Köhnə dünyanın 3 qitəsindən biri olan Afrikanın etimologiyası hələ də bəzi tədqiqatçılar üçün mübahisə mövzusudur. Afrika sözünün mənşəyi ilə bağlı bir çox nəzəriyyə ortaya atılmışdır.

Ən çox qəbul olunan və ən populyar nəzəriyyəyə görə finikiya dilində “toz” mənasını verən “afar” sözündən yaranmasıdır. Həmçinin bu söz finikiya dilində “meyvələr ölkəsi” mənasını verən “friqi” və ya “farika” terminlərindən ortaya çıxa bilər. Finikiya dilində həmçinin “faraqa” və “faraq” sözləri “ayrılıq” və ya “diaspora” mənalarını verir.

Afrika sözünün Qərbdə populyarlaşmasına romalılar səbəbkar olmuşdurlar. Onlar qitənin şimalına “Afri torpağı” adı vermişdilər. Tarixçilərə görə onlar bu sözü karfagenlilərdən götürmüşdülər. “ika” suffiksi isə “torpaq” mənasındadır. Digər nəzəriyyəyə görə isə qitə romalı general Skisipio Afrikanusun şərəfinə adlandırılıb. Lakin generalın qitənin şərəfinə adlandırıldığı daha çox qəbul olunur. Latın dilində “aprika” sözünün “günəşli” mənasında olması da diqqət çəkir.

Tarixçi Leo Afrikanus (1495-1554) Afrika sözünün mənşəyini yunan dilindəki “aprike” və ya “afrike” sözləri ilə əlaqələndirmişdir. “Frike” yunanca “qorxu və soyuq” deməkdir. Ona -a suffiksi əlavə olunanda “qorxu və soyuq ölkəsi” mənası ortaya çıxır.

I əsrdə yəhudi tarixçi Flavius İosefusa görə isə qitə Bibliyaya görə törəmələri Liviyanı işğal etmiş Abrahamın nəvəsi Eferin şərəfinə adlandırılıb. Qitənin yəhudi dilindəki adı olan “Aufira” bəzi yəhudi mənbələrində “Ofir” kimi yazılır.

Bəziləri isə Afrika sözünü müasir Tunisdə mövcud olmuş İfriqiya (“günəşli yer”) müsəlman krallığı ilə əlaqələndirirlər. Lakin tarixçilərə görə ərəb versiya elə latın dilindəki “aprika” sözündən törəmişdir.

Başqa nəzəriyyəyə görə isə söz sanskrit və hind dillərində qərbi göstərmək üçün istifadə olunan “apara” və ya “afrika” coğrafi terminlərindən yaranmışdır. Belə ki, Afrika Hindistanın qərb tərəfində qalır.

Bir nəzəriyyəyə görə isə qitə e.ə. II minillikdə Şimali Afrikanı işğal edən və Afrikya şəhərini quran yəmən şefi Afrikusa görə adlandırılıb.

Bəzi tarixçilər isə inanırlar ki, romalılar qitənin şimalında yaşayan bərbər tayfalarının dilindəki “ifri” (mağara) sözündən Afrika terminini ortaya çıxarıblar. Belə ki, bərbərlər həmin regionun mağaralarının sakinləri idilər.

Bəzi tarixçilərə görə isə Afrika sözü Misir mənşəlidir və tarixçi İvan Van Sertimaya görə “Af-rui-ka” “doğum yeri” deməkdir. Həmçinin 4-cü sülalənin fironu olmuş Xafrenin adı ilə də bağlı nəzəriyyə mövcuddur.