Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin ən azı 4 faizi hepatit C virusuna yoluxub. Ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən çox sayda insanlar var. 1989-cu ildən artıq Azərbaycanda virusun müayinəsinə başlanılsa da, rəsmi qeydiyyatı 2001-ci ildən aparılmağa başlanıb. Müxtəlif regionlarda virusun müxtəlif genotipləri (hepatit A, B, C) yayılıb.

Düşünürəm ki, Hepatit C virusu ilə bağlı geniş məlumat oxucularımız üçün də maraqlı olardı. Uzun illər həkimlər bunu “nə “A”, nə də “B” virusu” kimi adlandırıblar. Sonralar C hepatiti virusunun strukturu, genetikası, fəaliyyət mexanizmləri öyrənilib. Virusun genetiplərinin öyrənilməsinin əhəmiyyəti ondadır ki, müxtəlif regionlarda virusun genotipləri müxtəlifdir. Bunlar da infeksiyanın ağırlıq dərəcəsinə, müalicəyə həssas olmasına görə fərqlənirlər.

Bu xəstəlik qaraciyərin xəstəliyidir. Törədicisi qan tərkibli çox dəyişkən virusdur. Tez bir zamanda öz formasını və genotipini dəyişdiyinə görə diaqnostikada və müalicədə müəyyən problemlər yaradır. Bu dəyişkən xassəsinə görə onun diaqnostik aparatlar vasitəsi ilə təyin edilməsi və müalicə dərmanları çox bahalıdır, eyni zamanda uzun müddətlidir. Bu gün hepatit C virusunun müalicəsi çox baha başa gəlir. Bu həqiqətən çoxlarının imkanı xaricində olan bir məsələdir. Xəstəliyin müalicəsi üçün istifadə olunan peqintron və rubavirin preparatları doğrudan da çox bahadır. Müalicənin fasiləsiz aparıldığını və əhalinin bu günki maddi sosial durumunu nəzərə alsaq, xəstəliyin insanın mənəviyyatında həm maddi, həm də xəstəlik baxımından onlara nə qədər psixi təsir etdiyini duymuş olarıq. Xəstəliyin müalicəsində yaranmış problemi aradan götürmək və qismən qarşısını almaq məqsədilə xəstələrin pulsuz müalicəsi ilə bağlı qərar qəbul edilsə, çox yaxşı olar. Və ya yeni ucuz dərman preparatı icad edilsəydi, bir balaca rahatlıq əldə oluna bilərdi. Çox təəssüf ki, bizdən uzaqlarda, xarici ölkələrdə bu xəstəliyin müalicəsi pulsuzdur. Yeri gəlmişkən qeyd edim ki, bəzi xəstəxana və özəl laboratoriyalarda xəstə gələn kimi diaqnozu dəqiqləşdirmədən ona zəncirvari polimeraza reaksiyası (diaqnoz qoymaq üçün) təşkil edirlər. Çünki onun qiyməti 100 dollardan bahadır. Bəzi həkimlər xəstələrdən pul qazanmaq məqsədi ilə bunu edir və kor-koranə müalicəyə başlayırlar. Bu nə insanlıq, nə də xəstəlik baxımından düzgün deyil. Belə müalicənin heç bir mənası yoxdur. Odur ki, laboratoriyalarda bəzən xəstə olmayan insanlara hepatit C virusu diaqnozu qoyub onları vahiməyə salırlar. Bəzən elə xəstələr olur ki, bu yalana inanıb uzun müddət müalicə də olunur. Ona görə də bütün hallarda oxuculara ehtiyatlı olmağı tövsiyə edirəm. Bir də diqqətinizə catdırım ki, bu xəstəliklə bağlı ümidsizliyə qapılmaq olmaz. Çünki virusun daşıyıcısı olanların həyatı üçün elə də bir təhlükə yoxdur. Yox əgər bu virusa yoluxmuş xəstədirsə, onda onun qaraciyərinin ciddi zədələnməsinə qarşı müalicə metodu seçilməlidir.

Hepatit C gizli şəkildə insan orqanizmində illərlə yaşayır. Virusun fəaliyyəti nəticəsində qaraciyərin hüceyrələri dağılaraq məhv olur. Bu xəstəliyə bəzən gizli düşmən də deyirlər. Xəstəliyə yoluxmuş insan heç bir ağrıdan şikayət etmir. Xəstəlik özünü büruzə vermədiyindən bunu sezmək çox çətindir. Amma illər keçəndən sonra hepatit C virusuna yoluxmuş şəxsin gözlərinin içi saralır, ağzı acı olur. Sağ qabırğa altında narahatlıq hiss olunur. Qarnında ağrılarla müşayiət olunan halsızlıq özünü göstərir. Bütün günü canında bir narahatlıq olur. Buna səbəb də vətəndaşların adi əzginliyə, halsızlığa, uzun müddətli qripəoxşar burundan su gəlməsinə ciddi əhəməyyət verməməsilə bağlıdır. Sonradan tamam başqa bir mənzərə, yəni tamam başqa bir xəstəliklə müalicəyə müraciət etdiyi zaman xroniki hepatiti olan xəstələrdə müşahidə olunur ki, xəstə artıq bu virusa yoluxub.

Belə ki, qan köçürülmüş və hepatitə yoluxmuş xəstələrin 90 faizi C hepatitinə aid olurlar.

Bütün dünyada hemofiliyalı və talassimiyalı xəstələrdə qanköçürmə vasitəsilə yoluxmuş hepatitlərin 60-70 faizini, yəni əhalinin ümumi rastgəlmə tezliyi az olsa da, hepatitli xəstələrin arasında 70-90 faizini C hepatiti təşkil edir. Bu, Azərbaycanda da belədir. Lakin ölkədə C hepatiti virusunun hansı genotipinin daha çox yayılması haqqında məlumatlar yayılmayıb. C hepatiti virusunun ayrı-ayrı genotiplərinin əhali arasında yayılması da fərqlidir. Virusun genotiplərinin sayı 6-dan çoxdur. Lakin bunların da hərəsinin 2 və ya 3 subtipi var. C hepatitinə qarşı antigenləri olan qan donorları və hamilə qadınlar əhalinin 1-5 faizini əhatə edir. Yəni qadınlarda doğuş, abort zamanı steirlizə olunmamış tibbi alətlərdən istifadə(bu məqamda bəzi həkimlərin məsuliyyətsizliyini də xatırlamaq yerinə düşərdi. Red) və donorların qanının düzgün aparılmayan analizı bu virusun daşıyıcılarının sayını günbəgün artırır. Donor qan, xəstə qanı ilə çirklənmiş alətlər yoluxmaya səbəb olur. Bu xəstəlik əksərən qanköçürmə vasitəsilə yayılır. Qeyd etdiyim kimi virus yalnız xəstələrin qanında olur. Qandan kənarda bu virus yaşaya bilmir. Ona görə də virusun birindən başqasına keçməsinin əsas yolu yoluxmuş insanın qanı ilə təmasda olmaq, viruslu xəstənin qan və qan preparatlarının sağlam şəxsin qanına daxil olmasıdır. Yəni qan köçürmə, xəstə qanı ilə çirklənmiş alətlərdən istifadə olunması, stomatoloji alətlər, sterilizə olunmamış cərrahi alətlər və sair bu qəbildəndir. Bu virus cinsi yolla da birindən başqasına çox nadir hallarda keçə bilir. Hətta hepatit C-yə yoluxmuş anadan, təzəcə doğulmuş körpəyə də keçmə ehtimalı var. Diş fırçası, qayçı, tatuirovkadan da, gözəllik salonlarında manikür, pedikürlə də yoluxma mümkündür. C hepatiti virusu müsbət 60 dərəcə temperaturda 30 dəqiqəyə, 100 dərəcə temperatura da isə 2 dəqiqəyə tələf olur.

Bu xəstəliklə mübarizədə də əsas məsələ diaqnozun təyin olunmasıdır. Hazırda C hepatiti virusunun antigenini təyin etmək üçün metod yoxdur. Ona gürə də bu virusun antigeninə qarşı yaranan antigenləri təyin edirlər.

Ümumi ferment analizi vasitəsilə alınan cavab sonra rekombinat immunablot analiz ilə, yəni qanda virusun olub-olmaması ilə təsdiq olunur. Bu virusa qarşı antigenləri aşkar etmək üçün ən həssas metod donor qanının yoxlanılmasıdır. Bu müayinə artıq yüz faiz zəmanət verir. Lakin əgər şəxsdə immun çatışmazlığı varsa və əgər yoluxmadan azı 6 ay keçibsə, bu testdə də antigeni müəyyən etmək mümkün deyil. İmmun çatışmazlığı dedikdə biz xəstənin ümumi vəziyyətini nəzərdə tuturuq. Ola bilər ki, xəstə başqa xroniki xəstəliklərdən əziyyət çəkir. Düzgün qidalana bilmir. Və ya qidası çox zəifdir. Belə hallarda daha dəqiq metoddan istifadə olunur. Zəncirvari polimeraza reaksiyası virus genomunun DNT ardıcıllıqlarını klonlaşdıraraq təyin etməyə imkan verir. Onu kliniki olaraq müayinə etdikdən sonra qaraciyər funksional testlərini (ALT, ACT, bilirubin) yoxlanılmalıdır. Yoxlamadan sonra immunoferment analizlə hepatit C virusuna qarşı xəstədə antitellərin olub-olmaması nəzarətə götürülməlidir və yalnız bundan sonra xəstədəki virus zəncirvari polimeraza reaksiyası diaqnozu ilə təsdiq edilə bilər. C Hepatitinin birdəfəlik müalicəsi barədə qəti olaraq– mümkündür- demək doğru deyildir. Bu virusa yoluxmuş xəstə müalicə olunsa da , olunmasa da o, ömrü boyu bu virusla baş-başa yaşayacaq. Sadəcə bu virusun daşıyıcıları ömrü boyu yağlı, duzlu-istiotlu, bir sözlə kəskin qidalardan, spirtli içkilərdən, narkotikdən, siqaretdən imtina etməlidir. Gündəlik qida rasionunun meyvə-tərəvəz, təzə balıq, mal əti, ağartı və sair vitamin tərkibinin zəngin olmasına fikir verilməlidir. Hepatit C gizli şəkildə insan orqanizmində illərlə yaşasa, sonda bu xəstəılik qaraciyər sirrozu ilə nəticələnə bilir. Amma nadir hallarda bu virus qaraciyər xərçənginə gətirib çıxarır. Xəstəliyin ilkin dövründə bundan xəbərsiz olan əksəriyyət, qanında gəzdirdiyi bu virusdan başqa bir xəstəlik üçün qan analizi verəndə xəbər tutur. Hepatit C virusuna qarşı peyvənd hələ ki, yoxdur. Hesab edirəm ki, tibb elmində baş verən inkişaf yaxın zamanlarda bu xəstəliyə qarşı tutarlı nəticələr əldə edəcəkdir. Amma bu gün hər kəs bu təhlükəli virusa yoluxmadan özünü qorumalıdır. Elementar gigiyena qaydalarına əməl etmək vacibdir. Əgər əlinizdə cızıq, yara varsa, o zaman qanla təmasda olmayın. Başqasının diş fırçasından, ülgücündən istifadə etməyin. Xanımlar salonlarda ümumi pedikür, manikür alətlərindən istifadə edərkən ehtiyatlı olsunlar. Heç vaxt ümidsizliyə qapılmayın, özünüzü və yaxınlarınızı qoruyun. Dərd varsa, dərman da var.