Maraqlı bir başlıqdır; amma izah etmək çox çətindir. Gündəlik həyatımızda birçox problemlərlə, anlaşmazlıqlarla, münaqişələrlə və buna bənzər məsələlərlə qarşılaşırıq və bunları öz təcrübələrimizə, şəxsiyyətimizə, tərbiyəmizə və inancımıza uyğun həll etməyə çalışırıq. Təbii ki, həll üsulları müxtəlifdir və bunlardan daha insancıl, uyğun və kamil insanın metodu olan və insanı digər məxluqlardan fərqləndirən dialoq qurabilmə bacarığıdır. Bu yazının məqsədi dialoq qurabilmə və dialoqu davam etdirmə mövhumunu araşdırmaqdır.

Dialoq nədir?

Dialoq meydana gətirməyi anlamaq üçün əvvəl olmalı olan şeyin nə olduğunu anlamaq lazımdır. Mənə görə dialoq iki Zehnin Dansıdır.

Yazdıqdan sonra bunun cılız ölçülü və dayaz olduğunu düşündüm. Əslində dialoq həm zehinlərin həm də könüllərin biryerdə olduğu bir dansdır.

Zehinlərin və könüllərin dansı nə deməkdir? Bilirəm bu da çox açıqlayıcı deyil.

Çox sadə və hər gün yaşadığımız prosesləri izah etmək həqiqətən nə qədər çətindir.

Söhbət (dialoq), iki insanın fenomen dünyalarını olduğu kimi mühakimə etmədən paylaşma anıdır. Eyni avtobusda, metroda, təyyarədə bir-birini tanımadan yan-yana oturub səyahət etməkdir. İndi “fenomen dünyası” anlayışıyla və “mühakimə etmədən paylaşma” prosesi ilə qarşı-qarşıya qalırıq. Bəs bu necə olacaq?

Fenomen dünyası: Hadisə və hadisəyə verdiyimiz məna iki fərqli şeydir.

İkimizdə eyni stəkana baxdıq; birimiz yarısı dolu, digəri yarısı boş bir stəkan gördü.

İkimizdə eyni kiçik qıza baxdıq; birimiz üzü çirkli və saçı dağınıq, digərimiz gözlərində həyat işıltısı olan bir qız gördü.

İkimizdə eyni şəklə baxdıq; birimiz bir-birinə baxan iki adam, digərimiz bir güldan gördü.

İnsanlar eyni şeyə baxaraq fərqli şeylər görürlər. Biz bunu daha çox mövhumların fərqli insanlar tərəfindən fərqli şəkildə anlayışında görürük. Məsələn, vətən, ana, ata, torpaq, bayraq və s. kimi mövhumlar bizim üçün müqəddəs hesab edilə bilər, amma bunlar digər bir cəmiyyətdə fərqli dəyərə və anlayışa sahib olabilər.

Qarşılaşdığım bir hadisə məncə bu anlayışı açıqlaya bilər. Belə ki Amerikada yaşayan bir azərbaycan vətəndaşı maşınının nömrəsinə “Baku’s Boy” (bakılı qaqaş mənasında) yazı yazdırıb və bu yazının mənası xeyli amerika vətəndaşlarını maraqlandırıb, amma yazının sahibi bunun mənasını izah edə bilməyib. Çünki iki cəmiyyət arasında mənalandırma və anlayış fərqi mövcuddur.

Hadisə və hadisənin mənası iki fərqli mövhumdur.

Hadisə duyğu orqanlarının ala bildiyi enerji xaosudur. Stəkandakı suyun görünüşü, kiçik qızın üzü, baxdığımız şəkil, avtomobilin nömrəsindəki yazı bir “hadisə” dir.

Hadisənin qəbul edilib şərh edilməsiylə “məna” meydana gəlir. Bir hadisənin biri tərəfindən qəbul edilib, şərh edilib, şüurunda anlamlandırılmış vəziyyətinə “fenomen” deyilir. Bir tək hadisə vardır amma hər qəbul edənə görə fərqli fenomenlər meydana gəlir. Yarısı boş stəkan görən də haqlıdır, dolu görən də. Fərqlilik hansı tərəfdən baxmalarıdır.

Hadisələrə hansı tərəfdən baxacağımızı kiçiklikdən etibarən içində böyüdüyümüz mühitdə öyrənirik.

Bir neçə gün əvvəl avtobusla uzaq səyahətə çıxmışdım. Avtobusa biletimi aldım və çantamı baqaja qoyduqdan sonra avtobusa mindim. İki nəfərlik ön oturacaqlardan birində bir qadın tək oturmuşdu və yanındakı oturacağa da çantasını qoymuşdu. Məndən əvvəl minən kişilər qadının çantasını görüb arxa tərəfə keçirdilər. Arxaya keçmək rahat deyildi və mən qadının oturduğu oturacağın önündə dayanıb “Zəhmət olmasa çantanızı götürsəniz mən də otura bilərəm”- dedim və qadın “arxada boş yer var”- deyib istəksizcə çantasını götürdü.

Vəziyyəti anlamışdım.

Onun gözüylə baxanda, o bir qadın idi, mən bir kişi və “münasib olan” onun yanına bir qadının oturması idi.

Mənim gözümlə baxanda, o bir insan idi, mən bir insan idim və “münasib olan” ən yaxın və asan olan boş oturacağa oturmaq idi.

O mənə “kişi” olaraq baxırdı, mən ona “insan” olaraq baxırdım.

Hansımız haqqlı idi?

İkimiz də. Hansı mədəniyyətin, hansı sivilizasiyanın gözüylə baxmağına görə “hadisə” fərqli bir “məna” qazanırdı.

Uşaq pişik, ya da itlə ilk qarşılaşdığı zaman onlardan qorxmaz. Amma onun yanındakı bir böyük, amandı diqqət et it dişləyər ondan uzaq dur, desə qorxmağı, ay nə şirin-şəkər şeydi gəl tumarlayaq, desə sevməyi öyrənər. Və uşağın sevməyi öyrənməsi və ya qorxması üçün güclü bir təcrübə yetər.

Yalan danışılan bir mühitdə böyüyən uşaq yalan danışmağı həyatın təbii bir parçası olaraq görməyi öyrənir.

Qadını insan olaraq görən bir mühitdə böyüyən adam ilə qadın və kişinin davamlı ayrı tutulduğu bir mühitdə böyüyən adam o boş oturacağı fərqli görər. (Mən qadın və kişinin ayrı tutulduğu bir mühitdə böyümüşəm və hələ də bu mühitdə yaşayıram. Bu yanaşmanı heç vaxt qəbul etməmişəm. Bu səhv yanaşmanı görəndən sonra yavaş-yavaş qadına “insan “gözüylə baxmağı öyrəndim və indi yenidən qadın və kişinin iki ayrı varlıq olduğunu xatırlamağa, yenidən öyrənməyə çalışıram). Təəssüf ki, bu anlayış cəmiyyətimizdə hələ də davam edir. Qadının həyatda ikinci plana atılması, ona sadəcə uşaq dünyaya gətirən, ev işləri görən bir robot olaraq davranmaq qəbuledilməz və əxlaqsızlıqdır. Bu mövzunu başqa yazımla paylaşmağı düşünürəm.

Kamilləşmiş yetkin insan hadisə ilə o hadisənin mənasının eyni şey olmadığını bilir.

Həqiqətən bu meyar, yəni hadisə ilə hadisənin mənasının eyni şey olmadığını bilmək, mənim insanların nə qədər olqun olduğunu anlamaqda istifadə etdiyim ən fundamental ölçüdür. Və söhbət meydana gətirə bilmək üçün yetkin bir insan olmaq lazımdır. Daha açıq bir ifadəylə, birinin söhbət meydana gətirə bilməsi üçün, bir hadisə ilə o hadisəyə verilən mənanın eyni şey olmadığını bilməsi ön şərtdir.

Dialoq ilə yaşamaq ümidi ilə…