Amerika alimlərinin gəldikləri qənaətə görə, ətrafı insana hətta çəki, sağlamlıq, zənginlik, sosial durum və uzunömürlülük kimi parametrlərdə təsir göstərir. Bu, indiyədək ən uzun sürən sosial tədqiqatın gəldiyi əsas nəticədir. Professorlar Nikolas Kristakisin və Ceyms Faulerin apardıqları tədqiqatın nəticələri 2009-cu ildə işıq üzü görmüş “Bağlılar” kitabında yer almışdır. “New-York Times”ın yazdığına görə, həmin tədqiqat bütün dünyagörüşümüzü dəyişə bilər.
Nikolas Kristakis demişdir: ”Bu misilsiz kəşfə az qala səhv ucbatından gəlmişik. İnanmaq çətindir ki, seçim azadlığımız illüziyadır. İnsanlar, əslində, quş qatarından, yaxud öküz sürüsündən fərqlənmir. Nə üçün kökəldiyimizi soruşanda pis genlərimizdən gileylənir, siqareti nə üçün atdığımızı soruşanda, uşaqların qayğısına qaldığımızı bəhanə gətiririk. Biz, sadəcə, sürü instinkti ilə hərəkət edir, sosial təzahürlərə “yoluxuruq”.
Qeyd edək ki, bu təsir heç də həmişə zərərli olmur. Alimlər cəmiyyətdə xəstəliyin mənbəyini deyil, məlumatların ötürülməsi üçün güclü mexanizm – vəziyyətlərin keçiriciliyi mexanizmini aşkar etmişlər. Bircə neqativin qarşısını alan müsbət xəbərlərə geniş yol açmaq üçün bu mexanizmdən fərasətlə istifadə etmək qalır.
Kristakis və Fauler bir neçə sosial şəbəkəni yoxlayaraq aydınlaşdırmışlar ki, həmin şəbəkələrdə müsbət potensial mənfidən daha yaxşı yayılır. Əksər hallarda faydalı təsir zərərlini üstələyir. Öz xoşbəxtliyindən danışan adam yoldaşlarının bəxtiyar olmaları şansını 9% artırdığı halda, birinin bədbəxtliyi yoldaşlarının da rifahının 7% azalmasına gətirib çıxarır.
Alimlərin tədqiqatları cəmiyyətdə “yaxınını sev” prinsipinin bərqərar olduğu bir cəmiyyətin qurulmasını mümkün edir. Bir şərtlə ki, həmin prinsip insanların əksəriyyəti tərəfindən dəstəklənmiş olsun. Qalanları isə həmin prinsipə sadəcə “yoluxmuş” olacaqlar və biz zorakılığın və ədalətsizliyin olmadığı bir cəmiyyətdə yaşayacağıq.
Odur ki, hər zaman xoşbəxtliyimizdən danışıb bunu başqalarına da ötürə bilək. Xoşbəxtliklər hər kəsə… 🙂