Bizi səslər xoşbəxt edirmi? Yaxud görüntülər? Anam yuxuda vəfat etmiş anasını qucaqlayarkən qoxusunu hiss etdiyindən danışırdı. Bu əzablı hiss bizi ani olaraq da olsa xoşbəxt edə bilərmi? Hələ düşünün oyanandan sonra o qoxu üçün necə darıxırsan. Bizə nə xoşbəxtlik gətirir? Bizə xoşbəxtliyi xoşbəxtlik gətirir.

Xoşbəxt olarkən xoşbəxt olduğunu hiss edən nadir insanlar instagram, facebook və digər məşhur sosial şəbəkələrdə hələ də öz şəkillərini paylaşmağa davam edirlər. Nə hikmətdirsə bu nadir insanların sayı normal insan sayından daha çoxdur. Bəs həqiqətənmi xoşbəxt olduğunu hiss edənlər, yaxud belə deyək, xoşbəxt olduğuna inananlar xoşbəxtdir?

Psixiatriya xəstəxanalarında yatanlar haqqında söz gəzir, orada yatan bir neçə nəfərin Napaleon olduğuna inanmaqları haqqında. O insanlar nə qədər Napaleondursa bu nadir insanlar da o qədər xoşbəxtdir.

Fikirləşdiyim budur: “Biz bu dünyaya xoşbəxt olmaq üçün gəlməmişik.” Bəs niyə gəlmişik deyə soruşsam gərək mən 65 yaşımda dağınıq bir geyimdə, uzun saçlarla bu sualı özümə niyə verdiyimin peşmançılığını çəkəm, amma nə çarə dil bir dəfə bunu etdisə… 65 yaşımı gözləyirəm.

Xoşbəxtlik nədir? Biz onu necə qazanmalıyıq?
“Xoşbəxtlik göy qurşağı kimi gözəl və əlçatmazdır.”
–Elxan Zeynallı–

Xoşbəxtlik nədir? Uğur?
“Uğur xoşbəxtlik demək deyil, heç vaxt görmədiyin qədər çalışqan düşmən deməkdir.”
–Edgar Watson Howe–

“Uğur istədiyinizi əldə etməkdir, xoşbəxtlik isə əldə etdiyinizi istəmək.
Xoşbəxtlik kim olduğunuz və ya sahib olduqlarınızla əlaqəli deyil, o düşüncənizlə bağlıdır”.
–Dale Carnegie–

Yəni, xoşbəxtlik mücərrəd bir varlıq olmağın yanı sıra həmçinin o yalnız biz istədiyimiz zaman var olan bir şeydir. Əgər bir bataqlığın içində xoşbəxt olmaq istəyiriksə xoşbəxt olmaq istəyiriksə xoşbəxt oluruq, amma yaşamımızın çox hissəsində bunu unuduruq. Nə qədər sadə və gülünc olsa da bu belədir – xoşbəxt olmağı yaddan çıxardırıq.

Öz ölkəmiz üçün deyirəm, bəlkə də başqa cəmiyyətlərdə belə deyil, bizdə ən böyük xoşbəxtlik sağlıqdır. Ola bilər ki, ən dəqiq deyim budur. Can sağlığı ilə gəlir hər şey. Sağlam olmadan necə xoşbəxt ola bilərik. Əslində əminəm ki, sağlam olmadan da xoşbəxt olmaq, ya da xoşbəxt görünmək mümkündür.  Buna ən yaxşı misal son zamanlarda sürətlə artan, əlillər tərəfindən yazılmış fərdi inkişaf və motivasiya kitablarıdır. Əlil deyərkən təhqirə yol vermək istəmirəm. Yəni bu mövzuda iş o yerə gəlib ki, soğan doğrayarkən barmağını kəsən adam “Barmağımı necə kəsdim və necə böyük iş adamı oldum” kitabını yazsın. Bəs həqiqətənmi o kitablar, yəni xoşbəxtlərin kitabı xoşbəxtlik gətirir? Təbii ki, yox. Kitab xoşbəxtlik gətirə bilməz. Xoşbəxtlik mənəviyyat işidir. Sadəcə o kitab oxuduğumuz zamanlar bizə bir az mənəvi rahatlıq gətirə bilər vəssalam. Necə ki redbull-un tərkibindəki kofeinin döyüntü yaratması bizə enerji verirmiş kim görünürsə, eləcə də bu kitablar.

“Sağlamlığınız yerindədirsə, ola bilsin ki, xoşbəxt olacaqsınız. Sağlığıız yerindədir və xoşbəxtsinizsə, bu o deməkdir ki, bütün sərvətə sahibsiniz.”
–Elbert Hubbard–

Bəlkə xoşbəxtlik sevgidir?
Sevgilimizi tapmalı yaxud öz sevdiklərimizi başımıza yığıb onlarla bir ömür sürməliyik? Nə qədər də olmasa, tək yaşamğı bacarmayacağımızı boynumuza almalıyıq. Axı biz tək bacarmarıq. Bəlkə elə problem buradadır? Tək bacarmırıq deyə sevirik? Tək bacarmırıq deyə evlənirik/ərə gedirik? Sevginin xoşbəxtlik yaratmasına imkan vermirik. Xoşbəxt olsun deyirik – amma onu deyərkən bir həqiqətən nə fikirləşib deyirik. Xoşbəxt olsunlar – hə? Yəni nə olsunlar? Necə olsunlar? Nə baş versin? Qəribə ifadədir. Bir az “get gətir” ifadəsinə oxşayır. “Get gətir”. Nə? Nə bilim gətir. Məqsədsizdir. Bu bizim yaratdığımız haldır. Biz məqsədi başqa cür qoyuruq. Bu xüsusda problem odur ki xoşbəxt olmağı düşünmürük. Xoşbəxt olmağa getməli olduğumuz bir yolda başqa şeylər haqqında düşünürük.

“Sevgi varsa, xoşbəxt olmadan da yaşaya bilərsən”
–Fyodor Mikhailovich Dostoyevski–

Bəs əsl xoşbəxtlik nədir?
Həyat. Biz yaşayırıq. Bir xüsusda yaraşıqlı/gözəl görünürük. Yaxşı geyinəndə. Geyim bir kombinasiyadan ibarətdir. Şalvar yaxşı, köynək uyğunsuzdursa gözəl görünmürük. Ətək gözəl fəqət kofta rəngi tutmursa gözəl görünmürük. Gəlin gözəl görünməyi xoşbəxtlik ilə əvəzləyək, çünki həyat kombinasiyadır. Necə geyimimizi kombinə edib gözəl görünürüksə, eləcə də həyatımızı kombinə edib xoşbəxt görünürük. Özümüz üçün xoşbəxt görünürük. Iş həyatımız uğurlu, ailəmizdə işlər pisdirsə xoşbəxt görünmürük, xoşbəxt olmuruq. Çalışın həyatınızı yaxşı kombinə edin. Heç vaxt zövqsüz olmayın.

P.S. Geyinmək də bir az maskalanmağa bənzəyir eee…

 

Müəllif: Ramin BeDRİo