Çox vaxt film izləyəndə çalışıram müsbət ab havalı olsunlar. Onsuz da gündəlik həyatımızda yetəri qədər stress var, bir də filmlərlə onu daha da çətinləşdirmək istəmirəm, ancaq arada olur ki, filmə baxıb əziyyət çəkmək istəyirəm. Nə qədər anormal olsa da insanlar bəzən özləri özlərinə bunu edirlər məncə. Yoxsa bu qədər ağır mövzulu filmlər ortaya çıxmazdı.

Sizə bugün izlədiyim və mənə həyatda olan maneələrlə çətinləşən həyat haqqında baxdığım filmlərdən danışacam. Film mühacirlərin keçdiyi çətin mərhələlərə aiddir. İnsanlar artıq doğulanda sinifləndirilmiş olurlar deyə düşünürəm: bu varlı ailədə doğulub, o ağıllı atanın uşağıdır, bunun valideyni quş beyindir… İstəsək də istəməsək də belədir. Elə buna görə də həyata başlayanda da bəzən başqalarından daha geridə başlayırıq.

Bir dəfə bir sosial təcrübəyə baxmışdım. Bütün insanlar eyni xəttdə yan- yana durmuşdular. Sonra insanlara suallar verilir və bu suallara görə də onlar bir addım önə gələ bilirlər. Daha sonra əsl sirr ortaya çıxır. Bəziləri ən öndədir, bəziləri isə arxalarda… Sonra iştirakçılara deyilir ki, qaçsınlar. Bəzi arxada olanlar gəlib keçir öndə olanları, bəzisi isə keçə bilmir. Deyirlər: Baxın, biriniz buradan başlayırsız həyata, biriniz isə laaap oradan. Ancaq bir birinizə kömək etdikdən sonra haradan başladığınızın fərqi yoxdur, siz qalib olacaqsınız. Önəmli olan da budur. Birlik və kiməsə kömək etməkdir önəmli olan… İndi bu dəbdədir. Hamı kömək edir və ümid edirəm həmişə dəbdə olar və hər kəs hər zaman ehtiyacı olana ən azından bu səbəbə kömək edər. Əlacsız qalmaq çox iyrənc hissdir və ümid edirəm heç kim bu hissləri yaşamaz!

Bu dediyim filmlərdə də əlacsızlığı hiss edə bilirsən insanlarda. Əlacsızlıqdan, ölməmək üçün bir birilərindən aralanmadan qalan kiçik uşaqlar… Bu filmin adı The Good Lie-dır. İkinci Sudan Vətəndaş müharibəsindən sonra uşaqlar yetim qalır. Çox böyük əziyyətlərdən sonra Kenyaya gəlib çatırlar.

Onlar ora çatana qədər çox çətin günlər yaşayırlar. Qaçqın çadırlarında yaşayan gənclərdən 3600’ü isə ABŞ’da yaşamaq şansı qazanır! Sadəcə 3600-ü… Onların ilk dəfə normal çəmiyyətlə görüşməyi insanda o qədər fərqli hisslər yaradır ki! Düşünürsən ki, məyər doğrudan bunları görməyən insanlar var?! Orada yaşadıqları, cəmiyyətə adaptasiya və s. məsələləri bizlərə sərgilənir. Daha sonra isə kiçik bir yalan olur. Bu yalanı hamı deməyə qadir deyil! Ancaq çətinlikləri yaşamış insanlar bu qədər həssas olurlar və bu cür yalanı deyə bilərlər. Orada olan bir Afrika atalar sözləri isə ən sevdiyimə çevrildi: Əgər tez getmək istəyirsənsə tək get, əgər uzaqlara getmək istəyirsənsə birlikdə get! Sizlərə tövsiyəm- bu filmi mütləq izləyin!