Xalqımızın toy kimi gözəl adəti var – sözləri boşuna deyilməmişdir. İki insanı, sevgini birləşdirən adət təbii ki gözəldir, ancaq bəzən insanlar toyu yalnız sevgi deyil, imkan, var-dövlət nümayiş etdirmək üçün edir. Toy etmək üçün bütün pulunu xərcləyənlər, kreditdən istifadə edənlər və s. anlamalıdırlar ki, toy xoşbəxt olmaq üçün edilir, evləndikdən sonra borc ödəmək üçün deyil. 🙂



İki insanın evlənməsi mərasiminə onların üzünü 10 ildə bir dəfə görən qohumların dəvətinin nə üçün olduğunu da izah etmək çətin məsələdir. Toya gələcək olan insanların ailənin, cütlüklərin ən yaxını olması daha gözəl olardı. Əgər çağırdığınız 1000 nəfərdən 300-500 insanı tanımırsınızsa, bu sizin toyunuz sayılırmı? Düşünürəm ki, qonaqlar üçün bəy və gəlinin xoşbəxtliyi, qovuşması deyil də, həmin toya xərclənən pul, yeməklər, gəlinə alınan qızıllar maraqlıdırsa, həmin qonaqların toyda olması düzgün deyil. Təəssüf ki, ölkəmizdə toylara “banka qoyulmuş əmanət” kimi baxılır. 🙂 Birinin toyuna getmək gələcəkdə onun toya gəlməsi üçün olduqda burada səmimiyyət itir.



Bu qədər tənqiddən sonra, “bəs toylar necə olmalıdır?” sualı yaranır. İnsan toyunda sərbəst, rahat və xoşbəxt hiss etməlidir özünü. Kimlərin yanında özünü komfortlu hiss edirsə, toyunda da məhz o insanlar, ən yaxınlar, sevdiyi şəxslər olmalıdır. Az insan, çox xoşbəxtlik. 🙂 İmkanınızın çatmayacağı dəbdəbəli, 1000 nəfərlik toy etməkdənsə, sadə, səmimi ortamda təşkil edilsə hər kəs daha məmnun qalar. Böyük, vip zallara ehtiyac yoxdur. Toyunuzu yaz-yay aylarında açıq havada etsəniz daha gözoxşayan, yaddaqalan olar. Toya gərəksiz şeylər üçün pul xərcləmək yerinə, cütlük həmin məbləği özünə ayırıb bir çox ölkələri səyahət edə bilər. Səyahətin qazandıracağı üstünlüklər digər saydıqlarımdan qat-qat artıqdır.



Reallıq, valideynlərin toy anlayışı hər birimizə məlumdur, ancaq düşünən gənclər köhnə, bədxərc toy adətlərini dəyişə bilər. Toyda ən vacib olan faktorlar yanında əyləşəcəyin insanın düzgün seçim olması, sevgi və səmimiyyətdir. Digərləri sonra gəlir… Xoşbəxt olun! 🙂