Azərbaycan izləyicisinin sevgisini qazanan Sənan Səidin çox qəribə həyat hekayəsi var. Bağdad şəhərində radio aparıcısı olan, əslən İraq türkməni olan Sənan Səid 1958-ci ildə Bakıya elə radio aparıcısı olaraq dəvət edilir.

Bir müddət sonra Bakı ona vətəni kimi olur. Gələn zaman təhsili olmayan Sənan Səid ali təhsilini də Bakıda alır. O vaxtlar bilmirdi ki, ömrünün sonlarında gəncliyinin Bakısı üçün çox darıxacaq. O, özünü əsl azərbaycanlı kimi hiss edir, Azərbaycanı bütün varlığı ilə sevirdi. Radioda işləməyə başlayanda sevgisinə qarşılıq olaraq böyük sevgi qazanır. Onu himayə edir, həm maddi, həm də mənəvi olaraq ona dəstək olurdular. Sənan Səid xariqüladə səsi ilə həm ərəb dilində olan həftəlik veriliş səsləndirir, həm xəbər oxuyur, həm də Azərbaycan yazıçılarının məşhur yazıçılarının əsərlərini ərəbcəyə tərcümə edirdi. Belə ki, onun Nərminə Məmmədova ilə tanışlığı da buradan başlayır…

Azərbaycan səhnəsinin “Çalıkuşu”su, məşhur Qiyasbəylilər nəslindən olan Nərminə Məmmədovanın əsl adı Fəridə olub. Sonra anası “Çalıkuşu” romanındakı qəhrəmanın adı ilə eyni olduğu üçün bu adın qızının həyatına təsir edə biləcəyini düşünüb “Nərmin” olaraq dəyişir. Getdikcə ad dəyişilərək “Nərminə” kimi səslənir. Nərminə Məmmədova bəstəkar Tofiq Quliyevin, Qənbər Hüseynlinin, Cahangir Cahangirovun, Səid Rüstəmovun, Ramiz Mustafayevin, Andrey Babayevin, Əşrəf Abbasovun, Ağabacı Rzayevanın bəstələrini ifa edir, “Ay işığında”, “Sirrini bilmədin”, “Alagöz”, “Aman ovçu”, “Gilənar”, “Hardasan yar”, “İlk xatirələr”, “Nar-nar”, “Qərənfil” mahnıları ilə məşhurlaşır.

Nərminə 60-cı illərdə anasının nəslindən olan Ramiz Qiyasbəyli ilə evlənir və Sevinc (Sevinc Qiyasbəyli indi Onkologiya Mərkəzində professordur.) adlı uşağı dünyaya gəlir. Nərminə xanımın atası Ağası bəyin “xalq düşməni” damğası ilə sürgün olunması onların ailəsinə bədbəxtlik gətirir. Nərminə məktəbdən çıxmağa məcbur olur, amma daha sonra təhsilini davam etdirir. BDU-nun filologiya fakültəsində Əlövsət Abdullayev, Ağamusa Axundov, Yusif Seyidov kimi professorlardan dərs alır. Təxminən həmin illərdə Sənan Səid də eyni univeristetin jurnalistika fakültəsində oxuyurdu, lakin oxuduqları yerdə bir-birlərini tanımaq şansı heç olmadı.

radio

Radioda olan tanışlıqları ilə duet oxumaq təklifi elə eyni saatlarda baş verir.

Sənan Səidin yaxın dostu, sirdaşı Nahid Hacızadə xatirələrində mahnının yaranma tarixini belə danışır: Ona ikiotaqlı ev vermişdilər. “İnturist” öz evinə köçdü. Volqa maşın almağı da onu çox sevindirirdi.

Direktorumuz həmişə deyirdi: “Sənan Səidi gözündən qaçırma. Qəribdir, ondan ayrılma. Hər axşam onlara get, istəsən onunla qala bilərsən. Subay adamsan, ikiniz də darıxmazsınız.”

Axşamlar, o, çay hazırlayardı. Bu vaxt hüznlü mahnılar zümzümə edərdi. Bir hissəsi qulağımda səsləndi: “Ninni, yarım, ninni”. Mahnını bitirməmiş xahiş etdim ki, bir daha oxusun.

Bir dəfə dedim ki, Sənan, gəl bu mahnını yazdır, hər kəs dinləsin. Biz ölüb gedəcəyik, icazə ver mahnı xatirələrdə qalsın, yaşasın.

Sənan təəccüblənib dedi:

– Nə danışırsan? Gülərlər mənə, mən aparıcıyam. Bir görsən, Bağdadda, Kərkükdə bu mahnını necə oxuyurlar. Onlardan sonra mənim oxumağım gülünc görünür.

– Görünməz, cənab, görünməz. Özün də görürsən ki, sənin hər kəsin ürəyini titrədir.

Sənan Səid gülümsədi və əlavə etdi

– Bəy, gəl, belə edək. Sən mənə qadın müğənni tap, biz duet oxuyaq. O zaman fərqli səslənər bu mahnı.

Mən çox adlar çəkdim, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Flora Kərimova və daha kimlər kimlər… Sənan bu ifaçıları tanıyırdı, amma heç biri ürəyinə yatmadı.

Bir gün hardansa gəlirdik, radioda xor ansamblında konsert məşqləri gedirdi. Solist Nərminə Məmmmədova idi. Sənan Səid mənim qolumdan tutdu.

– Tapdım, tapdım! Bu xanım oxuya bilər o mahnını. Özü də qəşəng oxuyur.

Mən Nərminə xanımı Sənan Səidlə tanış etdim. Çox sevinsə də, oxumağa razı olmadı.

“Mən bu ləhcə ilə belə gözəl oxuya bilmərəm” – dedi.

Ancaq necə oldusa, sonra qəbul etdi. Hazırlıqlar başladı, Sənan Səid də, Nərminə xanım da mahnını ürəklə oxudular.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "“Evlərinin önü yonca” mahnı ifaçıla..." A few seconds ago