Bəzən səni dinəyən hər kəs dinləyər, gedər. Deyə biləcəyin hər şey deyilib, tükənər. Edə biləcəyin hər şeyi edərsən, amma yenə də rahatlamarsan. Bu zaman insanın köməyinə elə bir şey gələr ki, sənə ifadə olunmaz hislər bəxş edər. Göz yaşları!

Göz yaşları özündə təkcə kədəri yox, həm də sevinci təcəssüm etdirir. İnsan hər hansı bəd hadisədən də, sevincdən də hislərinə hakim ola biməyib kövrələ bilər. Bundan əlavə göz yaşının ruhla əlaqəli psixoliji əlamətləri ilə yanaşı, bioloji, bədənlə əlaqəli tərəfləri də var. Bəs siz heç düşünmüsünüzmü göz yaşları nədən qaynaqlanır?

Göz yaş sistemini diqqətlə incələdikdə ondakı mükəmməllik daha yaxşı nəzərə çarpır. Bu təkcə gözdən axıb yanağa süzülən maye deyil. Göz yaşı istehsal sistemi 3 təbəqədən ibarətdir : 1. Lipid (yağ) təbəqə. 2. Ağ öz (maye) təbəqə 3. Musin.  Bu təbəqələrin hər hansı birində meydana gələ biləcək bir əskiklik kornea (gözün şəffaf təbəqəsində) və konjonktiva (gözün xaricini əhatə edən pərdə quruluşu) təbəqəsində gözün itirilməsi də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.

Göz yaşlarının tibbi cəhətdən insana çox xeyri var. Alimlər sübut edirlər ki, çox nadir hallarda ağlayan insanlar mədə xorası, bağırsaq xəstəliklərindən əziyyət çəkirlər və onların uzunömürlü olma ehtimalı azdır. Artıq təsdiqlənib ki, insan ağlayarkən onun göz yaşları orqanizmindəki bütün zərərli maddələri özü ilə birgə xaric edir, amma maraqlı bir nüans var. Ağlamaq deyəndə bütün günü hönkür-hönkür ağlamaqdan söhbət getmir. Məsələ sakit şəkildə göz yaşları axıtmaqdadır. Alimlər bunu da nəzərə çatdırırlar ki, ağlamaqdan utanıb çəkinərək göz yaşlarını məcbur sıxıb saxlamaq bir sıra ciddi xəstəliklərin meydana gəlməsinə gətirib çıxarır. Göz yaşları bədəndə zərərli maddələrlə yanaşı, stres stimulyatorlarını xaric edir.

Statistika komitələrinin açıqlamalarına əsasən, qadınlar kişilərə nisbətdə daha uzunömürlü olurlar. Bunun gizli səbəblərindən biri də elə ağlamaqdır. Ağlamayaraq güclü olduğunu düşünən kişilər xəbərsizdirlər ki, onları güclü edən elə məhz göz yaşlarıdır. İnsan dünyada kimdən gizlənsə də, özündən gizlənə bilmir. Kimi aldatsa da, özünü aldada bilmir. Ona görə bəzən hər kəsdən uzaqlaşıb, özünüzlə bir yerdə oturub ağlayın.

Sonda isə bir istəyimiz ola bilər. Göz yaşlarınız sevincdən olsun!