Bir dəfə məktəb vaxtları müəlliməmiz evə çox tapşırıq vermişdi. Biz verilən tapşırıqların yarısını yazmağı uşaqlarla razılaşdıq. ’’Özümüzü niyə bu qədər yoruruq, qalan tapşırıqları da sabah edərik’’ deyib öz bildiyimizi etdik. Müəllimə də verdikləri tapşırıqlarının hamısını yerinə yetirmədiyimizi görüb dedi: ’’Bu günün işi sizi yordu, sabah iki günün işi birləşərsə, onda nə edəcəksiniz?’’ Bu bizə əsl dərs oldu.

Demək olar ki, çoxumuzun etdiyi səhvlərdən biri işlərimizi təxirə salmaqdır. Hər şeydən öncə özümüzə sual verməliyik ki, görəsən niyə işlərimizi sabaha saxlayırıq?, niyə istəyimiz olmur?, niyə bəhanələr tapırıq?, hansı səbəblərdir ki, işlərimizi təxirə salmağa vadar edir?

İlk növbədə insan özü bu sualların cavabıdır. Yəni hər bir şəxsin özündə bu sualların cavabları yatır. İndidə bu cavabları tapmaq üçün az da olsa köməklik göstərməyə calışaq.

Əvvəlcə aydınlaşdıraq ki, təxirə salmaq bir xəstəlik yoxsa psixoloji vəziyyətdirmi? – Təbii ki bu xəstəlik deyildir. Yaşadığımız mənfi duyğuların nəticəsi olaraq etdiyimiz bir qaçınma davranışıdır. Əlbətdə bu psixoloji vəziyyətin bir çox səbəbləri var:

1. Qorxu – Ətrafımızda elə bir çox insan tapmaq çətin olarki o, nədənsə qorxmasın. Hər birimizin qorxularımız var, lakin qorxu hissinin çox olması daha təhlükəlidir. Belə ki əgər biz nəyəsə başlamazdan əvvəl özümüzdə “ya bu işi istədiyim kimi görə bilmərəmsə?’’ sualı yaransa deməli qorxunun bizə açıq-aşkar mane olması vəziyyəti ilə rastlaşacağıq.

2. Tənbəllik – Tənbəl insanlar fəaliyyət bacarığına sahib olsalar da səy göstərməkdə istəksiz olurlar.

3. Qərarsızlıq – Bəzən günlərcə bir mövzuda qərar verməyə çalışırıq, amma nəticə ala bilmirik. Ona görə də etməli olduğumuz nələrisə təxirə salırıq. Qərarsızlıq hansısa səbəblərdən yaşanır. Məsələn: özünə inamın olmaması, gələcəkdən qorxmaq, mükəmməlçi olmaq və s. Elə buna görə İngiltərədə aparılan tədqiqatların nəticəsində qərar verməyin bir bacarıq olması nəticəsinə gəlinmişdir.

4. Güvənsəzlik – Güvən haqqında belə bir cümlə oxumuşdum “Quşlar qonduğu yerin qırılmasından qorxmaz, çünki güvəndiyi qonduğu yer deyil, öz qanadlarıdır. ’’Əgər özümüzə güvənimiz olmazsa heç bir şeyə başlaya bilmərik.

5. Mükəmməlliyətçilik – Mükəmməl olmaq istəyi hər birimizin içində müəyyən qədər var və bu istəkdə görüləcək işlərimizi dahada ləngidir.

6. İşə qeyri-ciddi yanaşmaq

Bu psixoloji vəziyyətin izahını və necə aradan qaldırılmasını bir çox üsullarla vermək olar, lakin uzun araşdırmadan sonra maraqlı bir üsul tapdığıma inanıram. Əminəm ki, bu izah hər birimiz üçün fərqli və anlaşılan olacaq. Həyatımızda demək olar ki, hər bir şey özümüzə sual verməkdən başlayır. İşlərimizi yubadarkən də gəlin ilk bu sualı özümüzə verək. Nəyəsə başlamağımız üçün istəkmi yoxsa hərəkətmi olmalıdır?

Sualın cavabına izah etdiyim üsulla aydınlıq gətirməyə çalışacam. Bildiyimiz kimi fizikanın məşhur qanunlarından biri ətalət qanunu cismin hərəkətsizliyi ilə əlaqədardır və bu xassəyə cismin ətalətliliyi yəni hərəkətsizliyi deyilir. Cismə başqa cisimlər təsir etmədikdə o sükunətdə qalır. Bu ifadəni həyatdakı hadisələrə tətbiq edək: belə təsəvvür edin sizin maşınınız xarab olub. Əgər siz ona heç bir təsir göstərməsəz yerində qalacaq, amma müəyyən qüvvə tətbiq edib onu hərəkətə gətirməyə təkan versəniz o sizin itələdiyiniz andan etibarən daha da sürət alaraq hərəkətə gələcək. Yəni siz nəyəsə başlayanda hərəkətə keçmədən sadəcə onu istəsəz o sizin üçün elə istək olaraq da qalacaq.

İşimizi vaxtında görməmək bizdə həmçinin neqativ hisslər doğurur. Bu zaman bizdə özümüzə qarşı tənqidi və neqativ günahkarlıq hissi yaranacaq. Ləngitmə sizi potensialınızdan istifadəni saxlayacaq və yerinə yetirə biləcəyiniz işlərə də cəhd göstərməyiniz xeyli azaldacaq. Bunların heç birinin baş verməməsi üçün müəyyən qaydalar var ki, onların köməyi ilə bu psixoloji vəziyyətdən qurtula bilərik:

1. Özünüzə güvənin – bu sizi motivə edəcək.

2. Hər gününüzü planlaşdırın – siz hər axşam yatmazdan əvvəl səhərki gününüzü ən çətin işdən başlayıb ən asan üzrə qeyd etməlisiniz. Səhər çətin işləri bitirmək digər işləri bitirmək üçün sizə güc verəcək.

3. İşlərinizi yerinə yetirməməyin xoşa gəlməz nəticələrinin olmasını özünüzə tez-tez xatırladın.

4. Çalışdığınız yer sizə mane olursa həmin yerin mühitini dəyişdirin – ağlınızdakı yeni ideyalarla otağınızı dizayn etmək bu işdə yarayar.

5. Daha çox sizə motivasiya verən insanlarla vaxt keçirin.

6. Hədəfinizə bağlanın – hədəfləriniz varsa və sağlamdırsa sizi heç bir şey dayandıra bilməz.

7. İşə başladığınızda bölünməyən zaman seçin – sizi nə isə bir işlə məşğul olarkən tez-tez fikrinizi yayındıracaq hallar baş versə bu sizdə ləngitmə hissini oyadacaq.

Unutmayın çalışmadan heç bir uğur və mükafat yoxdur. Yadda saxlayaq ki, başlamaq işi bitirməyin yarısıdır. Qarantisi olmayan bu həyatda heç nəyi təxirə salmayın və elə indi başlayın!

Müəllif: Lalə Hümmətova


Bonus:

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂