Hayao Miyazaki Yaponiyanın ən məhşur anime yaradıcılarından biridir. Uzun müddət animasiya dünyasının içərisində olan Miyazaki, ən yaxın iş yoldaşı, Isao Takahata adlı dostu ilə birlikdə “Studio Ghibli” animasiya studiyasının yaradıcısıdır.

Miyazakinin hər animesinə baxdıqda daha çox uşaqlarda müşahidə olunan xəyal gücünün və bu təsəvvürlərin real həyata necə uyğunlaşdırıldığını çox gözəl hiss etmək olar. Ssenari və janrdan asılı olmayaraq animelərdə insana ilham verici faktorlar olduqca çoxdur.

Miyazakinin imzası olduğu hər bir animedə musiqilərin də çox böyük rolu var. Onun komandasına daxil olan və uzun illər birlikdə çalışdığı Joe Hisaishinin bəstələdiyi musiqilər insanı animelərə daha da bağlayır. Hansı səhnədə necə musiqinin səslənəcəyini çox yaxşı bilir və bu kimi səhnələr insana daha çox təsir edir. Animelərdən əlavə, onların musiqilərini də ayrıca dinləməyi tövsiyə edirəm.

Miyazakinin əsərlərində daha çox insanlara , onların yaratdığı təsirlərə və insan talelərinə daha çox önəm verilir. Bir birindən müxtəlif ssenarilərin olmasına baxmayaraq sonda ümumi mesajın məhz insanların öz əllərində olduqları seçimlərə və imkanlara aid olduğunu anlamaq olur.

Miyazaki, 50 ildən artıq bir zamanı yaradıcılığına həsr edərək 100-dən çox yapon animelərinə imza atmışdır. Məqaləmdə Hayao Miyazakinin ən çox bəyəndiyim animelərini sizinlə bölüşəcəm.

Miyazakinin xəyal dünyasına səyahət etməyə hazırsınız?

7. Princess Mononoke (1997) IMDb 8,4
Şahzadə Mononoke

Ətrafınızda lənətlənmiş insanların olduğuna və ya “lənətləndirilmək” kimi tük ürpədici ifadəyə inanırsınız ? Məncə çox da inanmırsınız. Amma Miyazaki animelərindəki qəhramanları “lənətlənmək” kimi imtahanla sınağa çəkir. Və sonda insanlığın əhatələndiyi müsbət duyğularla o lənətləri 1 saniyə içərisində yoxa çıxarır. Bəlkə də bizə inancın, sevginin, xoşbəxtliyin nə qədər güclü olduğunu göstərməyə çalışır. Anime bir az sıxıcı və yorucu olsa da, onun favori siyahımda olmağa layıq olduğunu düşündüm.

6. Howl’s Moving Castle (2004) IMDb 8,2
Haulun yeriyən qəsri

Miyazaki animelərində real dünyamızda var olmayan varlıqları daima ön planda tutur. Ruhlar, insanlarla söhbət edən yaratıqlar, lənətlər, yerinyən evlər və s. hər biri onun təxəyyülünün bəhrəsidir. Howl’s Moving Castle məhz həmin təxəyyülün meyvələrindən biridir. Howl’s Moving Castle cadugər tərəfindən lənətlənmiş gənc qız Sofi ilə yaraşıqlı cadugər Haulun anidən yollarının kəsişməsindən bəhs edir. Anime ilk baxışda çox qarışıq və anlamsız gələ bilər. Lakin təkrar bu filmi izləsəniz cizgilər daxilində gizlənən əsl sirri kəşf edəcəksiniz. Nifrətlə qarışdırılmayan saf sevginin nə olduğunu anlamaq üçün bu animeyə baxmağınız şiddətlə tövsiyə olunur.

5. The Secret World of Arrietty (2010) IMDb 7,7
Ariettinin sirli dünyası

Cırtdanların, liliputların olduğu çox film və cizgi filmlərə baxmışıq. Amma cırtdanlardan da kiçik olan, təxminən çəyirtkələr boyda (ağlıma gələn ilk həşərat) olan insanların dünyası məncə sizə də maraqlı gələcək. Arietti, çəyirtkə kimi qələmə verdiyimiz ailənin qızıdır. Yaşadıqları evdə ürək xəstəliyindən əziyyət çəkən gənc Sön ilə qarşılaşan Ariettinin həyatı tamamilə dəyişəcək. Bu filmə baxdıqdan sonra belə qərara gəldim ki, bizimlə yaşayan balaca varlıqları yəni, həşəratları heç vaxt öldürməyəcəm, hətta onlar mənə zərər versə belə. Bu animedən sonra məncə siz də mənim tam olaraq nə demək istədiyimi anlayacaqsınız.

4. My Neighbor Totoro (1988) IMDb 8,3
Qonşum Totoro

1988-ci ildə yayımlanan bu anime, xəstə olan analarına daha yaxın olmaq istəyən Mei və Satsukinin həyat hekayələrindən bəhs etməkdədir. Bu animedə Totoronu sevəcəyinizə əminəm. Füsunkar təbiət, acgöz olmayan insanlar və Miyazakinin xəyal dünyası. Bu üçlüyü eyni anda təsəvvür edə bilirsiniz? Etmirsinizsə, düşünmədən animeyə baxmağa hazırlaşın.

3. Spirited Away (2001) IMDb 8,6
Ruhlarla sovrulanlar

Spirited Away filminə ilk dəfə baxanda “Bu nə idi belə?” deyə düşündüm. Uzun illərdən sonra Miyazakinin digər animelərini də izlədikdən sonra bu animeyə yenidən geri döndüm və “bu nə möhtəşəm bir şey imiş” dedim. Çünki animelərin əksəriyyəti Miyazakinin xəyal dünyası ilə rəngləndiyi üçün və insan cildinə gizlənən qəribə varlıqlar və ruhlarla əhatələndiyi üçün ilk baxışda tam anlam verə bilmirsən. Chihiro adlı balaca qızcığaz tam da başına gələn hadisələrlə birlikdə həyatı dərk edərək, daxilən böyüyür. Çünki qısa müddətlik də olsa, valideynlərini itirir və tək başına ruhlar aləminə səyahət edir.

2. From Up on Poppy Hill (2011) IMDb 7,4
Kokuriko yamaclarından

Biri sizə sevdiyiniz oğlan barədə “O, sənin qardaşındır!” desə idi, nə cavab verərdiniz? Əminəm ki, indi tükləriniz biz-biz oldu və qulağınızı çəkib bir yerlərə taqqıldatdınız. Sualın cavabını öz-özünüzə düşünməkdənsə, animeyə baxın. 2 gəncin sevgisi və yaşadıqları sizi heyran edəcək. Animedəki evlər, küçələr, dəniz, yaşlı təbiət sizin xəyallarınızın yeni məkanı olacaqdır.

1. Wind Rises (2013) IMDb 7,8
Külək yüksəlir

Sırada, mənim üçün Miyazakinin zirvə filmi olan Wind Rises var. Uşaqlıqdan səmalarda uçmağı arzu edən Jiro və xəstəlikdən əziyyət çəkən gənc qız Naoko. II Dünya müharibəsi, 2 gəncin sevgi hekayəsi və küləklə yüksələn Jironun xəyalları. Bu anime haqqında çox yazmayacam. Əgər Miyazaki və onun animeləri ilə ilk dəfə tanışsınızsa, bu məqaləmi oxuduqdan sonra ilk bu film ilə onun xəyal dünyasına səyahət edin.

Mənbə