1 May işçi və əməkçilər tərəfindən dünya miqyasında qeyd edilən birlik,dayanışma və haqsızlıqlara qarşı mübarizə günüdür.İlk dəfə 1856-cı ildə Avstraliyanın Melburun şəhərində daş və inşaat işçiləri gündə səkkiz saatlıq iş günü üçün yürüş keçirdilər.
1 May 1886-cı il tarixində Amerikada işçilər həftədə 12 saat,6 gün iş vaxtına etiraz olaraq, günlük 8 saatlıq iş tələbi ilə boykota başladılar.Çikaqoda baş verən etiraz aksiyalarına yarım milyon işçi iştirak etdi.Luisvilldə 6 mindən çox ağ və qara dərili işçilər bir yerdə yürüş keçirdi.O dövrdə Luisvilldə parklar zəncilərə bağlı idi.Lakin bu gün bütün işçilər yürüşdən sonra Milli Parka girdilər.Hər əyalət və şəhərdə ağ və qara dərili işçilərin bir yerdə keçirdiyi yürüşlər qəzetlər tərəfindən “Beləliklə ön mühakimə divarı yıxılmış oldu” kimi şərh olunmuşdur.
Ümummilli boykotun və bu aksiyaların yayılmasından qorxan burjuaziya silahlı əsgərlərlə yanaşı həm də, casus provakatorlar tutaraq hücuma keçdi. 3 may günü “McCormic” fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açıldı və bir işçi öldürüldü. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəldilər.
4 may günü işçilər daha güclü bir mitinq təşkil etdilər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girdi. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşdü. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrildi. İşçilər güllə yağışına tutuldular. 4 işçi və 7 polis öldü, onlarla işçi isə yaralandı. Həmkarlar ittifaqlarının sədrləri və 8 işçi hərəkatının lideri tutuldu.
Siyasi şou kimi keçən məhkəmə sonrasında işçi hərəkatının liderlərindən olan 4 işçi – Avgust Spies, Albert Parsons, Corc Engel ve Adolf Fişer edama məhkum edildilər.
11 noyabr 1887-ci ildə edama aparılan Avgust Spiesin son sözü belə oldu: “Səssizlyimizin, bu gün boğacağınız səslərdən daha güclü olacağı gün gələcək”. Doğrudan da, bu repressiya və edam qərarları etirazlar, zəhmətkeşlərin beynəlxalq birliyinə və yeni, daha güclü mübarizələrə təkan verdi.
Bu arada Avropada da işçi hərəkatı güclü inkişaf etdi və canlandı. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı.
Tarix boyu əzilən,haqları tapdanılan işçi qismin bayramı olan 1 May bayramı 120 ildir ki, dünyanın 100-dən artıq ölkəsində içtimai, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü kimi qeyd edilir.

Azərbaycanda ‘1 May”

1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.
SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı.
1992-ci ildə isə bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv etdilər. Həmin ilin oktyabrında müstəqil Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May xeyli dərəcədə ideolojiləşmiş bayram kimi o sıraya daxil edilmədi.