Əzəmətli sıra dağlar. Uca qayalar. Göz qamaşdıran buzlaqlar. Hər tərəf ağappaq… Ətrafdakı sükutu hərdən bir qar uçqununun qopardığı gurultu pozur. Bütün bunlar çox qeyri adidir. Min illərlə bu sirli aləm insanları özünə cəlb etmişdir. Çoxları qarlı zirvələri fəth etməyə səy göstərmiş, lakin müvəffəqiyyətsizliyə uğrayanlar da az olmamışdır.

    Təxminən iki yüz il bundan əvvəl iki nəfər isveçrəli Alp dağlarındakı Monblan zirvəsinə qalxa bilmişdi. O vaxtdan uca zirvələrə qalxmağı alpinizm adlandırmağa başlamışlar. Bir çoxları alpinizmi idman adlandırmaq istəmir, ancaq burada fiziki cəhətdən güclü və səbirli idmançılar toplaşmışlar. Yalnız cəsur, dözülməz və igid adamlar sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilər.

    Birdən birə alpinist olmaq mümkün deyildir. Əvvəlcə uzun müddət inadla məşq etmək, marşrutları bilmək, kiçik zirvələrdən başlayıb get-gedə daha uca zirvələrə qalxmağı öyrənmək lazımdır. Yalnız bunlardan sonra ən uca zirvələri fəth etmək olar. Alpinistlər insan ayağı dəyməyən yerlərdən keçirlər. Dağlarda bədbəxt hadisə baş verən zaman ən müasir vertolyotlar, avtomobillər, heç bir texnika köməyə gedə bilməyəndə yalnız alpinistlər bu çətin işin öhdəsindən gəlirlər. Onları ölüm təhlükəsi gözləsə də , həmişə dara düşən adamın köməyinə tələsirlər.

    Alpinistlərin xüsusi ləvazimatı var: küləkdən, yağışdan və qardan qorunmaq üçün xüsusi geyim, altı diş-diş ayaqqabı, buz baltası, ayaqqabılara bərkidilmiş xüsusi qırmaqlar, qayalara və buzluqlara keçirilən qırmaqlar, çəkiclər,çadırlar, yataq kisələri…

    Alpinistlər çox vaxt idman məqsədi ilə zirvəyə qalxarkən elmi tədqiqatlar da aparırlar. Onlar uca dağ metrostansiyalarında işləyir, dağlarda su-elektrik stansiyalarının tikintisində iştirak edir, 7 min metr hündürlükdə müxtəlif aparatlar yerləşdirirlər. Ölkəmizdə alpinizm çox geniş yayılmışdır. Pamir dağlarındakı Lenin piki (7 134 metr) və Kommunizm piki (7 495 metr) Azərbaycan alpinistləri tərəfindən fəth edilmişdir.