əsasən İngiltərə, İsveçrə banklarında yerləşdirilib.

Bu gün o pulu niyə ala bilmirsiniz?
-Kodu bilmirik, ona görə. Orda bizdən kod istəyirlər.1938-43-cü illərdə DTK-dən dividendlər gəlib atamı o qədər sorğu-sual etmişdilər ki, bu mövzunu tamamilə bağlamışdı.

Bu sorğu-sualın səbəbi nə idi?
-Bilirsiniz,1938-ci ildə xaricdən atama çek göndərirlər ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamın başına o qədər oyun açıblar ki… Çeki ona yedizdiriblər, sonra da 7 saat ac saxlayıblar ki, çek həzm olunsun. Atam çox şeylər bilirdi, amma bizə demirdi. Və çox şeyləri özü ilə qəbrə apardı. O hadisədən sonra atam çox qorxmuşdu. Bizi göndərirdi ki, gedin Şaxnoviç mağazasından nəsə alın, amma heç vaxt dilinə belə gətirməzdi ki, o binanı babanız tikdirib. Həmin bina Gül pasacı idi. Musa Nağıyev həmin binada çox yaşayıb. Ömrünün son illərini isə keçmiş Ketsxoveli küçəsində (indiki Şamil Əzizbəyov, 28) tikdirdiyi binasında qalırdı. Orada da vəfat etdi. Ancaq tabutunu Gül pasacı binasında qoyublarmış.

Dilarə xanım, nə qədər acı da olsa, faktdır ki, Musa Nağıyevin məzar yeri bir neçə dəfə dəyişdirilib. Onun ruhunun belə incidilməsinə səbəb nə idi?
-Bu, biziim nəslin ən yaralı yeridir. Ağa Musa hələ sağlığında vəsiyyət etmişdi ki, məni Kərbəlada, oğlum İsmayılın yanında dəfn edərsiniz. Amma onun vəfat etdiyi illərdə Bakıda vəziyyət heç də yaxşı deyildi. Qarışıq zamanı idi. Ona görə də onu Çəmbərəkənd qəbiristanlığında dəfn edirlər. Məzarına işarə qoyurlar ki, onsuz da Kərbəlaya aparılacaq. Sovet dövründə,1931-ci ildə Ağaəli qardaşına xəbər eləyirlər ki, gəlib onun nəşini çıxarıb aparın, burada Kirov parkı salınır. Nə isə, nəşi oradan götürüb aparırlar Biləcəridə Proparka qəbiristanlığına, «Qaya altı» deyilən yerdə dəfn edirlər. Yenə də əmanət qoyurlar. Daha doğrusu, nəşini qutuya yığıb qoyurlar ki, nə vaxtsa Kərbəlaya aparsınlar. 38-ci ildə isə atama xəbər çatır ki, həmin qəbiristanlıq da sökülür. Atamgil təcili qəbiristanlığa gəlirlər. Gecə vaxtı kəfən də tapmırlar, balış üzünün arasına sümüklərini yığırlar və Biləcəridə dağın üstündə basdırırlar. Bir daş alta, bir daş üstə qoyurlar. Düz 98-ci ilə qədər orada qalır. Mən bu işi araşdıranda gördüm ki, Musa Nağıyevin məzarı ayaqlar altında qalıb, üstündən adlayıb keçirlər. O vaxt maddi vəziyyətim heç də yaxşı deyildi. Xeyriyyəçi Hacı Əvəz mənə kömək etdi, Biləcəridən bizə yer verdrlər. Onu orada dəfn etdik. Məzarının üstündə İsmailiyyə binasının monumentini maket kimi qoydurduq. O zaman Hacı Əvəz mənə dedi ki, bəlkə Kərbəlaya aparaq? Mən razı olmadım, dedim, qoy gələcək nəsillər bilsinlər ki, belə bir xeyirxah insan olub.

Bəs siz necə, babanız kimi kiməsə əl tutursunuz?
-İnanın ki cibimdə bir manatım olsa belə, onu kiminləsə bölürəm. Avtobusda, yolda köməksiz insanlara imkan daxilində əl tuturam. Bəlkə də bu qandan gələn bir şeydir.

Musa Nağıyevin nəvəsi kimi sonda nə deyə bilərsiniz? Ürəyinizdə nə qalıb?
-Ancaq onu istəyirəm ki, Musa Nağıyev öz dəyərini alsın. Dörd xəstəxana tikdirib: keçmiş «Semaşko», Əfəndiyev adına xəstəxana, Uşaq pediatriya mərkəzi (OMD) və Sabunçudakı poliklinika binası. Yalnız biri onun adını daşıyırdı, onu da götürdülər. Musa Nağıyev nə edibsə, bu millət üçün edib. Onun ruhu ancaq o zaman rahat olar ki, öz həqiqi qiymətini alsın…

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al