Texnologiya bir tərəfdən inkişaf edir, bir tərəfdən də insan münasibətlərində təkamülə səbəb olur. Bu təkamülün mənfi və müsbət olması isə bizim əlimizdədir. Bizim valideynlərimiz texnologiyadan demək olar ki, uzaqda böyümüşdülər. Biz isə texnologiya ilə sonradan tanış olduq və bu artıq bizim həyatımızın bir parçasıdır, lakin yeni doğulan nəsil texnologiya dövrünün tam ortasına gəlib çıxır. Burada valideynlərin öhdəsinə böyük məsuliyyət düşür.

Həyatımızın bir parçası olan internet təəssüf ki, məlumatsız valideynlərin əlində uşaqlar üçün təhdidə çevrilir. Bir çox valideyn bu davranışların yanlış olduğunu bilsə də, uşaqları ilə aralarına ekran qoymağa davam edir. Övladlarınızla aranıza mavi ekranların girdiyini anlamağın bəzi yolları var.

1. Xüsusilə körpə dövrlərində ekran qarşısında oturdaraq, uşağın hərəkətlərini əngəlləməyə çalışmaq
6 aydan sonra uşaqlar yavaş-yavaş hərəkət etməyə başlayır və ətraflarını kəşf edirlər. Bu dövr valideynlər üçün yorucu ola bilir. Hələ təhlükənin nə olduğunu bilməyən uşaqlar zədə almasın deyə həmişə onların yanlarında olmaq lazımdır. Lakin bu vəziyyətdən sıxılan və ya başqa işlərlə məşğul olmaq istəyən valideynlər uşaqları sabit dursun deyə onları ekranlara məruz qoyur.

2. Uşaq yemək yesin deyə başını videolar ilə qatmaq
Uşaqlara və körpələrə yemək vermək bəzən işgəncə halını ala bilir. Amma diqqəti başqa yerdə olan uşaqlara yemək verərkən onlar nə yediklərinə diqqət etmirlər. Bu səbəblə də valideynlər uşaqların başlarını qatmaq üçün onlara videolar izlətdirirlər. Lakin belə rahata qaçmaq uşaqların internet asılılıqlarının ilk təməlini qoyur. Bunun əvəzinə uşağınızla əlaqə quraraq onlara yemək verməyə çalışmalısınız.

3. Telefon, planşet və kompüteri mükafat və ya cəza olaraq istifadə etmək
Uşaqlarına istədiklərini etdirmək istəyən valideynlər ekranları təhdid və ya mükafat kimi istifadə edirlər. “Yeməyini yeməsən, planşetinlə oynamayacaqsan!”, “Sakit dayansan evə gedəndə telefonu sənə verəcəm” kimi sözlər işlədirlər. Amma ekranlar uşaqların üzərində bu şəkildə istifadə olunmamalıdır. Çünki bu hal texnologiyanı uşaqların gözündə ucaldır və dəyərli bir şey halına gətirir.

4. Öz cihazlarına dəyməsinlər deyə uşaqlara telefon, planşet və ya kompüter almaq
Uşaqlar ilk dəfə ekranlarla valideynlərinin cihazları sayəsində tanış olurlar. Sonra isə valideynlərdən bu ekranları tələb etməyə başlayırlar. Öz cihazlarını uşaqlara vermək istəməyən valideynlər isə onlara öz oynaya biləcəkləri əlavə bir cihaz almaqda tapır çarəni. Texnologiya və internet asılılığının daha bir başlanğıcı!

5. Uşaq bir şey danışarkən onu diqqətlə dinləməmək və qısa cavablarla yola vermək
Bir çox valideyn telefon və kompüterlərinə elə fokuslanırlar ki, uşaqlarını diqqətsiz qoyurlar. Valideynin onlara diqqət etmək yerinə texnologiya cihazlarına diqqət etdiyini görən uşaqlar isə texnologiyanın onlardan daha dəyərli olduğunu düşünür. Bu hal uşaqlarda travmaya səbəb olur.

6. İnternetdən uzaq qalanda ağlayan uşaq
Uşaqlar hər istədiklərində internetdə vaxt keçirmək istəyirlər. Bəzi valideynlər isə bu vəziyyətə qarşı çıxmağa çalışsa da, uşaqlar ağlamağa başlayır. Və sonunda valideyn də mübarizə aparmağı dayandırır və öz qoyduğu qaydalara qarşı gələrək uşağı sussun deyə, telefonu onlara verir. Valideynlər öz qoyduqları qaydaları yıxdığı zaman uşaqların üzərində avtoriteti itirir və güvəni sarsıdırlar. Uşaqla valideyn arasındakı münasibət korlanır, uşaq deyilən sözlərə əməl etmir və ağlayaraq istədiyini əldə edəcəyini düşünür.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry