Şarl Lui Monteskyö (18 yanvar 1689 — 10 fevral 1755) – fransız yazıçı, maarifçi filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi.

Şarl Lui Monteskyö Fransada varlı məmur ailəsində anadan olmuşdur. Dünyagörüşü etibarilə deist olan Monteskyö teologiya və kilsənin kəskin tənqidini vermişdir. Doğrudur, Monteskyö ictimai əxlaqın qorunmasında dinin müəyyən rol oynadığını göstərmişdir. Monteskyö təbiət və cəmiyyət hadisələrinin tabe olduğu ən ümumi qanunauyğunluluq ideyasını inkişaf etdirmişdir. O, providensializmi rədd edərək qanunu “şeylərin təbiətindən irəli gələn zəruri münüsibət kimi” başa düşmüşdür. Monteskyö təbii hüquq nəzəriyəsinin ümumi müddəalarını qəbul edərək ardıcıl rasionalist konsepsiyaların tərəfdarlarından fərqli olaraq bu nəzəriyyə əsasında ictimai qanunların universal sisteminin yaradılmasını qeyri-mümkün saymışdır, çünki xalqların mövcudluğunun şəraiti müxtəlifdir. Monteskyö görə idaretmə qanunları və formalarının rəngarəngliyi buradan irəli gəlir. Monteskyö sosiologiyada coğrafi cərəyanın banilərindən biridir; ictimai quruluşun və adətlərin formalaşmasında iqlimə, torpağa, səthə və s. xüsusi əhəmiyyət vermişdir. Bununla belə Monteskyö ictimai mühitin rolunu göstərmişdir; Monteskyödə ictimai mühit siyasi quruluş və qanunvericilik anlayışı ilə uyğun gəlir. Monteskyö feodal mütləqiyyət qaydalarını kəskin tənqid edərək burjuaziyanın və zadəganlığın siyasi kompromis ideoloqu kimi mötədil konstitusiyalı monarxiya ideyasının və hakimiyyətlərin bölünməsi prinsipnin müdafiəsində durmuşdur.

Moteskyö 1748-ci ildə “Qanunların ruhu haqqında” əsərini yazmışdı. Onun fikrincə siyasi xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması ola bilər. Bu ideyalar Fransa burjua inqilabı qanunvericiliyinə böyük təsir göstərmişdir.

“…Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə tatarlarla yarışa bilməz… İranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə oturan onlardır. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər… Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub, ədəbi məğlubedilməzliyinə inanıb keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır”. Şarl Lui Monteskyö (“İran məktubları” 1721)