Yanvar – bu ad latın sözü olan “januarius” sözündən götürülmüş və Roma allahı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası “Yanvar çayı” deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur.

Fevral – Yuli təqvimində 4 ildən bir, nömrəsi 4-ə bölünən illərdə fevral ayı 29 gün olurdu. Qriqori təqvimində də belədir, amma nömrəsi iki sıfırla qurtaran illər 400-ə bölünmürsə həmin illərdə fevral ayı 28 gün olur; nömrəsi iki sıfırla qurtaran illər istisna edilməklə, 4 oktyabr 1582 tarixdən sonrakı hər hansı ilin nömrəsi 4-ə qalıqsız bölünərsə, həmin ildə fevral ayı 29 gündən ibarət olur. Göstərilən tarixdən sonrakı nömrəsi iki sıfırla qurtaran illərdə isə, ilin nömrəsi 400-ə qalıqsız bölündükdə həmin ildə fevral ayı 29 gündən ibarət olur. Məsələn, 1900, 1800, 1700-cü illərdə fevral ayı 28, 1600 və 2000-ci illərdə isə fevral ayı 29 gündür. Eramızdan əvvəl I yüzillikdə Roma hökmdarı Yuli Sezar təqvimdəki qarışıqlığı aradan qaldırmağı tapşırır. O zamana qədər il 365 gün 6 saat hesablanırmış. Misirli astroloq Sosiginesin hesablaması ilə ilin 365 gün çəkməsi, hər ildən qalan 6 saatın isə təqvimə 4 ildən bir əlavə olunması qərara alınır. Beləliklə, il dörd ildən bir 366 gün çəkir. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, 6 ay isə 31 gün müəyyən edilir. Sezarın əmri ilə 365 gün çəkən illərin son ayından 1 gün çıxılır. O zaman ilin son ayı fevral olduğundan bu ay 4 ildən bir 30, digər illərdə isə 29 gün hesablanır. Sezar başqa bir əmri ilə aylardan birinə öz adını verir – iyul ayına. Sonradan imperator Oktavian Avqust da növbəti aya öz adını verir və o, avqustun iyuldan 1 gün az çəkməsini şəninə sığışdırmadığından fevraldan 1 gün kəsib avqusta calayır. O zamandan bəri fevral ayı 4 ildən bir 29, qalan illərdə isə 28 gün çəkir.

Mart – Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır.

Aprel – ingiliscəsi olan April sözünün latınca aprilis’dən gəldiyi rəvayət olunur. Klassik etimologiyaya görə, latınca aperire (açmaq) – ağacların çiçək açmağa başladığı mövsümü bildirir. Eynilə, müasir yunancada yaz mənasını verən ἁνοιξις (açmaq) ilə də dəstək tapmaqdadır.

May – adını qədim Roma allahı Mayyadan götürüb. “May” sözü (kilsə kitablarında Маiy yazılır) bəşəriyyətə Bizans İmperiyasından keçib.

İyun – ingiliscədən qarşılığı olan June, Yupiterin arvadı, Roma tanrısı Juno’dan gəlməkdədir.

İyul – Roma İmperatoru Yuli Sezara ithaf edilmiş, July adı verilmişdir. Daha əvvəllər, Mart ayından başlayan Roma təqvimində beşinci ay olduğu üçün latınca Quintilis (beşinci) olaraq adlandırılmışdır.

Avqust – əvvəllər bu ay “sekstili” adlanıb (latın dilindəki Sextilis — “altıncı”) və 29 gündən ibarət olub. Yuli Sezar Roma təqvimində islahatlar aparan zaman e.ə. 45-ci ildə daha iki günü bu aya əlavə edib və bununla da ona indiki görkəmini verib. Avqust ayı öz adını Roma imperatoru Oktavian Avqustdan alıb. Roma senatı e.ə. 8-ci ildə imperatorun həyatında xüsusilə xoşbəxt dövrü təşkil edən bu aya onun adını verib. Makrobinin sitat gətirdiyi Senatus consultum-a görə Oktavian, bir neçə möhtəşəm qələbəsi, o cümlədən Misirin fəth olunması bu aya təsadüf etdiyinə görə onu öz ayı seçib.

Sentyabr – ingiliscə qarşılığı olan “September”, latınca 7 mənasını verən “septem” dən gəlir. Sentyabr, M.Ö 153-cü ilə qədər, köhnə Roma təqvimində 7-ci ay idi.

Oktyabr – Qədim Roma təqvimində ilin səkkizinci ayı olmuş (latın dilində “səkkiz” mənasını verən octo sözündən), lakin təqvimə yanvar və fevral ayları əlavə edildikdən sonra da öz adını saxlamışdır. Qədim Romada təqvim ili mart ayında (müharibə allahı Marsın şərəfinə) başlayırdı. Oktyabr ayı Şimal yarımkürəsində payız, cənub yarımkürəsində isə yaz fəslinə təsadüf edir. Burada o, şimaldakı aprel ayının ekvivalentidir və əksinə. Qısa illərdə oktyabr və yanvar ayları həftənin eyni günündə başlayır. Uzun illərdə isə bu cür üst-üstə düşmə halı ümumiyyətlə olmur.

Noyabr – ingiliscə qarşılığı olan “November”, latınca 9 mənasını verən “Nove” dən gəlir. Aylara bölünməmiş qış müddəti, yanvar və fevral arasında bölünənə qədər köhnə Roma təqvimində noyabr ayı 9-cu ay idi.

Dekabr – ingiliscə qarşılığı olan “December”, latınca 10 mənasını verən “dece”dən gəlir. Aylara bölünməmiş qış mövsümü, yanvar və fevral arasında bölünənə qədər köhnə Roma təqvimində Dekabr ayı 10-cu ay idi.