Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı XlX əsrin sonu- XX əsrin əvvəllərində neft Bakısının tarixini öyrənmək üçün zəngin mənbələrdəndir. Kitabda müəllif neft Bakısının sosial- iqtisadi vəziyyəti, Bakı fəhlələrinin həyatı, eləcə də XX əsrin neft milyonçuları haqqında əhəmiyyətli məlumatlar verir. Xüsusən kitabda müəllif həm Bakı sakinləri, həm də milyonçuları barəsində deyilən maraqlı hadisələri oxucuya təqdim edərək onda həmin dövr haqqında geniş təsəvvürlər oyadır.
Müəllif qeyd edir ki, neft fontan vuran torpaqların üstündə tez- tez dava düşür, məhkəmələr keçirilirdi. Məhkəmələrdə yalançı şahidlər tuturdular. Yalançı şahid Qurana əl basıb deyirdi: “And olsun bu Qurana ki, ayağımın altındakı torpaq iddiaçının ata- baba torpağıdır”. Doğurdan da yalançı şahidin ayaqqabısının içində iddiaçının ata- baba mülkündən götürülmüş torpaq olardı. Üstündə dava düşən torpağın isə iddiaçıya heç bir dəxli yox idi.
Bir nəfər H. Z. Tağıyevin yanına gəlib onun müdirlərindən biri haqqında deyir: “Onun əli əyridir, sənin hesabına ikimərtəbəli mülk tikdirib, qardaşına dükan açıb, fayton alıb, onu işdən qov”. Hacı gülümsəyib deyir: “Qalmağı məsləhətdir. Nə lazımdırsa, hamısını eləyib, başqa adam götürsəm, o da köhnənin elədiklərini təzədən başlayacaq”.
Müəllif yazır ki, camaat arasında Şəmsi Əsədullayevə Nobellərin qənimi deyirdilər. Çünki Nobel qardaşlarının kontor açdıqları hər yerdə onların yanında kontor açır, nefti Nobellərdən daha ucuz satar, onlara mane olardı.
Kitabda H. Z. Tağıyevin Qafqazda ilk toxuculuq fabrikini Bakıda necə çətinliklər qarşısında aça bilməsi də təsvir olunur. Rusiya bu fabrikin tikilməsinə icazə vermək istəmir, qorxurmuş ki, pambıq tarlaları Bakıya yaxın olduğu üçün məhsul daha ucuz başa gələr və Rusiya toxuculuq sənayəsinin inkişafına mənfi təsir edər. Lakin Tağıyev ətək- ətək pul tökərək fabrikin tikilməsi üçün icazəni ala bilir, amma fabrikin yalnız bez buraxmağına icazə verilir, başqa parçaların istehsalına isə icazə verilmir. Nəticə olaraq, müsəlman məmləkətlərindən Həcc ziyarətinə gedən zəvvarlar, ölülərini dəfn etmək üçün müsəlmanlar Tağıyev fabrikinin bezini alırdılar ki, onu müsəlman fəhlə və ustaları toxuyur, pakdır.