Mariya Rose Balter 1930-cu ildə dul və alkoqolik ananın övladı olaraq dünyaya göz açıb. Anası ona baxa bilmədiyi üçün balaca Mariya uşaq evinə verilir. Bir müddət sonra o, italyan əsilli cütlük tərəfindən övladlığa götürülür. Ancaq bu hadisə onun taleyini müsbətə doğru dəyişmir. Çünki həmin cütlük sadist idi, onlar Mariyanı illərlə zirzəmidə saxlayaraq ona işgəncələr verirdilər.

Cütlük ətrafdakı insanlar tərəfindən gözəl və hörmətli ailə olaraq tanındığı üçün heç kəs onlardan şübhələnmirdi. 10 il işgəncəyə məruz qalan Mariya iflic olur və depressiyaya düşür. Şizofreniya diaqnozu qoyulan Mariya həyatının 17 ilini ruhi əsəb xəstəxanasında keçirir, 34 yaşında olanda isə məlum olur ki, Mariya şizofren deyil, sadəcə ağır depressiya keçirirmiş.

Bir müddət sonra xəstəxanadan buraxılan Mariya ona yaşadılanların intiqamını almağı deyil, keçmişi bir tərəfə atıb, yeni həyat qurmağı seçir. Mümkünsüz olduğu deyilsə də, təhsil almağa qərar verir və Salem Universitetinin psixiatriya fakültəsinə qəbul olur. Bu dəfə həyat onu xərçənglə sınağa çəkir, ancaq Mariya bu xəstəliyə də qalib gəlməyi bacarır.

Mariya Rose Balter psixiatriya xəstəxanasında müalicə alan Joe adlı adamla evlənir, 6 il sonra Joe vəfat edir. Təhsilini başa vuran Mariya 58 yaşında bir zamanlar müalicə aldığı xəstəxanada rəhbər olur və bu sözləri deyir:

Əgər bağışlamağı öyrənməsəydim, heç vaxt inkişaf etməzdim. Həyatım puç olardı və bu gün xəstəxanaya müdir olaraq qayıtmazdım.

Ən uzun səyahət beynimizdən ürəyimizə etdiyimiz səyahətdir. Bağışlamaq bu yolu qısaldır. Bağışlanmağı tələb edən hər yara özündə mühüm dərs ehtiva edir. Dərsi görə bilmək üçün yaranı yenidən deşərək üzləşmək məcburiyyətində qalsaq belə…

Mariya Rose Balterlə bağlı daha detallı məlumatı onun öz həyatı haqqında yazdığı “Heç kəsin uşağı” (Nobody’s Child) kitabından oxuya bilərsiniz.