NARA – Yaponiyanın Kansay regionunda yerləşən Nara prefekturasının paytaxt şəhəridir. Nara Yaponiyanın qədim şəhərlərindən biridir, 710-784-cü illərdə Yaponiyanın paytaxtı olub. Buna görə də həmin illər Yaponiya tarixində Nara dövrü kimi tanınır. Şəhərin etimologiyası ilə bağlı bir çox nəzəriyyə mövcuddur. Lakin ən çox qəbul olunan nəzəriyyə standart yapon dilində olmayan, lakin Çuqoku və Şikoku regionlarının yerli dialektlərində “düz yer” mənasını verən “naru” sözündən yaranmasıdır. Şəhərin coğrafiyası da bu nəzəriyyəyə uyğun gəlir.

11 mart 708-ci ildə İmperatriça Qenmey sarayın yeni paytaxta – Naraya köçürülməsini əmr etmişdir və 710-cu ildə Yaponiyanın ilk daimi paytaxtı olmuşdur. Lakin o dövrdə şəhər Nara yox, Heykyo adlanırdı. Maraqlıdır ki, Nara Yaponiyanın ilk paytaxtı olsa da, 1 fevral 1898-ci ilə kimi rəsmi şəkildə şəhər statusu almamışdır. Nara siyasi mənada əhəmiyyətini itirsə də, tarixi abidələrinə və qədimiliyinə görə Yaponiyanın turistik şəhərlərindən biridir. 1998-ci ildə YUNESKO tərəfindən Nara şəhəri Dünya irsi siyahısına da salınmışdır.

Biz isə hazırda Nara şəhərinin əsas görməli məkanlarını nəzərinizə çatdıracayıq:

TODACİ MƏBƏDİ – Yaponiyanın ən məşhur məbədlərindən və Naranın ən görməli məbədlərindən biridir. 752-ci ildə buddist məbədi kimi tikilmişdir. 784-cü ildə paytaxtın Naqaokaya köçürülməsindən sonra əhəmiyyətini itirməyə başlamışdır. Məbədddə 15 metr hündürlüyündə Budda heykəli yerləşir. 2011-ci ildə məbəddə eyniadlı muzey də açılıb.


HORYUCİ MƏBƏDİ – 607-ci ildə şahzadə Şotoku tərəfindən tikilmişdir. O, buddizmin Yaponiyadakı ilk təbliğatçılarındandır. Horyuci ölkənin ən qədim məbədlərindən biridir və burada ölkənin ən qədim taxta strukturları yerləşir. 1993-cü ildə YUNESKO tərəfindən Dünya irsi statusu almışdır. Bir neçə dəfə restorasiya edilmişdir.


İSUYEN BAĞI – Naranın ən məşhur mənzərəli bağıdır. Todaci məbədinin Nandaymon darvazası və Vakakusayama dağı burada yerləşir. “İsuyen” yaponca “su üzərində bağ” deməkdir. Bağ Yoşikiqava çayının sahilində yerləşir. Çayın o biri tərəfində isə Yoşikien bağı yerləşir. Bağ iki hissədən ibarətdir.


KASUQA TAYŞA – Naranın ən çox ziyarət edilən şinto səcdəgahıdır. Şəhərin paytaxt olduğu dövrdə tikilib və şəhəri qorumaqdan məsul olan ilaha həsr edilib. Səcdəgah Yaponiyanın ən güclü ailələrindən olan Fucivara ailəsinə məxsus olub. Burada 250 bitki növü olan bağ və muzey də var.


NARA PARKI – Naranın mərkəzində yerləşən böyük ictimai parkdır. 1880-ci ildə salınıb, Todaci məbədi, Kasuqa Tayşa və Nara Milli Muzeyi burada yerləşir. Parkın maraqlı xüsusiyyəti burada yüzlərlə vəhşi maralın olmasıdır. Buna görə də marallar Naranın simvollarından birinə çevrilib. Parkda maralları bəsləmək, onlara toxunmaq olar.


TOŞODAYCİ MƏBƏDİ – 759-cu ildə imperator tərəfindən buddizmi yaymaq üçün çağırılan çinli rahib Qancin tərəfindən qurulub. Nara İmperiya Sarayı bu məbəddə yerləşirdi.


YAKUŞİCİ MƏBƏDİ – VII əsrə imperator Tenmu tərəfindən arvadının sağalması üçün tikilib. Yaponiyanın ilk məbədlərindən olan Yakuşici çox simmetrik quruluşa malikdir. İki paqodalıdır. 1970-ci ildə yanğından sonra əsas məbəd yenidən tikilib.


NARA MİLLİ MUZEYİ – Nara parkında yerləşən incəsənət muzeyidir, əsasən Buddist incəsənətinə həsr olunub. 1889-cu ildə tikilib və orijinal bina dəyişməyib, sadəcə yeni bir korpus əlavə olunub. Burada rəsmlər, heykəllər, əlyazmalar, mərasimə aid əşyalar sərgilənir.


KOFUKUCİ MƏBƏDİ – Fucivara ailəsinə məxsus məbəd olmuşdur. 710-cu ildə tikilib. Məbəd 150 tikilidən ibarət idi. Burada tarixi əhəmiyyətli 5 və 3 mərtəbəli paqodalar yerləşir. Kofukucinin paqodası Naranın simvoludur, 730-cu ildə tikilib, sonuncu dəfə 1426-cı ildə bərpa edilib. Mərkəzi qızıl zal 300 il əvvəl yanğında məhv olub və yenidən tikilib. Şərqi qızıl zalda isə budda heykəli yerləşir. Məbəddə Milli Xəzinə Muzeyi də yerləşir.


HEYCO SARAYI – Naranın paytaxt olduğu dövrdə imperatorun iqamətgahı və saray burada yerləşir. Saray 1 kilometrlik radiusu əhatə edir. YUNESKO-nun Dünya irsi siyahısındadır. Lakin orijinal tikili məhv olub, çünki 784-cü ildə paytaxtın köçürülməsindən sonra saray tərk edilib və ərazi düyü yetişdirilməsi üçün istifadə olunub. Son illərdə isə saray sadəcə rekonstruksiya olunub.


YOŞİKİEN BAĞI – Naranın mərkəzində yerləşir. Yoşikiqava çayının sahilində yerləşir. Kofukuci məbədinin rahiblərinin əvvəllər yaşadıqları yerdə salınıb. Burada üç əsas məkan yerləşir: gölməçə bağı, yosun bağı və çay mərasimi bağı. Çayın qarşı tərəfindən İsuyen bağı yerləşir.


NARAMAÇİ – Naranın qədim ticarət rayonudur. Buradakı ənənəvi stildəki tikililər və anbar qorunub saxlanılıb və ictimaiyyətə açıqdır. Muzeylər, restoranlar, kafelər, dükanlar rayonun dar küçələrində yerləşir. Buradakı tikililərin çoxu Edo dövrünə aid olan maçiyalardır. (həm dükan, həm yaşayış yeri kimi istifadə olunan tikili). Hazırda bəzi maçiyalar muzeyə çevrilib. Rayonda Qanqoci məbədi, Koşi-no-İe binası, Haruşika sake dükanı kimi görməli yerlər yerləşir.