Adi arabaçı olan Murtuza Muxtarov sonralar milyonçuya çevrilir. “Diplomsuz mühəndis” Murtuza bütün neft sahəsinə dərin yiyələnir, bu sahədə mühüm irəliləyişlər əldə edir.

O, maşınların səsindən,balta və boruların ahəngindən, avadanlıqların gurultusundan quyunun dərin qatlarındakı vəziyyətini müəyyən edə bilirdi. 1865-1920-ci illərdə yaşamış milyonçu 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. Onun bu ixtirası «Bakı qazma sistemi» adı ilə tarixdə qalır. Təkcə Bakıda yox, Maykop və Qroznı neft mə’dən sahiblərilə də müqavilə bağlıyıb quyu qazırdı; zavod və mə’dənlərlə, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi.

Yuxarıda deyildiyi kimi çox məğrur olan bu insan Bakının yeganə milyonçusu olub ki,yanında heç bir qoçu saxlamayıb, yəni indiki vaxtla desək, cangüdən. Bakının qoçuları ondan ehtiyat edərlərdi. Manaf Süleymanovun “Elədiklərim, oxuduqlarım,gördüklərim” kitabında yazılır ki, bir dəfə Murtuza Muxtarov Beslanda restoranda oturub nahar edib qatarı gözləyirmiş. Birdən qaçaqaç düşür ki, bəs Zəlim xan gəlir. Zəlim xan Beslanda tanınmış qoçu idi. Muxtarovdan başqa hamı qaçıb gizlənir. Neftxudanın yanındakı adam deyir ki, ağa atlar və kareta hazırdır, dur qaçaq. Muxtarov deyir ki, heç yerə getməyəcəyik, sən də otur burda, durma. Çox keçmir ki, Zəlim xan içəri daxil olur və Muxtarovgili görüb təəccüblənir. O, Muxtarovu öz masasına dəvət edir, amma Murtuza bu dəvəti rəd edir. Bu zaman Zəlim xanın adamları istəyirlər ki, gedib Muxtarovgili öldürsünlər, Zəlim xan buna icazə vermir. Özü durub Muxtarovun oturduğu masaya yaxınlaşır. Muxtarovun cəsarəti onun çox xoşuna gəlir və sonradan onlar dostlaşırlar. Zəlim xanı çar höküməti öldürdükdən sonra onun iki uşağına M. Muxtarov himayədarlıq edir.

Vladivostoka səfəri zamanı orada Liza xanım Tuqanova ilə evlənir. Liza xanım Valdiqafqazlı general Tuqanovun ortancıl qızı olub. Onların aralarında yaş fərqi çox idi və öz övladları olmasa da bir çox uşaqlara qəyyumluq etmiş, oxudub savad vermişdilər. Liza xanımla Avropa səyahətinə gedirlər. Venetsiyadakı binaların arxitekturası Muxtarovu valeh edir. Və onlara oxşar bir sarayı Bakıda bir il ərzində (1911-1912) inşa etdirir. Sarayın hər sütünü, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir.

Sarayı arxitektor Ploşko fransız kotik üslubunda layihələşdirib. M.Muxtarov, 6 ünvanında yerləşən Saray Fransız qotikası üslubunda tikilmiş sənət əsəridir. Onun iç interyeri də çox gözəldir. İndi bu binanı “Səadət” sarayı adlandırırlar. Həmin bu sarayın podratçısı olmuş Hacı İmran Qasımov tikilməkdə olan binanın eyvanındakı əsgər heykəlini yerləşdirərkən yerə yıxılır və vəfat edir. Onun həyat yoldaşı Rübabə xanım isə bu dəhşətli hadisəyə dözə bilməyib 2 həftədən sonra özünə qəsd edir…

M. Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişdir. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bə’zi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. 1910-cu ildə Əmircan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır.

Deyilənlərə görə, sənədlərə imza atarkən nadir hallarda söyadını bütöv şəkildə yazardı, adətən üç hərfdən ibarət “Mux” cızardı…

Təbiətcə çox məğrur olan bu şəxsin həyatı faciə ilə bitmişdir. Bakıda 1920-ci ilin aprel ayında (aprel inqilabının ilk günləri) Muxtarovun sarayına soxulan iki nəfər bolşevik ondan təcili evi tərk etməsini tələb edir.. Əsəbləri pozulmuş milyonçu Muxtarov bu rəzilliyə dözə bilməyib əlindəki tapança ilə bolşeviklərin birini (bolçevik Anosov) güllələyib öldürür, digər gülləni isə öz alnına vurur….

Muxtarovun ölümündən sonra həyat yoldaşı Liza xanım bir müddət sarayın qonşuluğunda yerləşən evlərdən birinin zirzəmisində yaşayır. Xaricə qaçmaq məqsədi ilə saxta olsa da bir Türk paşasına ərə gedib Türkiyəyə qaçır və zənn edir ki, xilas oldu, amma onun məşəqqətli həyatı sonradan başlayır. Bəzi mənbələrdə qeyd edilir ki, Liza xanım 1950-ci illərdə Parisdə vəfat edir, amma onun məzarının yerləşdiyi yer barədə heç bir məlumat yoxdur, çünki Liza xanım xaricə qaçdıqdan sonra yaxınları ilə əlaqə saxlamayıb, hətta məktub da yazmırmış…