Dövlətin möhürlərdə, pul nişanlarında, blank və başqa rəsmi sənədlərdə təsvir olunan fərqləndirici nişanı Dövlət gerbidir. Dövlət bayrağından fərqli olaraq, ADR dövründə digər rəmzlər rəsmi şəkildə qəbul olunmamış, yalnız onların qəbul ediləcəyi barədə 1920-ci il yanvar ayının 30-da hökumət  tərəfindən müsabiqə  elan edilmişdir. Müsabiqənin müddəti 1920-ci il  mayın 1-də qurtarmalı idi.

Müsabiqə  Xalq Cümhuriyyətinin  rəmzlərinin,  orden  və medallarının  ilk nümunələrinin  meydana çıxmasını  sürətləndirdi. Həmin rəmzlərin bədii həllində zamanın nəfəsi, əsrin əvvəllərində yaşayıb-yaratmış “Molla Nəsrəddin”çi rəssamlardan Ə.Əzimzadənin,O.Şmerlinqin, İ.Rotterin,  R.Telinqaterin  yaradıcılığına  xas üslub xüsusiyyətləri diqqəti cəlb  edir.

1991-ci ildə Azərbaycan Respublikasının yeni milli  gerbinin yaradılması  üçün müsabiqə elan olundu, lakin təqdim olunan gerb esgizləri Milli Məclis üzvlərini qane etmədiyi üçün vaxtilə  mövcud olmuş gerb layihəsini bərpa etmək məqsədəuyğun hesab edildi.

Qəbul  olunmuş  Azərbaycan  Respublikasının  gerbi  Xalq Cümhuriyyəti dövrünün 1920-ci ildə yaradılmış gerbinin təkrarıdır. Onun kompozisiyası ilk orijinalda  olduğu kimi saxlanılmış, yalnız bəzi detallar-alovun, palıd yarpaqları və sünbüllərin təsviri rəssam R.Məmmədov tərəfindən bir qədər təkmilləşdirilmişdir.

Dövlət gerbində  verilmiş rəmzi  elementlər milli və bəşəri dəyərlərə  əsaslanır.  Səkkizguşəli ulduz  Azərbaycanın  memarlıq, şəbəkə  sənətində geniş istifadə olunan  ornament növlərindəndir.

Memar Əcəminin yaratdığı abidələrdə, Bakı Şirvanşahlar sarayındakı divanxananın plan quruluşu və or­namentlərində, Pirsaat  çayı  üzərindəki  Xanəgahın  mayolika naxışlarında ulduz təsvirləri vardır.
Qalxan dünya heraldika sənətində  ölkənin hərbi qüdrətini,xalqın qəhrəmanlıq əzmini ifadə edir.
Palıd yarpaqları və sünbüllər  şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edən ənənənin simvollarındandır.

Gerbimizin  mərkəzində  şölə  saçan alovun mahiyyəti M.Ə.Rəsulzadənin Milli Cümhuriyyət Parlamentinin ilk  açılışındakı nitqində aydın ifadə olunmuşdur:  “Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz hər  zaman kəndisinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi-ümid və inam təşkil eyləmişdir… Qəni bir atəş. Azərbaycan övladının  sinələrinə düşən milyonlar ilə börkü yaxan  bu atəş əbədiyyən sönməz  bir məşələ  təşkil edib də  hüriyyət  və  istiqlala doğru getdiyimiz maneəli yolları işıqlandırsın!”

Azərbaycan  Respublikası Milli  Məclisinin  1993-cü  il 19 yanvar tarixli Konstitusiya qanunu ilə  Azərbaycan Respublikası Dövlət gerbinin rəngli və  ağ-qara təsviri təsdiq  edildi. 1993-cü il fevralın 23-də isə Azərbaycan Respublikası Dövlət gerbi haqqında əsasnamə təsdiq edildi.


Azərbaycan Respublikasının Dövlət gerbi haqqında
ƏSASNAMƏ

l. Respublikasının  Dövlət  gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.

2.Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir.  Qalxanın  üstündə  Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

Azərbaycan  Respublikası  Dövlət  gerbinin  rəngli  təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır”.

3. Azərbaycan  Respublikası  Dövlət  gerbinin qabarıq  təsviri vurulur:
a)  Azərbaycan  Respublikası  parlamentinin binasına,  iclas salonuna və  parlament sədrinin xidməti kabinetinə;
b)  Azərbaycan  Respublikası prezidentinin  iqamətgahına və xidməti kabinetinə;
v) Azərbaycan  Respublikasının bütün məhkəmələrinin,  hərbi tribunallarının binalarına,məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
q) yerli  nümayəndəli dövlət  orqanlarının binalarına və iclas salonlarına;
d)  Azərbaycan  Respublikası qanunvericiliyində  nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
e)  Azərbaycan  Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına;

4.  Azərbaycan  Respublikası Dövlət  gerbinin  təsvirindən istifadə olunur:
a) Azərbaycan Respublikası  Dövlət möhüründə,  bütün dövlət orqanlarının möhürlərində;
b)Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman və sərəncamlarının blanklarında;
v)  bu  əsasnamənin3-cümaddəsində göstərilən  dövlət orqanlarının sənədlərinin blankında (binalarının lövhələrində);
q) Azərbaycan Respublikası Milli Bankının biletlərində və milli pul vahidlərində, Azərbaycan  Respublikasının qiymətli kağızlarında, dövlət istiqrazlarında və lotereya biletlərində;
d)Azərbaycan Respublikası vətəndaşının pasportunda, Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;
e) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
ə) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında;

5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikası  Dövlət gerbinin  təsvirinin  mütləq vurulmalı olduğu başqa hallar da nəzərdə tutula bilər.

6. Bu  əsasnamədə  göstərilən hallardan  başqa  Azərbaycan Respublikası  Dövlət gerbinin  təsvirindən istifadə  etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfində verilə bilər.

7. Azərbaycan  Respublikası  Dövlət gerbinin  təsviri olan möhürlərin və sənəd  blanklarının hazırlanması, istifadə  olunması, saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

8. Azərbaycan Respublikası Dövlət gerbinin  verilən təsviri bu əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə ölçüsündən asılı olmayaraq, həmişə dəqiq surətdə uyğun gəlməlidir.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Azərbaycan Respublikasının Gerbi" A few seconds ago