Hərdən elə olur ki, bir kitabın səhifələrinin sayı çox olanda həmin kitab bizim gözümüzü qorxudur və biz onu oxumağa başlamaq üçün cəsarət edə bilmirik. Gəlmiş-keçmiş ən yaxşı yazıçılardan biri hesab edilən Fyodor Mixayloviç Dostoyevskinin “Karamazov qardaşları” romanı da bu qəbildən olan əsərlərə aiddir. Doğrudur, əsərin ilk hissələri o qədər axıcı olmasa da (bunu hətta əsərin giriş hissəsində yazıçının özü də etiraf edir), sonradan hadisələr elə cərəyan edir ki, obrazlar arasındakı dialoqlar, onların müxtəlif mövzular barəsində apardığı müzakirələr sizi əsəri əldən yerə qoymamağa vadar edir, lakin bəzi hissələrdə kitabı bağlayaraq toxunulan məsələlər üzərində düşünmək də lazımdır. Xüsusilə, əsərdə İvan Fyodoroviç Karamazovun dilindən səsləndirilən “Böyük İnkvizitor” adlı poema sanki roman içərisində müstəqil bir əsər təəssüratı yaradır. Dostoyevski İvanın dilindən Tanrının mövcud olub-olmaması, vicdani azadlıq və cəmiyyətin itaət etmək tələbatı ilə bağlı özünün şəxsi mühakimələrini səsləndirir və insan varlığının sirrini bizə açaraq bildirir ki, insan varlığının sirri yalnız yaşamaqda deyil, nə üçün yaşamaqdadır, başqa sözlə, uğruna yaşaya biləcəyi bir şeyin olmasındadır. Fikrimcə, əsərin həmin hissəsi bir neçə dəfə oxunulmağa dəyər.
“Karamazov qardaşları” əsəri Dostoyevskinin sonuncu əsəri olaraq bilinir. Dostoyevski bu əsərini təxminən 2 ilə yazır və 1879-cu ilin yanvar ayından 1880-ci ilin noyabr ayınadək seriya şəklində “Russkiy Vestnik” jurnalında dərc etdirir və onun dərc olunmasından 4 aydan da az müddət keçmiş Dostoyevski vəfat edir (9 fevral 1881-ci il)
Lakin ona sadəcə olaraq roman demək doğru olmazdı. Belə ki, bəlkə də, Dostoyevski ömrünün son illərində özünün şah əsəri olan “Karamazov qardaşları” romanını tamamlayarkən Rusiya ədəbiyyatında fəlsəfə səviyyəsində roman-tragediya deyilən bir növün də təməlini atdığının fərqində deyildi.
Dostoyevskinin həyat təcrübəsinin bütününü və sənət gücünün pik həddini əks etdirən bu roman, reallıqda insanı insan edən nə varsa, onlara həsr olunmuş bir dastan xarakteri daşıyır. Hər nə qədər də Dostoyevski öz əsərlərində insan psixologiyasına, onun daxili dünyasına geniş yer versə də, heç bir romanında “Karamazov qardaşları”nda olduğu kimi insan ruhunun dərinliklərinə enməmişdir. Bu əsərində obrazların timsalında, ümumilikdə həmin dövrün rus cəmiyyətində mövcud olan əhvali-ruhiyyəni əks etdirir və obrazların daxili dünyasını, onların psixoloji durumunu isə monoloqlar (hətta bəzən obrazın daxili səsi ilə) və dialoqlar vasitəsilə uğurla açmağı bacarır.
Skotopriqronyevksdə (uydurma şəhər olan Skotopriqonyevks “heyvan bazarı” mənasına gəlir, heyvan bazarı tanrının olmadığı bir yerdə yox olan dəyərlərin yaratdığı pozğunluğu, insani dəyərləri itirməyi təcəssüm etdirir)[4] yaşayan bir ailənin həyatından bəhs edən bu əsərdə fəlakətlər zənciri olaraq inkişaf edən hadisələr axımı fərdlərlə yanaşı, XIX əsrin ikinci yarısındakı rus cəmiyyətinin də keçirdiyi sarsıntıları dünya ədəbiyyatında bir bərabəri daha tapıla bilməyəcək sənət pəncərəsindən əks etdirilir. Lakin qeyd etmək lazımdır ki, kitabın 850 səhifə olmasına baxmayaraq, bunun tamamını əsas süjet xətti təşkil etmir, həm yan hekayələrin bolluğu, həm də din və mövcudluq fəlsəfəsi ilə bağlı müzakirələrə geniş yer verilməsi əsərin həcmini və fəlsəfiliyini artırır.
Əsər bir ailənin həyatından bəhs etsə də, həmin ailənin bütün fərdlərində Dostoyevski öz həyatının müəyyən dövrünü əks etdirməyi bacarmışdır. Dostoyevskinin həyatı ilə tanış olduqdan sonra əsəri oxuyacaq olan şəxslər bunu daha yaxşı anlayacaqlar. Ata Fyodor Pavloviçin 3 oğlu (Dmitri, İvan və Aleksey) və onun qeyri-qanuni oğlu olan Smerdyakov obrazları Dostoyevskinin xarakterinin onun həyatının müxtəlif dövrlərində mövcud olan yansımaları kimi çıxış edir. Bu barədə məlumat üçün bax.
Lakin mənim fikrimcə, əsərdəki bu obrazlara həm də cəmiyyətimizin müxtəlif siniflərinin təzahürü kimi də baxmaq mümkündür. Çünki əsər özlüyündə insanlararası münasibətləri də ehtiva etdiyindən ona bu şəkildə baxmaq daha məqsədəuyğundur. Bu mövqedən yanaşdıqda Dmitrinin öz gücünə arxalanan və əyyaşlığa, pozğunluğa qurşanmış, özünün şəxsi istəkləri qarşısında müti hala düşərək hər şeyi edə biləcək, hətta özünü alçalda biləcək bir xarakterə malik olması mövcud cəmiyyətimizin də müəyyən bir kəsiminin bədii təsvirini özündə əks etdirir. Təsadüfi deyil ki, əsərdə prokuror İppolit Kirilloviç də Dmitrini Rusiyanın olduğu təbii halı əks etdirdiyini söyləyir.
İvan obrazı isə təhsilin insana şübhəçi düşünmə (yazıçı öz mistik mövqeyindən çıxış edərək şeytanın və inancsızlığın insanın ürəyinə hakim kəsildiyinə işarə edərək bildirirdi ki, şeytanın Tanrıya qarşı mübarizə apardığı döyüş meydanı insan qəlbidir) bacarığını inkişaf etdirməkdə yardım etməsini özündə təcəssüm etdirərək qərbli ziyalı insanı təmsil edir. Dostoyevskinin bu obrazı həm də qərbləşmə tərəfdarlarına verilən bir cavab kimi özünü göstərir. Dostovevskinin fikrincə, Qərb maarifçiliyi və təhsili sadə rus ruhu ilə ziddiyyət təşkil edir və onu qaçılmaz olaraq şübhəyə və inancsızlığa məhkum edir. Bu barədə Dostoyevski əsərdə öz fikrini belə ifadə edir ki, dünyəvi elm böyük güclə birləşərək, xüsusilə də son yüzildə müqəddəs kitablarda bizə vəsiyyət olunan səmavi nə varsa, hamısını dağıdıb və alimlərin bu qəddar analizlərindən sonra əvvəlki müqəddəslikdən, demək olar ki, heç nə qalmayıb.
“Bütün dünya yanıb kül olsa da, təki mənə yaxşı olsun” deyən şəhvətpərəst ata Fyodor Pavloviç (Fyodor Pavloviç obrazı Sabirin məhşur satirasındakı “millət necə tarac olur-olsun, nə işim var” deyən obrazı insana xatırladır) və onun qeyri-qanuni oğlu Smerdyakov isə Rusiyanın qoparıb atılması zəruri olan çürümüş xüsusiyyətlərini əks etdirirlər. Lakin belə bir ailədən Aleksey Karamazov (Alyoşa) kimi inanclı və insanlığı və insanları sevən birinin çıxması ilə müəllif sanki gələcəyə ümid etdiyini göstərir və Alekseyin timsalında Rusiyanın gələcək gəncliyinin əslində necə olmalı olduğunu nümayiş etdirir.
Əsəri oxuduqca bizə aydın olur ki, cəmiyyətdə mövcud olan cinayətkarlığın, pozğunluğun, insanların fərqli qütblərə bölünməsinin, hətta bir-birilə qardaş olsalar belə, bir-birlərindən uzaq durmalarının səbəbi kimi inancsızlıq çıxış edir. Məhz bu mövqedən yola çıxan Dostoyevski əsərin əvvəllərində belə bir sual qoyur ki, dövlət, yoxsa kilsə şəxsi mühakimə etməlidir? Hansı halda veriləcək cəza (maddi və ya mənəvi) ilə cəmiyyəti islah etməyi bacararıq? Yuxarıda qeyd etdiyimiz bütün bu problemlərə həll yolu kimi isə yazıçı İsanı və Tanrı inancını təklif edir və bunun hətta cinayətkarın cəzalandırılması üçün də effektiv olacağına müəllif bizi inandırmağa çalışır. Lakin Dostoyevski onu da etiraf edir ki, qurmaq istədiyi bu vicdan mühakiməsi bəzi insanlar üçün (vicdansızlar) tamamilə göydəndüşmə olacaqdır. Əslində kilsə məhkəməsinin qurulmasının niyə zəruri olduğu sualına cavabı da biz əsərdə görürük. “Bir insanın hər kəs qarşısında günahkar olduğu” fikrinin tərəfdarı olan Dostoyevski hüquq qaydası belə olsa, bir insanın digər insanı mühakimə etməsini düzgün hesab etmir. Təbii ki, bu zaman yenə də müəllifə İsa peyğəmbərin, xüsusilə də onun “aranızda günahsız olan ona ilk daşı atsın” ifadəsinin təsiri hiss olunur.
Dostoyevskinin əsərdə bir sıra obrazların timsalında da göstərdiyi əsas problemlərdən biri şəxsin bütövlükdə insanlığı sevməsi, lakin ayrı-ayrılıqda insanlardan xoşunun gəlməməsidir. Əslində bu problemin müasir dövrümüzdə də mövcud olduğunu nəzərə alsaq, problemin nədən qaynaqlana biləcəyini araşdırmalıyıq (təbii ki, bu sosiologiya və psixologiya kimi böyük elmlərin araşdırma predmetinə daxil olduğundan bu mövzu üzrə mənim yanaşmam doğru olmaya da bilər). Fikrimcə, hər birimiz bəzi cisimlərə müəyyən əlamətlər yükləyirik və həmin şeylərin məhz bu əlamətlərə uyğun olmasını gözləyirik. Məsələn, birinin seviləcək insan olması üçün hansı əlamətlərə malik olmasını biz öz təxəyyülümüzdə canlandırırıq və həmin əlamətlərə cavab verməyən şəxslərə qarşı qəlbimizdə heç bir sevgi hissi yaranmır. Beləliklə, burdan belə bir nəticə çıxara bilərik ki, bizim ümumilikdə insanlıqdan gözləntimiz olmadığından (yəni əksər hallarda) ona qarşı sevgimiz təmənnasız ola bilir, lakin insanlardan müəyyən gözləntilərimiz olduğundan bu cür gözləntilərin qarşılanmadığı anlarda biz insandan və ya insanlardan nifrət edirik. Burda digər problem ondan ibarət olar ki, biz şeyləri öz adı ilə adlandırmırıq. Əsər boyu bir sıra obrazların timsalında biz bu problemin qabardıldığına şahidlik edirik (əslində burada əsərdən bir sıra məqamlara toxunmaq istərdim, lakin hələ əsəri oxumamış olanlar olduğundan bunu etmək fikrimdən daşınıram).
Əsərdə maraq doğuran digər məqam isə Dostoyevskinin cinayətin yalnız hər hansı əməllə törədilən bir şey olmadığını bildirməsidir. Belə ki, onun düşüncəsinə görə, biz bir şeyi arzu etməklə də cinayət törədə bilərik (heç bir əməllə bu arzunu reallaşdırmasaq belə). Əslində Dostoyevskinin bu mövqeyi başa düşüləndir, çünki Dostoyevskinin əsər boyu insan mənəviyyatının təmizlənməsi üçün alışıb yandığını gördüyümüzdən insanın bu cür pis düşüncələrə düşməsinin əslində bir cinayət olması fikrini irəli sürdüyünü anlamış olaraq. Dostoyevskiyə görə, cinayət tanrısızlığın bir nəticəsi olaraq meydana gəlmişdir və qəlbində tanrı qorxusu olan bir şəxs heç kəsin ölümünü arzulaya bilməz. Əgər arzulamışsa, deməli tanrıdan qorxmur və tanrısızdır. Əgər tanrısızdırsa, deməli, cinayətkardır. Ona dövlət məhkəmələri cəza verməsə də, o, daim öz vicdanı qarşısında cəzasını çəkməli olacaqdır.
Sonda isə qeyd etməliyəm ki, əsəri oxuduqdan sonra insan, məncə, hər şeydən əvvəl özünə bu sualı verməlidir: “Bəlkə, biz də istənilən şəklə düşə bilən Karamazovsayağı məxluqlarıq?”. Əgər cavabımız təsdiqləyici ifadə olacaqsa, biz ayılaraq və düşünərək yeni həyata başlamalı, cəmiyyət olaraq özümüzə baxmalıyıq, axı biz də öz ictimai işimizdə nəyisə dərk etməli, ya da heç olmasa dərk etməyə başlamalıyıq (əsərdən bir hissə).
Müəllif: Huseyn İrzayev