Avakado artıq bizlərin də qida vərdişinə çevrilir. Çox xeyirli olduğunu da bilirik. Bəs toxumundan da fərqli məqsədlər üçün istifadə edə biləcəyimizdən xəbəriniz var mı? Zərərverici mikroorqanizmləri neytrallaşdırmaq üçün çox xeyirlidir, kalsium, maqnezium və vitamin C ilə zəngindir. Həm də zülal ilə zəngindir.
İstifadə etmədən öncə toxumun qəhvəyi qabığını təmizləyib, 2 saata yaxın qaynadırıq. Daha sonra sürtgəcdən keçirib, müxtəlif reseptlərdə istifadə edə bilərik.
Hə, indi isə keçək əsas məsələyə: Əla reseptlərlə qarşınızdayıq!
Avakado toxumu kosmetik vasitələrdə:
Antibakterial təsirə malik olduğu üçün akne problemlərinin müalicəsində, yağlı və kəpəkli saçların təmizlənməsində çox istifadə olunur. Ümumiyyətlə sağlam saçlara və gözəl dəriyə sahib olmaq istəyirsinizsə, mütləq bu reseptlərdən istifadə edin!
Skrab: 100qr üyüdülmüş qəhvə, 50qr dəniz duzu və 1 ədəd avakado toxumu tozunu qarışdırıb, dərinizə çəkin. Bu, dərini təmizləyir.
Quruducu krem: ilıq qaynadılmış su ilə 1 ədəd avakado toxumu tozunu diş pastası halına gələcək şəkildə qarışdırın. Daha sonra aknelərin üstünə çəkib, 4-5 dəqiqə saxladıqdan sonra üzünüzü yuya bilərsiniz. Bu qarışım səpkiləri qurudacaq.
Üz maskası: Üz üçün olan ən sevdiyiniz gil ilə toxum tozunu qarışdırıb, bir az su əlavə edin. Üzünüzdə 15 dəqiqə saxlayın. İlıq su ilə yuyub, nəmləndirici krem çəkin. Dəriniz daha gözəl parlayacaq.
Parlaq saçlar üçün: 1 ədəd avakado toxumu tozunu 4 stəkan su ilə az 30 dəqiqə qaynadın. Sonra süzərək, yuyulmuş saçınızı bu su ilə yaxalayın. Canlı saçlara sahib olacaqsınız.
Avakado toxumu yeməklərdə:
Əgər piylənmədən, təzyiq xəstəliklərindən əziyyət çəkirsinizsə bu sizə çox kömək olacaq. Qrip olduqda, həzm problemləri olduqda da bu möcüzəvi toxum köməyinizə çatacaq.
Salatda: İstədiyiniz salatın üzərinə duz kimi üyüdülmüş toxumdan tökə bilərsiniz. Ancaq tərəvəzlərlə qarışdırmağınızı tövsiyyə edərdim. Yumurta və ya ət də bu toz ilə dadlandırıla bilər.
Smoothie-də: 1 stəkan badam südü, 1 ədəd banan, ispanaq və bir çay qaşığı toxum tozunu əlavə edib, blenderdə qarışdırın. Bu tozu başqa sevdiyiniz smoothie-lərdə də istifadə edə bilərsiniz. Ancaq unutmayın ki, toxumun dadı bir az tünddür. Ona görə də mütləq şirin bir şeylə qarışdırmağınız lazımdır.
Şorbada: 1 ədəd orta ölçülü soğanı qızardıb, avakado püresi ilə qarışdırın. 2 stəkan tərəvəz suyu ilə bişirib, şorbanı blenderdən keçirin. Üzərinə toxum tozunu əlavə edib, nuş edə bilərsiniz.
Sağlamlığımızın qeydinə qalmaq üçün yediklərimizə mütləq fikir verməliyik, çünki yediyimiz bizik! İdmanı da unutmuruq! Hər birinizə bol enerji və sağlamlıq arzulayıram 🙂