Nikola Tesla – cərəyanlar dahisi

0
267

Bu dəfə sizə bəzi insanların tanıdığı çoxlarının isə tanımadığı Nikola Tesla haqqında məlumat verəcəyik. 🙂

Tesla 10 iyul 1856-cı ildə keçmiş Avstriya-Macarıstan imperiyası, hazırda isə Xorvatiyanın ərazisində yerləşən Smilyan kəndində keşiş ailəsində anadan olub. Uşaqlıq və ilk gənclik illərini Avstriya-Macarıstanda keçirib, daha sonra Fransa və ABŞ-da işləyib, 1891-ci ildə ABŞ vətəndaşlığına qəbul edilib.

Atası onun dini işlərlə məşğul olmasını istəyirdi, lakin 1873-cü ildə Teslanın tutulduğu vəba xəstəliyi onun həyatında dönüş nöqtəsi olur. Bu barədə Tesla öz xatirələrində belə yazır: “Uşaqlıqdan mənə keşiş yolu nəzərdə tutulmuşdu. Bu gələcək bir qara bulud kimi mənim üzərimdə asılmışdı. İmtahanlarımı verib yetkinlik şəhadətnaməsi alanda mən bir yol ayrıcında idim. Mən atamın sözündən çıxmalı, anamın sevgi dolu istəklərinə məhəl qoymamalı, yaxud da taleyə boyun əyməli idim. Bu fikir məni sıxır və mən gələcəyə qorxu ilə baxırdım. Mən valideynlərimə çox hörmətlə yanaşırdım və buna görə də ruhaniyyət elmləri ilə məşğul olmağa qərar verdim.

Məhz həmin vaxt əhalinin onda birini qıran dəhşətli vəba epidemiyası yayılmağa başladı. Atamın tapşırığına baxmayaraq mən məktəbi bitirdiyim digər şəhərdən evə qayıtdım və vəba məni də yaxaladı. Daha sonra vəba bədənimdə şişlərin, ağ ciyərimdə problemlərin və digər xəstəliklərin yaranmasına səbəb oldu. Doqquz ay yataqda, demək olar, hərəkətsiz vəziyyətdə xəstəlik sanki mənim bütün həyat gücümü almışdı və həkimlər məndən ümidlərini kəsmişdilər. Bu, fiziki əzabdan daha çox mənim yaşamaq istəyim üçün dözülməz təcrübə idi. Növbəti şiddətli ağrılardan birində, hər kəsin artıq ölüm ayağında olduğumu düşündüyü vaxt atam sürətlə otağa girdi və mənə dəstək vermək üçün bu sözləri dedi: “Sən sağalacaqsan”.

Onun mənə ürək-dirək verməyə çalışdığı səs tonu ilə inandığı arasında təzad təşkil edən ölümcül bəyaz üzü indiyədək gözümün önündədir. Mən cavab verdim: “Əgər mühəndis işini öyrənməyimə icazə versən, bəlkə də sağaldım”. “Sən Avropanın ən yaxşı təhsil müəssisəsinə daxil olacaqsan” deyə o təntənəli surətdə cavab verdi və bunu edəcəyini anladı. Mənim qəlbimdən böyük bir yük götürüldü. Lakin əsl təsəlli yaşlı bir qadının lobya bulyonu ilə möcüzəli şəkildə məni sağaltmasından sonra gəldi. Burada təlqin, yaxud sirli bir təsir gücü yox idi. Bu vasitə tam mənada şəfa və çıxılmaz vəziyyətdə qəhrəmanlıq mənbəyi idi ki, o da öz təsirini göstərdi”.

Tesla dünyaya yeniliklər gətirən insan kimi tarixə düşmüşdür. Belə ki, ilk dəfə elektromexaniki generatorların və yüksək tezlikli transformatorların (Tesla transformatoru, 1891-ci il) ilk nümunələrini icad edib və bununla da elektrotexnikada yeni sahənin inkişafına yol açıb. Bununla yanaşı, eyni ildə Tesla ictimai mühazirə zamanı radiorabitə prinsiplərini izah edib və nümayiş etdirib. 1893-cü ildə özünü tamamilə simsiz rabitə məsələlərinə həsr edib və qüllə antenasını icad edib. Həmin il Tesla Popov və Markonini bir neçə il qabaqlayaraq ilk radioverici dalğa qülləsini inşa edib. Yeri gəlmişkən, 1943-cü ildə ABŞ-ın Ali Məhkəməsi bu ixtiranın ilk olaraq Teslaya məxsusluğunu təsdiqləyib.

radio_1

Tesla o zaman üçün dünyada ən böyük hesab edilən Niaqara Hidroelektrik Stansiyasında istifadə edilən və onun tərəfindən işlənib hazırlanan 50000 at gücündəki generatorların quraşdırılması ilə beynəlxalq şöhrət qazanıb. Onu demək kifayətdir ki, dünyada ilk dəfə inşa olunan bu elektrik stansiyasında tətbiq edilmiş 13 patentin 9-u Teslaya məxsusdur. Bu layihənin maliyyələşməsində Morqan, Astor, Rotşild və Vanderbilt kimi o zamanın ən varlı insanları iştirak ediblər. Bununla yanaşı Tesla efirin mövcud olduğu fikrinin tərəfdarı kimi də tanınır. O, materiyanın xüsusi forması kimi texnikada istifadə oluna biləcək efirin mövcudluğunu isbat etmək üçün çoxsaylı tədqiqatlar, təcrübələr aparıb.

Onu da qeyd etmək lazımdır ki, bu gün dünyada maqnit cərəyanı sıxlığının ölçü vahidi Teslanın adını daşıyır.

Müasirləri Teslanı “XX əsri kəşf etmiş insan” və müasir elektrik enerjisinin “müqəddəs hamisi” kimi dəyərləndirirdilər. Radionun nümayiş etdirilməsindən və daimi, yaxud dəyişən cərəyanın istifadə olunması uğrunda Tomas Edisonla Nikola Tesla arasında gedən “Cərəyanlar müharibəsi”ndə sonuncunun qalib gəlməsindən sonra Tesla görkəmli ixtiraçı və mühəndis-elektrotexnik kimi tanınmağa başlayıb. Teslanın ixtiraları müasir elektrotexnikanın əsasını qoyub və o zamanlar çox mühüm innovativ əhəmiyyət kəsb edib.

Teslanın çoxsaylı mükafatları sırasında Elliot Kresson qızıl medalını (1894), Con Skot medalını (1934), Ağ Şir Böyük xaç ordeninin kavalerini (1891) və 2-ci dərəcəli I Knyaz Danilo ordeninin kavalerini göstərmək olar. 1915-ci ildə Tomas Edison və Nikola Tesla eyni vaxtda Nobel mükafatına namizəd kimi təqdim olunub və onlara bu mükafatı yarı bölmək təklif edilib. Lakin hər iki ixtiraçının bir-birinə antipatiyası onların hər ikisinin bu mükafatdan imtina etməsi ilə nəticələnib. 1917-ci ildə Teslaya Tomas Edison medalı təqdim edilib, lakin o, bu mükafatı qəbuldan israrla imtina edib…

tesla-nobel-prize

Gələn dəfə sizə Tesla və Edison arasında yaşanan mübahisənin başlıca səbəbləri haqqında məlumat verəcəyik. 🙂

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: