Əksər ölkələrdə aylar öncədən yeni ilə hazırlıqlar görülür. İnsanlar yeni il tətilini keçirmək üçün fərqli və əyləncəli mühitlər axtarırlar. Yeni ilə bayramları zamanı, hələ də bayram tətili planlarınız yoxdursa, bu məqaləni sizin üçün hazırladıq. 🙂

Yeni il tətili deyəndə ağla gələn ilk fəaliyyət ölkədaxili turlardır (“staliçni”dən sonra). Çox insan Şahdağ və Tufandağ turlarını fotosessiya studiosu kimi düşünür, ancaq elə deyil. Həmin məkanlarda kanatdan, xizəkdən, snowboard-dan istifadə edərək səyahətinizi daha əyləncəli keçirə bilərsiniz.

Əgər təbiətdə daha fərqli tətil keçirmək istəyirsinizsə, dostlarınız və ya ailənizlə qar yağmış regionlara səyahət edin (turla deyil). Dağlardakı yürüyüşlərə qoşulun, təbii qardan zövq almaq üçün bu ən yaxşı imkandır.

Şəhərdən çox uzaqlaşmaq istəmirsinizsə, rayonlara deyil, yolunuzu şəhərkənarı yerlərdən salın. Məsələn, dostlarınızla atçılığa, atıcılığa, balıq tutmağa getməyiniz mümkündür. Şəhər səs-küyündən uzaq, dənizkənarında yerləşən məkanlara da üz tuta bilərsiniz.

Mərkəzdən kənarlaşmadan qışı hiss etməyin də yolu var – buz üzərində sürüşmək! Bu həm şəhərdaxili maraqlı əyləncə sayıla bilər, həm də çox büdcə tələb etmir.

Dostlarınızla görüşüb, birlikdə yeni il mövzulu filmlərə baxmaq hər zaman ən yaxşı fikirdir. Kinoteatrlarda olan bayram filmlərini izləyə bilərsiniz. Əgər onlar sizin ürəyinizcə deyilsə, böyük monitoru və interneti olan məkanlar şəhərdə çoxdur, bir məkan, bir film seçin və dostlarınızla xoş vaxt keçirin.

Yeni ilin ən maraqlı hissəsi hədiyyələrdir. Dostlarınıza, sizə əziz olan insanlara yeni il sürprizi hazırlamağı yaddan çıxarmayın.

Bayram şou-proqramı olan restoran və kafelərindən birində ailənizlə, dostlarınızla əylənib, ötən ilin yorğunluğunu çıxarıb yeni ili xoş əhvalla qarşılayın.

Yeni iliniz mübarək! Sevdiklərinizin əhatəsində xoş bayramlar keçirməyiniz diləyi ilə…