Unudulma hüququnun termin olaraq yeniliyi heç də onun daşıdığı mənanın da yeni olmasını göstərmir. Unudulma hüququ offline zamanlar üçün də ehtiyac duyulan bir vasitə idi. Daha çox olaraq bilinən mənası ilə onu axtarış sistemləri tərəfindən indekslənən səhifələrdə yer almamaq və bu formada online olaraq davamlı xatırlanmaq durumunda qalmamaq şəklində izah edə bilərik. Bu hüquq sayəsində insanlar özləri barəsində etibarın idarəedilməsini (reputation management) həyata keçirirlər. Belə ki, onlar özləri ilə əlaqədar etibarı azaldacaq xəbərlərə, şərhlərə, məzmunlara çatımlılığı azaltmaq istəyirlər. Offline şəraitdə bu durumu qeybətin və adın pisə çıxmasının qarşısının alınması ilə müqayisə edə bilərik.

Texnologiya dövründə yaşadığımızdan rəqəmsal dünyanın yeniliklərindən istifadə etməyə məcburuq. Bu baxımdan məlumata olan ehtiyacımızı qarşılamaqda ən böyük mənbə kimi çıxış edən internet müasir texnologiyada insanların bir-birilə yazılı, səsli və görüntülü şəkildə əlaqə yarada bildiyi şəxsi və kütləvi ünsiyyət metodudur. Ahmet Yıldırım Türkiyəyə qarşı iş üzrə qərarında AİHM qeyd etmişdir ki, internet insanların ifadə və məlumat azadlığı hüququnun istifadə edilməsinə xidmət edən günümüzdəki başlıca vasitələrdən biri olub, ifadə azadlığı, xəbər və ya məlumat alma və vermə azadlığının tamamlayıcı bir ünsürüdür

Lakin özünün üstün cəhətləri ilə yanaşı, internet bir sıra problemləri də özü ilə birlikdə gətirmişdir. Belə ki, internetdə yer alan şəxsi məlumatların çoxu fərdin həyatına birbaşa təsir edə biləcək xarakterə malikdir. Həyatın müxtəlif sahələrində istər dövlət orqanları, istərsə də özəl qurumlar tərəfindən insanlara aid olan fərdi məlumatlar toplanaraq saxlanılır. Sonra isə bu məlumatlar müxtəlif məqsədlərlə, məsələn, kredit üçün müraciət edərkən istifadə olunur. Həmçinin bu cür məlumatların fərdlərin şəxsi həyatını dözülməz həddə gətirəcək şəkildə lüzumsuz və uzun müddət internetdə mövcudluğunu davam etdirməsi onların başda fərdi məlumatlarının qorunması hüququ və şəxsi həyatın gizliliyi hüququ olmaqla, unudulma hüququnu da pozur.

Bu baxımdan Avropa Ədalət Məhkəməsinin 13 may 2014-cü il tarixində məlumatların qorunması, internet və “unudulma hüququ” ilə əlaqədar qəbul etdiyi qərar böyük əhəmiyyət daşıyır. Belə ki, bir internet istifadəçisinin Google axtarış sistemində Mario Costeja González adlı vəkilin adını axtarışa verdiyində “La Vanguardia” adlı gündəlik bir qəzetin iki fərqli tarixli səhifəsinə keçid (link) verməsi və bu keçid verilən səhifələrdə həmin şəxsin öz borclarını ödəyə bilməsi üçün ərazisini hərrac yolu ilə satmaq məcburiyyətində qalmasına dair məlumatların olması bu qərarın qəbuluna səbəb olmuşdur. Ərizəçi González 2010-cu ildə Google axtarış saytı ilə onun adının axtarışı zamanı həmin qəzet elanının göstərilməsinin davam etdiyini gördükdən sonra İspaniya Məlumatların Mühafizəsi Qurumuna qəzetGoogle İspaniya və Google A.Ş. barəsində şikayət etmiş və həmin elanın axtarış zamanı gizlədilməsini və ya onun ümumiyyətlə məhv edilməsini tələb etmişdir. Qurum isə qəzetin elanı qanunauyğun şəkildə yayması əsası ilə şikayəti rədd etmiş, ancaq Google İspaniya və Google A.Ş. barədə olan şikayətləri qəbul etmişdir. Google isə buna görə yuxarı məhkəməyə müraciət etmiş, lakin həmin məhkəmə də bir münasibət bildirməsi üçün bu mübahisəni AƏM-nə daşımışdır.

Google bəzi şəxsi məlumatların silinməsi tələbini ictimaiyyətin məlumat azadlığının pozulmasına səbəb olacağı ilə bağlı arqumenti müdafiə etsə də, Məhkəmə bir prinsip olaraq, insanın şəxsi həyatının gizliliyi hüququnun axtarış sisteminin iqtisadi faydasına səbəb olan cəmiyyətin məlumatı əldə edə bilməsi hüququndan üstün olduğunu və bu qaydanın yalnız ictimaiyyətin məlumatı əldə edə bilməsində daha üstün bir faydanın olması halında tətbiq olunmayacağını qeyd edərək Google’un arqumentini məqbul hesab etməmişdir. Həmin qərarda Məhkəmə “şəxsin adı ilə əlaqədar olaraq üçüncü şəxslər tərəfindən internet saytlarında qanuni olaraq hazırlanmış və yayımlanmış şəxsi məlumatlar “etibarsız, natamam, tamamilə əhəmiyyətsiz (və ya sonradan əhəmiyyətsiz hala gəlmiş)” isə axtarış sistemləri tərəfindən internetə yüklənən şəxsi məlumatların və bunun əlaqədar “nəticələr” hissəsində yer alan məlumatların silinməli olmasını” müəyyən etmişdir.

Beləliklə, bu qərar Google kimi axtarış sistemlərinin müəyyən bir müddət keçdikdən sonra mövcud keçidləri silərək istifadəçilərinin “unudulmalarına” şərait yaratmasının zəruri olduğunu göstərdi. Bu qərarın digər diqqətçəkən məqamı da ondan ibarətdir ki, əlaqədar şəxsi məlumatların orijinal halının internet səhifələrində yayımlanması qanuni olsa belə, Google kimi axtarış sistemlərinin bu səhifələrə keçid etmək üçün verdikləri linkləri silmək məcburiyyətində qalmasıdır.

Türkiyə məhkəmə praktikasında da unudulma hüququnun pozulması ilə bağlı işlərə rast gəlinir. Bu cür işlərin birində cinsi toxunulmazlıq əleyhinə cinayətdən zərər çəkən şəxs onun işi ilə bağlı məhkəmə qərarının onun adı kodlaşdırılmadan bir kitabda dərc etdirilməsini bu hüququn pozulması hesab edərək iddia qaldırmış və Birinci instansiya Hüquq Məhkəməsi (Asliye Hukuk Mahkemesi) adın kodlaşdırılmadan qərarın yayımlanmasına görə iddiaçının zərər görməsi səbəbilə onun həssaslığını əsas götürüb pozuntunu qəbul etmiş və mənəvi zərər tələbini qismən qəbul etmişdir. Qərardan şikayətə baxan Yuxarı Məhkəmə (Yargıtay 4. Hukuk Dairesi) isə iddiaçının adının kodlaşdırılmadan yayımlandığı kitabın elmi əsər olması, bu baxımdan “elm azadlığı”nın əhatə dairəsində qaldığını və qərarın “ictimailik” qazanaraq cəmiyyətə açıq olmasını, bu səbəblərdən dolayı da şəxsin hüquqlarının pozulmasına yönəlmiş hər hansı əməlin olmadığına qərar verərək aşağı instansiya məhkəməsi qərarını ləğv etmişdir. Lakin bu qərarın qəbulu zamanı verilən xüsusi rəylərdən biri belə idi: “Hər nə qədər mühakimələr açıq-aşkar olsa da, zərərçəkmişin məruz qaldığı cinayət insan psixologiyasını ömür boyu sarsıtmağa davam edə biləcək xarakterdədir və buna görə də onun məruz qaldığı bu hücum mütləq şəkildə gizli saxlanılmalıdır”

Azərbaycan Respublikasında fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətləri tənzimləyən “Fərdi məlumatlar haqqında” Qanunun 7.1.5-ci maddəsinə əsasən subyektin informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək; həmin Qanunun 7.1.6-cı maddəsinə əsasən isə özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək hüququ vardır. Qanunun 2.1.1-ci maddəsində fərdi məlumatlara şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat olaraq anlayış verildiyindən həmin şəxsin internet saytlarında barəsində yerləşdirilmiş məlumatların da mühafizəsinə dair hüquqları təmin edilməlidir. Qanunverici fərdi məlumatların məhv edilməsinin aşağıdakı üsullarını müəyyən edir:

  • informasiya sistemində fərdi məlumatların silinməsi;
  • fərdi məlumatların məzmununun sonradan bərpa edilməsi mümkün olmayan vəziyyətə salınması;
  • fərdi məlumatlar olan maddi daşıyıcıların məhv edilməsi

Texnologiyanın yüksək inkişaf etdiyi bu dövrdə şəxsin özü ilə əlaqədar hər hansı məlumatın silinmədən rəqəmsal dünyada varlığını qorumasının artıq problemə çevrilməsini nəzərə alsaq, mövzunun daha dərindən araşdırılmalı olduğunu vurğulamalıyıq.

Müəllif: Hüseyn İrzayev

İstifadə olunmuş ədəbiyyat siyahısı.

  1. Sırabaşı V. İnternet ve radyo-televizyon aracılığıyla kişilik haklarına tecavüz. Adalet Yayınevi. 2. Baskı, Ankara, 2007, s.133.
  2. https://hudoc.echr.coe.int/eng-press#{%22itemid%22:[%22001-115705%22]}
  3. Akgül A. Kişisel verilerin korunmasında yeni bir hak: “Unutulma hakkı” ve AB Adalet Divanı’nın “Google kararı”. Türkiye Barolar Birliği Dergisi. Cilt 27, sayı 116, 2015, s.27.
  4. http://curia.europa.eu/juris/document/document.jsf?docid=152065&doclang=en
  5. Yargıtay 4. Hukuk Dairesi’nin 03.07.2013, 2013/6256 E, 2013/1282 K. sayılı kararı.
  6. http://www.e-qanun.az/framework/19675 – “Fərdi məlumatlar haqqında” Qanun.