Günəşin şəfəqlərini barmaqlarının ucuna qədər hiss et…
Saçların rüzgarla rəqs etsin
Göy üzünə bax, sonsuzluğu gör
Ürəyinlə gülümsə,
Gözlərində əks olunsun gözəlliyin
Özünü bütünlüklə qəbul et!
İndi tanıdın?
Sən sevginin özüsən..

Bəzən yollar çıxır qarşına. O yolları getmək lazımdır. Hara aparacağı önəmli deyil, önəmli olan getməkdir. Hər yolun bir sonu var və bu yolun sonunda da sən bir şeylər öyrənəcəksən.

Həyatımız da öyrənməkdən ibarət deyil mi? Ona görə qorxmadan irəliləmək lazımdır. Yolda gedərkən də sadəcə sonunu fikirləşib getməməlisən, qarşına çıxacaq olan maneələrdən, xoş surprizlərdən həzz almalısan.

Sadəcə düz yol getmək sıxıcıdır və sıxıcı olan heç bir şeyə layiq deyilik! Bəs görəsən bu yolu tək getmək lazımdır ya sevdiklərinlə? Bəzən tək gedəcəksən, bəzən sevdiklərinlə, bəzən də sevmədiklərinlə…

Hər bir gedişdə, hər bir yürüyüşdə yanında olanlar və ya olmayanlar, istəyib də olanlar, istməyib də olanlar sənə bir şeylər öyrədəcək.

Bəzən də tək qalacaqsan, çünki seçimin bu olacaq və ya tərk edilmiş olacaqsan. Tək savaşmaq məcburiyyətində qalacaqsan. Sonra biriləri gələcək və səni çox möhkəm qucaqlayacaq. Bununla da tərk edilmələrini, yol boyunca olan acı xatirələrini unudacaqsan.

Bütün istiliyi ilə qəlbini dolduracaq, bəlkə də həmişəlik həyatında qalacaq və ya çıxıb gedəcək. Bəlkə yenə darmadağın olacaqsan, bəlkə də ömrünün sonuna qədər sevgini, qayğını hiss edəcəksən, amma yenə də yola davam edəcəksən.

Bu yollar sən var olduqca qarşına çıxacaq. Hər addımda suallar yaranacaq beynində, suallara cavab axtaracaqsan, doğru insanlar axtaracaqsan yolunu getməyə. Bəzən də tapacaqsan, bəlkə də tapmayacaqsan. Sadəcə hər zaman unutmamaq lazım olduğun bir mövzu var: Bu yollar sənindir, onlar sonsuzdur və o yolları gedən əsas qəhrəman sən özünsən!