May ayının 22-dən 25-dək Bakıda Caspian Business Center də “Each photo has a story behind it” (Hər bir şəklin bir hekayəsi var) adlı təlim keçirilib.

Treninq Amerika Konsulluğunun maliyyə dəstəyi ilə fərdi olaraq BDU-nun 2-ci kurs tələbəsi Sahibə Atakişiyeva və BSU-nun 4-cü kurs tələbəsi Kamran Talıbov tərəfindən təşkil olunub. 5 günü əhatə edən və 30 nəfərin iştirakı ilə baş tutan treninqin ilk günündə Azərbaycan Fotoqrafları Birliyinin idarə heyətinin sədri Mirnaib Həsənoğlu tərəfindən “Fotoqrafiyanın əsasları” mövzusunda təlim keçirildi və ardınca iştirakçılar Bakıda sərbəst olaraq istənilən mövzuda fotolar çəkdilər.

Təlimin ikinci günündə a.tə.ş kurslarının təlimçiləri Neal Newhof və Ron Flores tərəfindən “Tənqidi düşüncə” və “Ətraf mühit məsələləri” mövzusu üzrə təlimlər keçirilib. 24 may tarixində isə iştirakçılara Skype vasitəsilə Aytaç Gök tərəfindən “Kreativ yazı” üzrə təlim keçirilib. Ardınca həmin gün iştirakçılar Bakıda əvvəlcədən planlaşdırılmış məkanlarda ətraf mühit mövzusunda fotolar çəkib. Çəkilən hər bir fotoya isə ingilis və azərbaycan dillərində kiçik hekayə və məqalələr yazılıb. Fotolar Azərbaycan Fotoqrafları Birliyinin üzvü Vüqar Sevdiməliyev tərəfindən araşdırılıb, onların texniki cəhətdən müsbət və mənfi tərəfləri vurğulanıb. Treninqin son günü, yəni 26 may tarixində Caspian Business Center-də media nümayəndələrinin və digər şəxslərin iştirakı ilə foto sərgi keçirilib. İştirakçılar sertifikatlarla təltif olunub və ən yaxşı 3 foto sahibinə – Elmira Tağızadə, Rasim Əbdürrəhmanov və Ceyhun Məmmədova mükafatlar təqdim olunub. Tədbirə Baku Roasting Company-də karaoke klub və musiqi ilə təşkil olunan əyləncə proqramı ilə yekun vurulub.