İlin ən gözlənilən filmi Bohemian Rhapsody 1 noyabr tarixindən etibarən sinemalarda tamaşaçı kütləsinə təqdim olundu. Bəli, ən gözlənilən! Çünki filmin çəkiləcəyi barədə məlumat 2010-cu ildə Queen fanlarının diqqət mərkəzinə bomba kimi düşmüşdü. Sənədli film qrupun yaranması, şöhrət qazanması, qrup üzvlərin sevincləri, kədərləri və çətinlikləri barədə bəhs edir. Kiçik bir spoiler: hər kəs, canlı əfsanə Freddie Mercuryni layiqincə canlandıra bilməyəcək deyənlər belə, Rami Maleki ayaq üstə alqışlayacaq.

Təəssüratları altından çıxa bilməyəcəyiniz 2 saat 15 dəqiqəlik filmin ərsəyə gəlməsi haqqında ən maraqlı faktları Bildirchin.az sizin üçün bir araya topladı:

Sənədli film “Queen” qrupunun yaranmasından başlayaraq, 1985-ci ildə həyata keçən Live Aid konsertindəki şousuna qədər olan dövrü əhatə edir.

  • Film haqqında ilk dəfə 2010-cu ildə Brian May bəhs etmişdir, ancaq filmin çəkilişinə 2017-ci ilin sentyabr ayında start verilmişdir.

  • Freddie Mercury rolunu Sacha Baron Cohenin canlandıracağı nəzərdə tutulmuşdu. Aktyor hələ 2010-cu ildə təsdiq edilmişdi, ancaq Sacha Baron Cohen layihədən 2013-cü ildə ayrıldı. Buna səbəb isə aktyorun Queen üzvləri Brian Man və Rogar Taylor ilə arasındaki münaqişə olmuşdur.

  • Sacha Barondan sonra baş rol Ben Wishawa verildi, ancaq Ben 2014-cü ildə layihədən ayrıldı. Buna səbəb ssenari və layihə üzərində işin ləng getməsi olmuşdur. Son olaraq baş rol Misir əsilli amerikan aktyor Rumi Malekə verildi. Və nə yaxşı ki, verildi!

  • Ən maraqlısı isə nədir bilirsinizmi? Mr. Robot filmi ilə şöhrət qazanan Rami Malek Mercurynin musiqisini ifa etməsini videoçarxa almış və Queen qrupunun üzvlərinə göndərmişdi, ancaq musiqiçilər çarxı komputerə yükləyə bilmədikləri üçün ona baxa bilməmişdilər.

  • Rolunun öhdəsindən gəlmək üçün Rami Liza Minellinin 1972-ci ildə çəkilmiş Cabaret filmindəki çıxışlarına, Jimi Hendrixin, David Bowienin və Aretha Franklinin konsertlərinə baxırdı. Eyni artistlər canlı əfsanə Freddie Mercurynin də ilham mənbəyi olmuşdur. Bundan əlavə aktyor vokal və piano üzrə dərslər almışdır.

  • Çəkiliş zamanı aktyorların həqiqətən də musiqi alətlərində ifa etməsinə baxmayaraq bütün mahnılar fonoqramdır. “Another one bites the dust” mahnısı istisna olmaqla. Bu mahnını aktyorlar ifa etmişdir.

  • Filmdə Freddie Jim Hatton ilə öz evində tanış olur. Əslində isə onlar gecə klubunda tanış olmuşlar.

  • Bundan əlavə, filmdə qrupun yenidən bir araya gəlməsinin illər sonra baş tutması deyilsə də, Live Aid konserti münaqişədən bir neçə ay sonra həyata keçmişdir.

Əfsanə haqqında çəkilmiş film haqqında müxtəlif fikirlər səslənsə də kritiklər və filmi seyr edənlərin əksəriyyəti Rami Malekin uğurlu seçim olduğunu deyir və onun aktyorluğu önündə baş əyir. Bəs siz necə düşünürsünüz?

Qeyd: məqalə «Show must go on» musiqisinin sədaları altında yazılmışdır.


Bonus: “Live Aid” konsertindən “Queen” qrupunun orijinal tam versiya olan əfsanəvi çıxışı