Sevdiyiniz insanı itirmək – heç vaxt hazır ola bilməyəcəyimiz bir faciədir. Bu faciədən sonra ayağa qalxmaq heç də asan deyil. Bizi doğru yönləndirəcək və həyatımıza davam etməyə kömək edə biləcək filmlərin siyahısını hazırladıq.

Ghost

Filmin başlanğıcında acı heç nə yoxdur. İdeal bir cütlük şirin həyatını yaşayır. Onların həyatı qəfildən dəyişir: baş qəhrəman Sem dostunun maliyyə dələduzluğunun qurbanı olur və həyatını itirir. Onun sevgilisi Molli özünü çox bədbəxt hiss edir, ancaq Mollini xəbəri yoxdur ki, Semin ruhu onu tək qoymur.. Film gedişatında onların sevgisi haqqında daha çox təfərrüatı öyrənəcək, yaxşılığın pisliyə qalib gəldiyinin şahidi olacaq və cinaətkarların necə cəzalandırıldıqlarını görəcəksiniz.

Rabbit hole

Süjetin mərkəzində övladını yol qəzası nəticəsində itirmiş valideynləri görürük. Onlar psixoloji dəstək qruplarına qoşulur və var gücləri ilə bu faciəni unutmağa çalışırlar, ancaq evlilikləri xilas olunacaq kimi deyil. Bekki oğlunun ölümündə günahkar sayılan insanlardan biri ilə ünsiyyət qurmağa başlayır. O, Bekkiyə həyata başqa gözlə baxmağa kömək edir və onu oğlunun  başqa bir dünyada sağ olduğuna inandırır. Bekki əvvəlki həyatına geri dönür və həyat yoldaşı ilə münasibətini bərpa edir.

P.S. I love you

Kiçik bir evdə böyük xoşbəxtlik yaşayan bir cütlük görürük. Cerri ata olmaq istəyir, ancaq Holli karyerasını qurmaq fikrindədir. Bir müddət sonra Cerri xərçəng xəstəsi olduğunu öyrənir və vəfat edir. Holli isə depressiyaya düşür. Onu həyata bağlayan isə Cerrinin ölmədən öncə onun üçün yazdığı məktublar olur..

One day

Uzun müddət dostluq edən 2 insan 20 il sonra evlənmək istəyir, ancaq həyat onlara acımasız bir sürpriz hazırlamışdı: Emmanı maşın vurur. O, həyatını itirir, Dekster isə həyatının mənasını. Deksterins köməyinə uzun illər əvvəl həyat yoldaşını itirmiş atası gəlir. Müdrik kəlamları ilə o, Deksterə acısını həzm etməyə kömək edir.