Bu gün ölkəmizdə musiqi günü kimi qeyd olunur. Məhz 18 sentyabr tarixinin seçilməsi təsadüfi deyildir. Bu tarix Azərbaycan musiqisinə öz töhfələrini vermiş dahi bəstəkarımız Üzeyir Hacıbıyovun doğum günü ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr Üzeyir musiqi günü kimi qeyd olunmağa başlandı. Bəzi hallarda mətbuat səhifələrində, ekran və efirdə bu tarixi “Milli musiqi günü” kimi qeyd edirlər. Amma sərəncama əsasən əsl adı belədir: “Üzeyir musiqi günü”

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 1985-ci il 18 sentyabr tarixində Ağcabədidə anadan olmuşdur. Ailədə 5 uşaq olan Üzeyir bəy evin Ağcabədidə anadan olan yeganə uşağıdır, digər bacı və qardaşları Şuşa şəhərində dünyaya gəlmişdir. Dahi bəstəkarın Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyin Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər.

Üzeyir Hacıbəyov ilk təhsilini Şuşada, ali təhsili isə Qori Müəllimlər Seminariyasında almışdır. Təhsilini bitirdikdən sonra Cəbrayıl qəzasının Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqi müəllimi kimi fəaliyyət göstərmişdir.

Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.

Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinə qatdığı dəyərlər sonsuz saydadır. Belə ki, Azərbaycan tarixində, eləcə də şərqdə ilk opera (“Leyli və Məcnun”), ilk musiqili komediya (“Ər və arvad”) və digər janrlarda iilk nümunələrin yaradıcısı Üzeyir bəydir. O həm də Şərqdə ilk musiqili teatrın, ilk Konservatoriyanın yaradıcısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində dərin iz qoymuşdur. Azərbaycan xalq mahnılarını nota köçürməklə folklor mahnılarına yeni bir can vermişdir. Üzeyir Hacıbəyovun ismi Azərbaycanla yanaşı çəkilir, əsas səbəblərdən biri də Azərbaycan himninin musiqisinin də məhz görkəmli bəstəkara aid olmasıdır.

Üzeyir Hacıbəyovun komediyaları əsasında filmlər çəkilmişdir. Eyni zamanda dahi bəstəkarın özü haqqında “Üzeyir Hacıbəyov” (film, 1965), “Üzeyir Hacıbəyov” (film, 1976), “Üzeyir ömrü” (film, 1981), “Üzeyir Hacıbəyov” (film, 1986) filmləri çəkilmişdir.

Sözlər: Nizami Gəncəvi, musiqi: Üzeyir Hacıbəyov.

“Bildirchin Group” olaraq unudulmaz bəstəkarımızı hörmət və sevgi ilə anırıq!