Bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. Bir milləti kölə etmək istəyirsinizsə, o millətin musiqisini məhv edin.” Bu sözlər dahi Çin mütəfəkkiri Konfutsiyə məxsusdur. O, musiqinin nə qədər ali, əhəmiyyətli, vacib bir məfhum olduğunu vurğulayıb. Buna görə də, demək olar ki, hər millətin özünəməxsus musiqi ənənələri və üslubu var.

Dünya səhnəsində müxtəlif dövlətlərin iştirak etdiyi bir neçə musiqi yarışması var. Bunlardan ən məşhuru, sözsüz ki, “Avroviziya”dır. Avroviziya Mahnı Müsabiqəsi (Eurovision Song Contest) Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında hər il keçirilən beynəlxalq mahnı müsabiqəsidir. İlk dəfə 1956-cı ildə İsveçrə və Almaniyanın ev sahibliyi il keçirilmşdir. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub.

50-ci illərin ortalarında Avropa Yayım İttifaqının üzvləri İkinci dünya müharibəsinin ardınca özünü toparlamağa çalışan Avropa ölkələrini yenidən bir araya gətirmək üçün baxımlı əyləncəli proqram yaratmaq fikrinə düşdülər. 1955-ci ilin yanvarında Monakoda keçirilən konfransda İsveçrə televiziyasının direktoru Marsel Bezanson Avropanın ən yaxşı mahnısını təyin edən beynəlxalq müsabiqənin keçirilməsini təklif etdi. Marsel ideyanın 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur “Sanremo Musiqi Festivalı”ndan əsaslandığını bildirmişdir. Onun təklifi AYİ-nın 1955-ci il 19 oktyabr tarixində Romadakı Assambleyasında bəyənilmişdir. İlkin olaraq “Qran-pri Avroviziya” adlanan müsabiqə, ilk dəfə 24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində yeddi ölkənin iştirakı ilə keçirilmişdir. Müsabiqədə iştirak edən hər bir ölkə iki mahnı ilə çıxış etmişdir. Bu hər ölkənin birdən artıq mahnı ilə iştirak etdiyi ilk və son müsabiqə olmuşdur. Müsabiqədə ev sahibi ölkə İsveçrənin təmsilçisi Liz Assia ifa etdiyi “Refrain” mahnısı ilə qalib gəlmişdir.

Avropa Yayım İttifaqının fəal üzvü olan hər bir ölkə (hətta Avropadan kənar olsa da belə) müsabiqədə iştirak etmək hüququna malikdir. Bu ölkələr Avropa yayım ərazisinə daxil olan ölkələr və ya Avropa Şurasına üzv ölkələrdir. Müsabiqənin Avropadan kənar iştirakçılarına misal olaraq Qərbi Asiyada yerləşən, 1973-cü ildən bəri iştirak edən İsraili və 1981-ci ildən bəri iştirak edən Kipri, Şimali Afrikada yerləşən və yalnız bir dəfə 1980-ci ildə iştirak edən Mərakeşi və eyni zamanda 2015-ci ildən bəri müsabiqədə iştirak edən Avstraliyanı misal göstərmək olar. Müsabiqədə iştirak etmək istəyən AYİ-nin fəal üzvləri müsabiqənin qaydaları ilə razılaşmalı və eyni zamanda Avropa Yayım İttifaqına müvafiq məbləğdə ödəniş etməlidir. İndiyədək müsabiqədə 52 ölkə iştirak etmişdir

Müsabiqənin qaydaları mövcud olduğu dövr ərzində bir neçə dəfə dəyişilmişdir, lakin müəyyən qaydalar illər ərzində dəyişməz olaraq qalmışdır. Müsabiqədə ifa edilən mahnılar orijinal olmalı və təyin edilmiş zamandan öncə heç bir yerdə səslənilməməlidir. Ölkə tərəfindən təqdim edilən mahnı müsabiqədə canlı olaraq ifa edilməlidir. Müsabiqədə iştirak etmək üçün ölkənin dövlət kanallarından biri Avropa Yayım İttifaqına üzv olmalıdır. Müsabiqə iştirakçı ölkələrdən birində keçirilməlidir. Müsabiqə zamanı bütün mahnılar ifa edildikdən sonra ölkələr bəyənilən mahnılara öz səslərini təqdim etməlidir. Ölkələr öz təmsilçilərinə səs verə bilməzlər. Bütün səslər ölkə üzrə hesablanır (yəni İrlandiyada yığılan səslər ayrı, İsveçdə ayrı, Fransada ayrı hesablanır). Müsabiqənin sonunda ən çox səs qazanan ölkə, mahnı həmin müsabiqənin qalibi elan edilir. Qalib təmsilçi Avroviziya kubokunu əldə edir və qalib ölkə gələn müsabiqəyə ev sahibliyi etmək hüququ qazanır.

Avroviziya Mahnı Müsabiqəsinin yayımından əvvəl və sonra səsləndirilən musiqi parçası – Mark Antuan Şerpantyenin “Te Deum” (Səni, Tanrını mədh edirik) mahnısına müqəddimədir.

Avroviziyanın əsas maliyyə dəstəkçiləri müxtəlif reklam şirkətləri və müsabiqədə iştirak edən ölkələrdir. Müsabiqəyə ev sahibliyi etmək şansı ölkələrin müsbət cəhətdən Avropa və dünyaya tanıdılması, təbliğatı və eyni zamanda ölkələrə turistlərin cəlb edilməsi üçün böyük fürsət hesab edilir. İlk iki müsabiqəyə İsveçrə və Almaniya ev sahibliyi etdikdən sonra müsabiqəyə ev sahibliyi hüququnun ötən müsabiqədə qələbə qazanan ölkəyə həvalə edilməsi qərara alındı. Bu qərarın ardınca 1957 Avroviziya Mahnı Müsabiqəsində Niderland qalibiyyət əldə etdi və ölkə 1958-ci ildə müsabiqəyə ev sahibliyi etməyə razılıq verdi. Avroviziya tarixində hər il ötən müsabiqənin qalibi ev sahibliyi etsə də, yalnız beş dəfə bu fürsətdən imtina edilmişdir. Avroviziyada iştirak edən ölkələrdən yalnız Avstraliyaya qalib gələcəyi halda belə müsabiqəyə ev sahibliyi etmək hüququ verilmir. Buna səbəb isə Avstraliyanın Avropadan uzaqda yerləşməsidir. Qitənin müsabiqəyə ev sahibliyi etməsi müsabiqənin xərclərinin artmasına səbəb ola biləcəyi və bir çox ölkələrin maliyyə çətinliklərindən dolayı iştirak edə bilməyəcəyi düşünülür. Buna görə də, Avstraliyanın Avroviziyada qalib gəldiyi halda Avstraliyaya gələn il müsabiqəyə hansı Avropa ölkəsinin ev sahibliyi edəcəyi seçimi həvalə edilir.

Azərbaycan müsabiqədə 2008-ci ildən iştirak etməyə başlamışdır. Ölkəmiz, demək olar ki, əksər illərdə uğurlu çıxış etmşdir. 2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən sayca 56-cı müsabiqədə Eldar və Nigar “Running Scared” mahnısı ilə qalib olub, kuboku ölkəmizə gətirmişdilər. 2012-ci ildə isə müsabiqə Bakıda keçirilmişdir.

Bu il İsraildə keçirilən müsabiqədə isə Niderland təmsilçisi Dunkan Lourens “Arcade” ifası ilə qalib oldu.